“Türmədə Nicatın şəxsi işinin üstünə “Prezident əleyhinə bloger” yazıblar”

Nicat İbrahim. Foto: Şəxsi “Facebook” səhifəsi

Həyat yoldaşı: “Həqiqəti gizlətmək üçün kamera görüntülərini ortaya qoymurlar”

Həbsdə olan ictimai fəal Nicat İbrahimə qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb. Bu barədə Meydan TV-yə onun vəkili Zibeydə Sadıqova məlumat verib. O bildirib ki, Nicat İbrahim sentyabrın 9-da həbs olunandan indiyədək Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham olunurdu. İstintaqın sonunda ittiham ağırlaşdırılaraq, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Bundan əlavə, ona Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə əlavə ittiham da verilib. Bu maddələrlə onu 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Nicat İbrahim Bəhmən Əliyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Özü isə bu ittihamı rədd edir və bildirir ki, 3-cü mikrorayon bazarının yaxınlığındakı yanacaqdoldurma məntəqəsinin yanında dayanıb, tanışını gözlədiyi vaxt, bir nəfər ona yaxınlaşıb, təhqir etməyə, vurmağa başlayıb. Ardınca yerə yıxılaraq qışqırıb, ətrafdan polislər çıxıb, onu tutub aparıblar.

Nicat İbrahim yanacaqdoldurma məntəqəsinin müşahidə kameralarındakı görüntülərin, həmçinin ətrafda olan “Təhlükəsiz Şəhər” kameralarının çəkilişlərinin alınmasını tələb edir.

Həyat yoldaşı Pərvin İbrahimova bildirir ki, həqiqəti gizlətmək üçün kamera görüntülərini ortaya qoymurlar:

“Görüntüləri bizə də vermirlər. Çünki o görüntülər sübut edəcək ki, Nicatı şərləyirlər”.

Dekabrın 7-də Nəsimi Rayon Polis İdarəsində zərərçəkmiş qismində tanınan Bəhmən Əliyevlə Nicat İbrahim arasında üzləşmə olub:

“97 kiloqram çəkisi olan Bəhmən Əliyev Nicatın üzünə durub ki, “məni sən vurmusan”.

Həyat yoldaşının sözlərinə görə, Nicat İbrahimin ilk dəfə gördüyü bıçaqdan “ekspertlər” onun əl izlərini “çıxarıblar”:

“Hər şeyi saxtalaşdırıblar. Nicat orada da deyib ki, əslində, “zərərçəkən mənəm, çünki o adam məni yumruqla vurub”. Kamera görüntülərini də təqdim etmirlər. Sözün əsl mənasında qanunsuzluğun pik həddidir bu. Bütün dövlət qurumlarına şikayətlər göndərmişəm, xeyri yoxdur. Türmədə Nicatın şəxsi işinin üstünə “Prezident əleyhinə bloger” yazıblar. Yəni özləri də başa düşsünlər ki, məsələ siyasidir”.

Bir neçə il əvvəl ağzını tikərək, polislərə qarşı etiraz aksiyası keçirən Nicat İbrahim 4 il əvvəl Prezidentə istefa tələbindən sonra koronavirusu yayma ittihamı ilə həbs olunmuşdu.

O, il yarım həbsdə saxlandıqdan sonra azadlığa buraxılmışdı.

Ana səhifəSiyasət“Türmədə Nicatın şəxsi işinin üstünə “Prezident əleyhinə bloger” yazıblar”