Türkiyə Prezidenti müxalifəti irqçilikdə ittiham edib

Rəcəb Tayyib Ərdoğan. Foto: Meydan TV

Suriyalılar türk yük maşınlarının ölkələrinə girməsinə etiraz edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin mərkəzindəki məhəllə sakinlərinin suriyalılara məxsus mağazaları yandırmasından sonra müxalifət partiyalarını ksenofobiya və irqçiliyi qızışdırmaqda ittiham edib.

Ötən həftə Kayseri vilayətinin mərkəzi Melikqazi bölgəsində iğtişaşlar başlayıb. Səbəb suriyalı qaçqının 7 yaşlı suriyalı qıza cinsi təcavüz etdiyi ilə bağlı yayılan xəbərlərdir.

Bundan qəzəblənən yerli sakinlər suriyalıları ölkəni tərk etməyə səsləyərək, avtomobillərini aşırıb, mağazalarını yandırıblar.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial media platformasında zorakılıqda iştirakda şübhəli bilinən azı 67 nəfərin saxlanıldığını bildirib.

Televiziyada çıxışında Ərdoğan qaçqınların vətənlərinə qaytarılmasını müdafiə edən müxalifət partiyalarını zorakılığa təhrik etməkdə günahlandırıb:

“Cəmiyyətdə ksenofobiya və qaçqınlara nifrət yaratmaqla heç nəyə nail olmaq mümkün deyil” – deyən, Ərdoğan müxalifəti “zəhərli diskurs”da ittiham edib.

2011-ci ildə qonşu Suriyada vətəndaş müharibəsi başlayandan, Türkiyə yüz minlərlə suriyalı qaçqını qəbul edib. Bununla dünya miqyasında ən böyük qaçqın əhalisinə ev sahibliyi edən ölkəyə çevrilib. Lakin əhali artdıqca, Türkiyə artan iqtisadi çətinliklərlə üzləşib, nəticədə insanlarda anti-miqrant əhval-ruhiyyəsi yaranıb.

Hökumət rəqəmlərinə görə, Türkiyə hazırda 3,6 milyon qaçqına ev sahibliyi edir, baxmayaraq ki, bəziləri real əhalinin daha çox ola biləcəyini iddia edir.

Rəsmilər Melikqazi rayonunda zorakılıq törətdiyi iddia edilən şəxsin həbs edildiyini, qızın, bacı-qardaşlarının və anasının dövlət himayəsinə götürüldüyünü və onlara psixoloji dəstək veriləcəyini bildirib.

Türkiyənin miqrasiya əleyhinə Zəfər Partiyasının lideri Ümit Özdağ Ərdoğanın ittihamını rədd edib və Melikqazidəki gərginliyi hökumətin suriyalı qaçqınlara “imtiyazlı” rəftar etməsi ilə əlaqələndirib:

“Bir sözlə, günah hökumətin yanlış Suriya siyasətindədir. Başqa yerdə axtarmayın”, – deyib.

Məlikqazidə baş verən olay Suriyanın şimal-qərbində müxalifətin, o cümlədən Türkiyənin dəstəklədiyi qüvvələrin nəzarətində olan ərazilərdə əks reaksiyaya səbəb olub.

Suriyanın Hələb əyalətində, Türkiyə ilə sərhəd yaxınlığında, onlarla insan “Türk karvanlarının və yük maşınlarının girməsinin qarşısını almaq” üçün əl-Rai qəsəbəsindəki əsas döngəyə toplaşaraq, türk yük maşınlarının əl-Bab şəhərinə daxil olmasına mane olub. Bu barədə Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videolarda daş və çubuq daşıyan gənc kişi və oğlanların türkcə yazıları olan yük maşınının arxasınca qaçdığı görünür. Qrupun bildirdiyinə görə, nümayişçilər həmçinin, Suriyanın Azaz şəhərində Türkiyə poçt idarəsinin əməkdaşlarını qovublar. Bəzi yerlərdə etirazçılar yerli təhlükəsizlik qüvvələri ilə toqquşub.

Ana səhifəDünyaTürkiyə Prezidenti müxalifəti irqçilikdə ittiham edib