Türkiyə universitetlərinə qəbul qaydaları dəyişir: kimlər qazanacaq və itirəcək?

Foto: turkiyede-tehsil.info

“Qərar Azərbaycanda YÖS xidməti göstərən şirkətlərə daha çox gəlir əldə etmək imkanı verəcək”

Türkiyə azərbaycanlı gənclərin təhsil almaq üçün ən çox üz tutduğu ölkələr sırasında birinci yerdədir.
Rəsmi statistikaya görə, hazırda Türkiyədə oxuyan azərbaycanlı tələbələrin sayı 21600 nəfərdir.

2010-cu ilə kimi Türkiyə universitetlərində təhsil almaq üçün imtahanlarda müvafiq bal toplamaq lazım idi.
Sonradan xarici ölkələrdən gələn tələbələrin sayını artırmaq məqsədilə attestatla təhsil almaq imkanı yaradılıb.

Yabancı Öğrenci Sınavı (YÖS) imtahanları universitetlər tərəfindən həyata keçilməyə başlanıb.

Təhsil ekspertlərinin fikrincə, azərbaycanlı tələbələrin böyük əksəriyyəti imtahan vermədən Türkiyənin ali təhsil müəssisələrinə attestat vasitəsilə qəbul olanlardır.

Türkiyənin Yüksek Öğretim Kurulunun (YÖK) yeni qərarına əsasən, 2022-ci ildən Tibb, Əczaçılıq, Stomotologiya, Hüquq, Müəllimlik və Mühəndislik fakültələrinə qəbul mərkəzləşdirilmiş qaydada aparılacaq.

YÖS imtahanını mərkəzləşdirilmiş şəkildə Ölçme Seçme ve Yerleştirme Merkezi (ÖSYM) təşkil edəcək və həmin imtahan artıq Merkezi Yabancı Öğrenci Sınavı (MYÖS) adlandırılacaq.

Foto: https://www.aa.com.tr/

2022-2023-cü tədris ilindən etibarən ÖSYM tərəfindən təşkil olunan MYÖS imtahanının bir çox ölkədə, həmçinin Azərbaycanda tətbiq edilməsi planlaşdırılır.

İmtahanın hansı tarixlərdə və ildə neçə dəfə təşkil olunacağına dair rəsmi məlumatlar yoxdur.

Digər ali təhsil proqramlarına qəbul olunmaq üçün yenə də attestat, Dövlət İmtahan Mərkəzi (DİM), SAT və sair nəticələrlə aparılacaq.

“Qalata” Təhsil Mərkəzinin rəhbəri Mürsəl Əliyev Meydan TV-yə deyib ki, bu qərar gözlənilən idi.

O əlavə edib ki, Azərbaycan, Gürcüstan və Türkiyədə verilən imtahanlarda saxtakarlıq halları çox olurdu:

“Türkiyənin dövlət universitetlərinə qəbul üçün SAT (Türkiyədəki universitetlərdə təhsil almaq istəyən xarici tələbələrin, eyni zamanda, ABŞ universitetlərində bakalavr təhsili almaq istəyən tələbələrin verdiyi imtahandır-red.) və YÖS (YÖS – Yabancı Öğrenci Sınavı – Xarici Tələbə İmtahanının qısaldılmış adıdır. Türkiyədə bakalavr təhsili almaq istəyən tələbələr üçün nəzərdə tutulan imtahandır-red.) imtahanları vardı. Qəbul imtahanlarında yüksək bal 1600 olurdu. 1550-1580 balla universitetlərə daxil olan tələbələr vardı. Hansılar ki sonradan universitetdə oxuya bilmirdilər. Saxta ballarla bağlı məsələlər ortaya çıxandan sonra tələbələrin qəbulu ləğv olunurdu. Qərarı müsbət hesab etmək olar. Haqsızlığın qarşısı alınacaq. Digər tərəfdən isə SAT imtahanına hazırlaşan tələbələr üçün çətin vəziyyət yaratdı. Onlar artıq hazırlaşmışdılar, dekabrda imtahana girəcəkdilər”.

Mürsəl Əliyev, Foto: Mürsəl Əliyevin şəxsi arxivindən

Təhsil Mərkəzinin rəhbəri deyir ki, yeni qərarda suallar yaradan məqamlar, boşluqlar var: “Universitetlərin tələbələri hansı şərtlərlə qəbul edəcəyi bəlli deyil. Türkiyədəki universitetlərin özləri də bilmirlər ki, prosedur necə olacaq. Ola bilsin ki, sonradan bu qərara müəyyən əlavələr edilsin”.

“Attestatla qəbul yenə də öz qüvvəsində qalır. Hətta qərarın özündə də yazılıb ki, universitetlər digər ixtisaslara həm attestatla, həm də digər ballarla qəbul aparacaqlar”, – deyə o bildirib.

“Bilik” Tədris Mərkəzinin rəhbəri Rövşən Əbülhəsənov isə Meydan TV-yə deyib ki, Azərbaycanda YÖS imtahanlarının keçirilməsi zamanı sui-istifadə hallarına rast gəlinməsi ilə bağlı dedi-qodular vardı:

“MYÖS imtahanı zamanı bu kimi halların qarşısı alınacaq”.

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, bu qərar Azərbaycanda YÖS xidməti göstərən şirkətlərə daha çox gəlir əldə etməyə imkan verəcək.

Ana səhifəSosialTürkiyə universitetlərinə qəbul qaydaları dəyişir: kimlər qazanacaq və itirəcək?