Türkiyədəki inflyasiyanın Azərbaycana təsiri

Foto: arxiv

Ən çox artım göstərən əsas qrup  94,78 faizlə restoran və otellərdir

Fevralda Türkiyədə inflyasiya 4.53 faiz artıb. Beləliklə, bu ölkədəki illik inflyasiya faizi 67.07-yə yüksəlib.

Bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) məlumat açıqlayıb.

Bunun Türkiyədə son 22 ildə olan ən yüksək illik inflyasiya faizi olduğu bildirilir.

İnflyasiya Araşdırma Qrupunun (ENAG) məlumatına görə, ötən ay inflyasiya 4,32 faiz artıb, illik inflyasiya isə 121,98 faiz təşkil edib. Akademik və iqtisadçılardan ibarət ENAG hər ay öz hesablanmış inflyasiya məlumatlarını ictimaiyyətlə paylaşır.

TÜİK bildirir ki, əvvəlki ilin eyni ayına nisbətən istehlak qiymətləri indeksində ən az artım müşahidə olunan əsas qrup 43,44 faizlə geyim və ayaqqabı, ən çox artım göstərən əsas qrup isə 94,78 faizlə restoran və otellər olub.

Türkiyədəki inflyasiyanın Azərbaycana təsiri varmı?

Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrin arasında Türkiyə də var.

Təkcə 2023-cü ildə ölkəyə idxal olunan malların 13,5 faizi Türkiyədən gətirilib.

Bununla Türkiyə Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr arasında üçüncü yerdə qərarlaşıb. Birinci yerdə Çin (17,6 faiz), ikinci yerdə isə Rusiyadır (17,5 faiz).

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkənin xarici ticarət dövriyyəsinin 15,5 faizi Türkiyə ilə aparılmış ticarət əməliyyatlarının payına düşür.

Rəqəmlərdən də görünür ki, Türkiyə Azərbaycanın idxal bazarında mühüm yerə sahibdir və bu ölkədəki inflyasiya, qiymət artımı Azərbaycanda da qiymətlərin dəyişməsinə, bahalaşmasına səbəb olacaq.

Ana səhifəİqtisadiyyatTürkiyədəki inflyasiyanın Azərbaycana təsiri