Türkiyədə 21 körpənin ölüm işi: prokuror 10-dən 589 ilədək həbs istəyir

Foto: Türkiyə Səhiyyə Nazirliyi

47 şübhəlidən 22 nəfərin saxlanıldığı bildirilir

Türkiyədə bir qrup səhiyyə işçisinin pula görə 21 yeni doğulmüş körpənin ölümünə səbəb olduğu aşkarlanıb.

Onlar ölkənin Səhiyyə Nazirliyi və Sosial Müdafiə Təşkilatı tərəfindən yeni doğulmuş körpə ölümlərini azaltmaq məqsədilə reanimasiya şöbələrinə ayırdıqları gündəlik 8000 türk lirəsini (397. 60 AZN) mənimsəmək məqsədilə 19 özəl xəstəxana və çoxlu sayda “112” Təcili Tibbi Yardım personalı ilə əlbir olublar.

İstanbulda yeni doğulmuş körpələrin olduğu reanimasiya şöbələrini biznesə çevirən “Yenidoğan dəstəsi” cinayət qruplaşması ilk dəfə 2023-cü il martın 27-də Prezident Ünsiyyət Mərkəzinə (CİMER) göndərilən anonim məlumatla məlum olub.

Aparılan üzunmüddətli əməliyyat izləmə və texniki monitorinq nəticəsində dəstənin əməlləri aşkarlanıb.

Rabitə aşkarlama hesabatları, fiziki izləmə, telefon zənglərinin təhlili, qurumlardan alınan sənədlər və bank hesablarının hərəkətləri kimi geniş sübutlar cinayət şəbəkəsinin fəaliyyətini üzə çıxarıb.

Şübhəlilərin cinayət təşkilatı quraraq Sosial Müdafiə Təşkilatına zərər vurduğu, körpələrin uyğun olmayan müalicə şəraitində saxlandığı, hətta bəzi körpə ölümlərinin də bu proseslə əlaqələndirildiyi müəyyən edilib.

İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən aparılan istintaq çərçivəsində İstanbuldakı 19 özəl xəstəxananın neonatal (xüsusilə xəstə və ya erkən doğulmuş uşaqların tibbi baxımı) reanimasiya şöbələrinin nizamsız şəkildə işlədildiyi, nəticədə Sosial Müdafiə Təşkilatından saxtakarlıq yolu ilə qazanc əldə edildiyini sübut edən sənədlər aşkarlanıb.

İstintaq çərçivəsində adı çəkilən xəstəxanalar arasında “Reyap”, “Beylikdüzü Medilife”, “Bağcılar Medilife”, “TRG Hospitalist” və “Avcılar” öndə gedir.

İstanbul Şəhər Təhlükəsizlik Müdirliyi tərəfindən hazırlanan hesabatda “Yenidoğan dəstəsi” 5 fərqli kateqoriyada ittiham olunur:

  • Cinayət törətmək məqsədilə təşkilat yaratmaq, üzv olmaq və adından fəaliyyət göstərmək;
  • Ehtiyatsız davranışla törədilən qəsdən adam öldürmə (körpə ölümlərinə istinad);
  • İxtisaslı fırıldaqçılıq (Sosial Müdafiə Təşkilatından alınan ədalətsiz ödənişlər);
  • Rəsmi sənədlərin saxtalaşdırılması;
  • Rüşvət.

Dəstənin başçısı “Medisense Health Services” şirkətinin sahibi, həkim Fırat Sarıdır.

Onun İstanbuldakı bir çox özəl xəstəxananın yeni doğulmuş reanimasiya şöbələri ilə müqavilələr bağladığı, bu bölmələri nizamsız işlətdiyi və Sosial Müdafiə Təşkilatından yüksək məbləğdə ödənişlər aldığı bildirilir.

Həkim İlker Gönen təşkilatın digər mühüm idarəçisi kimi diqqəti çəkir.

O, “112” Təcili Zəng Mərkəzi ilə əməkdaşlıq etdiyi və körpələri ehtiyacı olmadığı halda özəl xəstəxanalara köçürdüyü, bu prosesdə Sosial Müdafiə Təşkilatından yüksək gəlir əldə edilməsinə vasitəçilik etdiyi qeyd edilir.

Polis hesabatında yeni doğulan körpələrin uzun müddət reanimasiyada saxlanıldığı, səhhətlərinin pis olduğu və bununla da Sosial Müdafiə Təşkilatından yüksək məbləğdə ödəniş alındığı bildirilir.

İntubasiya (süni tənəffüs aparatına qoşmaq) edilmədiyi halda, yalandan süni nəfəs aparatına qoşulduğu göstərilən körpələrin vəziyyəti qeydə alınıb ​​və onların həyatı ilə manipulyasiya edilib.

Xüsusilə, xəstələrin köçürülməsi ASKOM (Təcili Tibbi Yardım Koordinasiya Komissiyası) qaydalarına zidd olaraq həyata keçirilib və beləliklə də xəstəxanalarda çarpayı doluluq göstəriciləri artırılıb.

İddia olunur ki, bu xəstəxanalarda cinayət təşkilatı ilə razılaşdırılaraq körpə reanimasiya şöbələri fəaliyyət göstərir və xəstələr uzun müddət bu bölmələrdə qalıblar.

İttihamlar göstərir ki, neonatal reanimasiya şöbələri xəstəxanalar üçün gəlir mənbəyi kimi istifadə olunub və körpələrin həyatı təhlükə altına alınıb.

“112” Təcili Xidmət işçisi ilə əməkdaşlıq edilərək dövlət xəstəxanalarına göndərilməsi nəzərdə tutulan körpələr özəl xəstəxanalara köçürülüb.

Bəzi hallarda körpənin sağlamlıq vəziyyəti uyğun olmayan xəstəxanalarda müalicə olunub və səhlənkarlıq ölümlə nəticələnib.

Məsələn, epikriz (vacib tibbi uçot sənədi) hesabatında körpənin sağlam olduğu göstərilsə də, xəstəxanada ölümə tərk edilib.

Təşkilat üzvləri bəzi körpələrin ölüm səbəblərini gizlətmək üçün saxta epikriz hesabatları hazırlayıblar.

Bir lent yazısında xəstəxana işçisinin “Ölümə sepsis (müxtəlif mikroorqanizmlər və onların toksinlərinin törətdiyi ağır infeksion xəstəlik) deməyək, 66 gün yazaq”, – deyərək vəziyyəti ört-basdır etməyə çalışdığı üzə çıxıb.

Bəzi körpələrin uzun müddət uyğun olmayan şəraitdə reanimasiyada saxlandığı müəyyən edilsə də, lazım gəldikdə düzgün müdaxilə edilmədiyi üçün onların həyatlarını itirdikləri bildirilir.

Həkim İlker Gönenin tibb bacısına: “Mehtap, uşağı öldür, əlli saturasiyalı (saturasiya- qanın oksigenlə doyma dərəcəsi) uşaq olarmı?” – göstərişi də qeydə alınıb.

Bu, körpələrin qəsdən pis şəraitdə saxlanıldığı və müalicə olunmadıqlarını göstərən mühüm sübut hesab edilib.

Bir çox körpənin qeyri-insani baxımsızlıq və pis əməllər nəticəsində həyatını itirdiyi vurğulanır.

Bundan əlavə, reanimasiya şöbəsində istifadə olunmayan dərmanların istehlak kimi təqdim edilərək üçüncü şəxslərə satıldığı müəyyən edilib.

Xüsusilə, yeni doğulan körpələrin tənəffüs yollarının müalicəsində istifadə olunan bahalı dərmanlar bazara çıxarılıb.

Dəstənin rəhbəri həkim Fırat Sarının prokurorluğa verdiyi ilk ifadəsində onun PKK-nın (Kürdüstan Fəhlə Partiyası) üzvü olduğu və buna görə 5 il həbs yatdığı aşkarlanıb.

İstintaqın ən diqqətçəkən təfərrüatlarından biri də “112” Təcili Zəng Mərkəzində çalışan əməkdaşların rüşvət müqabilində xəstə köçürmələri həyata keçirmək üçün cinayətkar şəbəkə ilə əlbir olmasıdır.

Qıyasettin Mert Özdemir “112” Təcili Zəng Mərkəzində təcili yardım sürücüsü işləyərkən təşkilatın dispetçer əməliyyatlarına rəhbərlik etməkdə ittiham olunur.

Özdemirin körpə xəstələrin dəstəyə bağlı xəstəxanalara köçürülməsində əsas rol oynadığı və bu əməliyyatlardan maddi qazanc əldə etdiyi iddia edilir.

Hətta ölkə xaricinə köçürülməsi lazım olan xəstələrin də cinayət şəbəkəsinin xeyrinə İstanbuldakı xəstəxanalara yönəldildiyi, beləliklə də körpələrin uzun müddət reanimasiya şöbələrində saxlandığı müəyyən edilib.

Əməliyyat nəticəsində çoxlu sayda səhiyyə işçisi, həkim və “112” personalı saxlanılıb.

Ali Aksu, Bahar Kanık, Cansu Akyıldırım, Ceren Hatice Kırım, Çağla Durmuş, Deniz Korkmaz, Dursun Eryılmaz, Hüseyn Günerhan, Həsən Bəsri Gök və Sümeyye Nur Arslan kimi adlar istintaq faylında diqqətçəkən şübhəlilər arasındadır.

Bu şəxslər təşkilatın qeyri-qanuni olaraq körpə xəstələrin göndərilməsində fəal rol oynamaqda və Sosial Müdafiə Təşkilatından haqsız qazanc əldə etməkdə ittiham olunurlar.

İstintaq cinayət təşkilatının üzvü olan həkimlər, tibb bacıları və tibb işçiləri, təşkilatın lideri Fırat Sarı və digər menecerlərlə müntəzəm ünsiyyətdə olduqları, nizamsız göndəriş və müalicə prosedurlarına cəlb olunduqları üzə çıxıb.

Cinayətkar təşkilat dövlət və ya digər özəl xəstəxanalarda doğulan körpə xəstələri “112” Təcili Tibbi Yardım Mərkəzinin əməkdaşlarının düzgün istiqamətləndirməsi ilə təşkilata tabe olan xəstəxanalara yönləndirib.

Burada körpələr uzun müddət reanimasiyada saxlanılıb və Sosial Müdafiə Təşkilatından yüksək məbləğlər hesablanıb.

“Medisense Sağlık Hizmetleri” Məhdud Məsuliyyətli Cəmiyyətin maaş və müavinət ödənişləri adı altında xəstəxanalara müntəzəm ödənişlər etdiyi bank sənədləri ilə sənədləşdirilib.

Pul axınının hər ay sistemli şəkildə həyata keçirildiyi və xəstəxanalarla əməkdaşlığın davam etdirilməsi üçün mühüm alət kimi istifadə edildiyi aşkarlanıb.

Bu ödənişlərin xəstələrin göndərilməsi və saxta hesabatların hazırlanması müqabilində edildiyi düşünülür.

İlkin məlumatlara görə, azı 21 uşaq mütəşəkkil cinayətkar qrupun hərəkətləri nəticəsində ölüb.

“Yenidoğan dəstəsi” işində ümumilikdə 47 şübhəlinin əli olub, onlardan 22-nin günahı sübuta yetirilib və həbs edilib.

İttihamnamədə müttəhimlərin həyatları təhlükə altında olan körpələrin valideynlərini ələ saldıqları söhbətlərin səs yazıları da var.

İstanbul Respublika Prokurorluğu mütəşəkkil cinayətkar qrup üzvlərinə 10 ildən 589 ilədək həbs cəzası istəyir.

İstintaq zamanı cinayət sxemində iştirak edən iki klinikanın da fəaliyyəti dayandırılıb.

Ümumilikdə 19 klinika cəlb olunub.

Ana səhifəDünyaTürkiyədə 21 körpənin ölüm işi: prokuror 10-dən 589 ilədək həbs istəyir