Ucuz qiymətə kirayə ev götürmək istədi, pulu oğurlandı

Kirayə ev tutmaq istəyərkən dələduzların qurbanı ola bilərsiniz

Ötən ilin martında Elsevər Muradzadə təcili kirayə ev axtarışında idi. O, elan saytlarının birində Elmlər Akademiyası metrosuna yaxın, qiyməti nisbətən ucuz, iki otaqlı və yaxşı şəraitli evi bəyənib. Elanda yazılan nömrə ilə whatsapp üzərindən əlaqə saxlayıb, razılaşıb. Bir gün sonra elanı yerləşdirən şəxs ona yazır ki, müştəri çoxdur, əgər evi əldən vermək istəmirsə, əvvəlcədən onun kartına beh ödəsin.
Pulun ödənildiyi ilə bağlı qəbzin şəklini alandan sonra “Allah xeyir versin” yazan “ev sahibi” daha sonra Elsevərin telefon nömrəsini əngəlləyir. O, sosial şəbəkədə ev sahibinin yeni qurbanını görəndə bu aldatma üsulunun kütləvi olduğunu öyrənir.
Hadisə ilə bağlı polisə verdiyi izahatın üstündən 8 ay keçsə də, ona işin gedişi ilə bağlı heç bir məlumat verilməyib.
Evlərin kirayəsi, alqı-satqısı ilə məşğulan olan Şirazi İbişov deyir ki, vətəndaşlar aldanmamaq üçün öncə deyilən evə baş çəkməlidirlər.
Azərbaycan qanunvericiliyinə görə vətəndaşa vurulmuş ziyan 500 manatdan aşağıdırsa, bu İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə, xırda talamaya görə inzibati məsuliyyət yaradır. Bunu törətmiş şəxs yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə üç ayadək müddətə inzibati həbs oluna bilər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi  Elşad Hacıyev deyir ki, bu elanların verilməsi ölkə içərisində baş verdikdə şəxsləri müəyyənləşdirmək az vaxt aparır, amma digər ölkələr üzərindən online şəkildə bu oğurluq halları törədildikdə daha uzun zamana ehtiyac olur.
Elşad Hacıyev DİN-in mətbuat xidmətinin şöbə rəisi  
Elsevər Muradzadənin 8 aydır xəbər tuta bilmədiyi işi ilə bağlı DİN rəsmisi bildirib ki, araşdırma gedir, vətəndaşa bununla bağlı məlumat veriləcək.

Ana səhifəReportajUcuz qiymətə kirayə ev götürmək istədi, pulu oğurlandı