Tütünçü: İcra başçısı mənə əngəllər yaradır

Balakən sakini deyir, tütünçülüklə məşğul olmağa başladığı gündən başı qalmaqaldadır

Source:
Əhməd Bodulov
Əhməd Bodulov


Balakən sakini deyir, tütünçülüklə məşğul olmağa başladığı gündən başı qalmaqaldadır

“2016-cı ildə 2 hektar sahəmi tütünqarışıq şumlayıb yerində bugda, arpa əkdilər. Dedilər, başçının göstərişidir. Bu boyda əngəllərin qarşısında ötən il başqa yerdən sahə götürüb tütün əkdim, 14 ton 965 kq quru tütün təhvul verdim. Tütünçülüyə görə banklardan götürdüyüm kreditlərimi də qəpiyinəcən ödədim. Ancaq mən bu işə qol qoyan gündən yerli icra hakimiyyətinin başçısı məni bezdirmək üçün hər cür əngəl yaradır”.

Balakən rayon sakini Əhməd Bodulov birinci qrup gözdən əlildir. Təsərrüfatçıdır. 2 ildir ki, tütünçülüklə məşğul olur. Dediyinə görə, arada baramaçılığa da əl atıb, ancaq süni əngəllər üzündən o işin başını buraxmalı olub. Deyir, yerli icra orqanları onun fəaliyyətini əngəlləyir, təsərrüfatını inkişaf etdirməyə imkan vermir.



2 il əvvəl bir çağırışdan həvəslənib…

Əhməd Bodulov danışır ki, özünün tütünçülük təsərrüfatını 2 il əvvəl prezident İlham Əliyevin bu sahəni inkişaf etdirməklə bağlı çağırışından sonra yaradıb. İddiasına görə, rayonda tütünçülüyü inkişaf etdirən iki təsərrüfatçıdan biri kimi tanınır. Ancaq artıq təsərrüfatı qoruyub saxlamağa gücü yetmir:

“Əngəllərə baxmayaraq, 2016-cı ildə 96 ton göy tütün, ötən il 14 ton 965 kiloqram quru tütün təhvil verdim. Keçmiş kənd təsərrüfatı naziri mənim tütünçülük sahəmə mükafat da kəsmişdi. Ancaq bu mükafatı başqasının adına rəsmiləşdirdilər, mən kənarda qaldım. Deyirlər, sən kimsən ki, tütün əkirsən, bu işlə yalnız biz məşğul ola bilərik. Mənə əngəllər yaradan şəxsən icra başçısının özüdür. Adamlarını üstümə göndərir, təzyiqlər göstərir ki, bu işdən əl çəkim. Elə ötən il Gərəkli kəndindəki 2 hektar sahəmə traktor yeridib tütünqarışıq məhv elədilər, yerində arpa, buğda əkdilər”.



Məhsul götürə bilmir…

Təsərrüfatçı deyir, buna baxmayaraq, o, tütünçülükdən əl çəkməyib. Bakıya şikayətlərindən sonra ötən il ona rayonun Qullar kəndində 8 hektar sahə verilib. O da həmin sahədə tütün istehsalına başlayıb. Ancaq bu dəfə məhsul götürə bilmir:

“İndiyə kimi azı 50 ton tütün təhvil verməliydim. Ancaq vur-tut 5-6 ton yaş, 1 tondan bir az çox quru tütün vermişəm. Halbuki, bu, ən aşağı göstəricidən də aşağıdır. Səbəb odur ki, mənə suvarması çətin olan torpaq sahəsi verilib. Üstəlik də həmin sahəyə qəsdən mal-heyvan buraxılır. Sahəyə işləməyə gələn fəhlələrə 1-2 gün işləyəndən sonra təzyiqlər edilir, işlərini yarımçıq atıb gedirlər. Bir də görürsən məni də sahəyə yaxın buraxmırlar, öz tütünümə yaxın gedə bilmirəm. Tütünçülük işlərim yarımçıq qalıb. Açıq şəkildə deyirlər ki, sən bu işlə məşğul olma”.



Barama qurdları oğurlanıb

Əhməd Bodulov baramaçılıqla da məşğul olmaq istəyib. Ancaq bu sahədə də əngəllər olduğunu deyir:

“Axırıncı dəfə 160 qram barama qurdu götürdüm. 60 qrama 160 kiloqram, 100 qrama 120 kiloqram barama yetişdirib təhvil verdim. Bir gün xəbər tutdum ki, qurdlarımı da saxladığım yerdən oğurlayıblar. Saxta akt yazdılar, guya qurdlar xəstəlikdən tələf olub. Xəstə qurd barama sarımır, ancaq o qurdlar hamısı barama sarımışdı. Oğurlanan 160 qram qurddan mən minimum 400-420 kiloqram barama verməliydim. Bir sözlə, sözləri odur ki, bu rayonda öz çevrələrindən başqa heç kəs tütünçülüklə, baramaçılıqla məşğul ola bilməz”.

Əhməd Bodulov sonuncu dəfə tütün toxumu səpimi zamanı bankdan 15 min manat məbləğində krediti götürüb. Ancaq krediti necə qaytaracağını, bilmir. Deyir, bunun üçün zavoda ən azı 100-110 ton tütün təhvil verməlidir.



Rəsmi qurum: “Tütünçülüyə xüsusi diqqət var”

Balakən Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, ötən il prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq rayonda tütünçülük, baramaçılıq və fındıqçılıq təsərrüfatları yaradılıb. Təsərrüfatçılara bu sahəni genişləndirmək üçün həm icra hakimiyyəti, həm Suvarma İdarəsi, həm də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hər cür köməklik göstərilir. Əhməd Bodulova da rayonun Qullar kəndində tütünçülük təsərrüfatını saxlamaq və inkişaf etdirmək üçün hər cür köməklik göstərilir. Qeyd olunub ki, qurumun rəhbərliyi onu dəfələrlə qəbul edib, dinləyib və fəaliyyətinə dəstək üçün müvafiq addımlar atıb.

Ötən ilin avqustunda prezident İlham Əliyev “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bundan sonra ölkənin bir neçə bölgəsində genişmiqyaslı tütün əkini işləri həyata keçirilib. Prezindetin sərəncamında qeyd olunur ki, tütün istehsalçılarına güzəştli kreditlər verilməli, hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyən olunmalı, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalı, 2021-ci ilə qədər tütün əkini genişləndirilməlidir. Lakin bu sərəncamdan həvəslənərək tütünçülüklə məşğul olmağa başlayan təsərrüfatçılar sonradan problemlərlə qarşılaşıblar. Bəzi tütün istehsalçıları iddia edir ki, bölgələrdə bu sahələr də inhisara alınıb və necə deyərlər, hər “yoldan keçən” bu işlə məşğul ola bilməz.

Ana səhifəBölgəTütünçü: İcra başçısı mənə əngəllər yaradır