Türkiyənin Qaziantep şəhərinə 3 raket atılıb: 3 nəfərin öldüyü açıqlanıb

Mənbə: “ntv.com.tr”

6 nəfərin yaralandığı bildirilir

Türkiyənin Qaziantep şəhərinin Karkamış bölgəsinə atılan raketlər 3 nəfərin həyatını itirməsinə səbəb olub.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlamasında bildirib ki, həyatını itirənlərdən biri müəllim, digəri şagirddir.

Onun sözlərinə görə, hadisə nəticəsində 6 nəfər yaralanıb, onlardan da ikisinin vəziyyəti ağırdır.

Hadisə noyabrın 20-də, axşam saatlarında baş verib.

Bildirilir ki, Suriya ərazisindən Türkiyənin Qaziantep şəhəri istiqamətində 3 raket atılıb.

Raketlər orta məktəb və iki evə düşüb.

Daha birinin isə Karkamış Sərhəd Qapısı yaxınlığında bir yük maşınının üstünə düşdüyü bildirilir.

Raketlərin PKK/YPG terror qruplaşması tərəfindən atıldığı iddia olunur.

Daxili işlər naziri Süleyman Soylu bildirib ki, onlar 3 zərbənin endirildiyini müəyyən ediblər: “Bunun da nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdirilib. Təəssüf ki, bizdə olan ilk məlumata görə, ölənlərdən biri uşaqdır”.

Türkiyə Silahlı Qüvvələri isə noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başladıqlarını açıqlayıblar.

Ana səhifəDünyaTürkiyənin Qaziantep şəhərinə 3 raket atılıb: 3 nəfərin öldüyü açıqlanıb