Türkiyədə ölənlərin sayı getdikcə artır (Yenilənir)

Foto: sosial media

Ölənlərin sayı 17 mini ötdü

Türkiyənin səhiyyə naziri Fahreddin Koca zəlzələdə 17 min 406 nəfərin həyatını itirdiyini, 71 min 866 nəfərin isə yaralandığını açıqlayıb.


Türkiyənin Kahramanmaraş şəhərindən 28 mindən çox insan təxliyə edilib

\Türkiyənin Təbii Fəlakət Agentliyinin son bülletenində deyilir ki, zəlzələdən zərər çəkmiş Kahramanmaraşdan 28 mindən çox insan təxliyə edilib.

Foto: Reuters


Türkiyədə ölənlərin sayı 14 mini keçib

Türkiyədə bu həftə baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı 14 014 nəfərə çatıb, 63 000-dən çox yaralı var.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, 6400-dən çox bina dağılıb.

Onun sözlərinə görə, Türkiyə bir il ərzində bölgədə yeni üç və dörd mərtəbəli binalar tikməyi hədəfləyir.

Prezidentin son yeniləməsi ilə Türkiyə və Suriyada ölənlərin sayı birgə 17 172 nəfərə yüksəlib.

Foto: Sosial şəbəkə


Yaponiyalı alim Türkiyədə infrastrukturun zəif olduğunu deyir

“Zəlzələ ölkəsi olmasına baxmayaraq, daha az insan itkisinin qeydə alındığı Yaponiya ilə Türkiyə arasındakı əsas fərq binaların dayanıqlı olmasıdır”.

Bu açıqlamanı “Economy” qəzetində Tokio Universiteti Zəlzələ Araşdırma İnstitutunun professoru Masataka Kinoşita səsləndirib.

Onun həmkarı dosent Hiroe Miyake Türkiyədə baş verən zəlzələlərdə infrastrukturun çox güclü olmadığını da vurğulayıb.

O bildirib ki, Yaponiyada baş verə biləcək fəlakətlər nəzərə alınaraq, infrastruktur sistemi yenidən qiymətləndirilir.

Strukturların gücləndirilməsini tövsiyə edən Miyake son illərdə dağıdıcı zəlzələlərin baş vermədiyi yerlərə üstünlük verildiyini deyib.

Qeyd edib ki, bununla yanaşı, strukturların davamlı yoxlanılması faydalıdır.

“Şimali Anadolu qırılma zonasında növbəti seysmik boşluğun İstanbul ətrafında ola biləcəyi deyilir. Hazırda Türkiyədə aparılan maarifləndirmə işlərinin canlandırılması da effektli olacaq”, – deyə Miyake söyləyib.

Ancaq tənqidlərə etiraz edən Prezident Tayyib Ərdoğan fevralın 8-də: “Belə böyük bir fəlakətə hazır olmaq mümkün deyil”, – deyib.

Türkiyə, Hatay. Foto: Reuters


Vətəndaşlar baxımsızlıqdan şikayətlənir

Türkiyədə fevralın 6-sı səhər saatlarında baş vermiş zəlzələdə ölənlərin sayı 12 min 873 nəfərə yüksəlib.

Türkiyənin Afet ve Acil Durum Yönetimi Nazirliyi (AFAD) açıqlayıb ki, 63 min 937 nəfər yaralı var.

Hələ də dağıntılar altında qalan insanlar var və gün keçdikcə onların səsləri azalır.

Dağıntılar altından çıxarılan, binası qəzalı olan insanlar isə AFAD-ın qurduğu çadırlarda məskunlaşıb.

Fevralın 8-də Rəcəb Tayyib Ərdoğanın da Hatayda ziyarət etdiyi çadırlardan isə şikayətlər var.

İnsanlar isti yemək tapa bilmədiklərini, soyuq olduğunu söyləyirlər.

Bir vətəndaşın dilindən: “Burada isti şorba verməyən bir idarəçilik var. İnsanlara bir stəkan çay belə vermirlər. Kresloda oturub hökm etmək, barmaq silkələmək çox asandır. Fakt vəziyyət belədir”.

Kahramanmaraşda fevralın 6-da birincisi 7.7 bal, ikincisi 7.6 bal gücündə ard-arda iki zəlzələ baş verib.

Birinin episentiri Pazarcık, digərinin Elbistan olan zəlzələlər Hatay, Qaziantep, Osmaniye, Malatya, Adama, Diyarbakır, Şanlıurfa, Adıyaman və Kilisi sarsıdıb. Minlərlə ev dağılıb və dağıntılar altında insanlar qalıb.

Zəlzələ İraqa da təsir edib. Burada da yüzlərlə ev dağılıb və 3 minədək insan həyatını itirib, tarixi abidələr zədə alıb.

Ana səhifəDünyaTürkiyədə ölənlərin sayı getdikcə artır (Yenilənir)