Türkiyə PKK-nın Suriyadakı hədəflərini vurduğunu deyir

Foto: Türkiyə Müdafiə Nazirliyi

Suriya Demokratik Qüvvələrinin yaydığı məlumatda mülkilər də daxil olmaqla 12 nəfərin öldürüldüyü qeyd olunur

Türkiyə Hərbi Hava Qüvvələrinin Kürdüstan Fəhlə Partiyasının (PKK) İraq və Suriyadakı 32 hədəfini vurduğu bildirilir.

Bu barədə məlumatı ölkənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, hava zərbələrinin hədəfi hərbi obyektlər, sursat anbarları və enerji infrastrukturu olub.

Kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin oktyabrın 24-də yaydığı məlumatda qeyd olunur ki, mülkilər də daxil olmaqla 12 nəfər öldürülüb.

Oktyabrın 23-də Ankara yaxınlığında döyüş pilotsuz uçan aparatları və döyüş təyyarələri istehsal edən türk aerokosmik şirkətinin təyyarə zavodunda (TUSAŞ) terror hadisəsi baş verib.

Hadisə ilə əlaqədar məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Türkiyə daxili işlər naziri Ali Yerlikaya terror nəticəsində 5 nəfərin öldüyünü, 22 nəfərin yaralandığını bildirib.

Hücum zamanı yaralananlardan 7-si polis əməkdaşıdır. “Biri qadın və biri kişi olmaqla iki terrorçu öldürülüb”, – nazir deyib.

Yerlikaya hadisədə Ankaranın terror təşkilatı hesab etdiyi PKK-nı günahlandırıb və cavab vəd edib.

Böyük Britaniyanın Baş naziri Sir Keir Starmer Ankarada baş verən hücumdan “dəhşətə gəldiyini” deyib.

O, “X” sosial media profilində “Biz NATO müttəfiqi və yaxın dost kimi Türkiyə ilə çiyin-çiyinəyik”, – yazıb.

BRİCS sammiti çərçivəsində Rusiyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı televiziyada canlı yayımlanan çıxışında hadisəni “alçaq terror hücumu” adlandırıb.

Ərdoğan daha sonra “X” sosial mediasında yazıb ki, heç bir terror təşkilatı Türkiyənin təhlükəsizliyini hədəf ala bilməyəcək.

Türkiyə hakimiyyəti hücumun təfərrüatları ilə bağlı mediaya qadağa qoyub və ölkənin geniş ərazilərində istifadəçilər “YouTube”, “Instagram”, “Facebook” və “X” kimi sosial media saytlarından istifadə edə bilmədiklərini bildiriblər.

Türkiyənin Radio və Televiziya Üst Şurasının sədri Ebubekir Şahin hadisə ilə bağlı bütün görüntülərin sosial mediadan silinməsi ilə bağlı xəbərdarlıq edib və istifadəçiləri “terror məqsədinə xidmət edəcək” görüntüləri paylaşmamağa çağırıb.

Oktyabrın 22-də Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçəli həbsdə olan PKK lideri Abdullah Öcalana müraciətlə bildirmişdi ki, təcridolunma aradan qaldırılsa, o, Türkiyə Böyük Millət Məclisinə (TBMM) gələrək, terrorun bitdiyini açıqlamalı, PKK-nın ləğv edildiyini rəsmən elan etməlidir.

PKK Türkiyə, ABŞ və Böyük Britaniyada terror təşkilatı kimi qadağan edilib.

1980-ci illərdən bu yana Türkiyə dövlətinə qarşı ölkənin əhəmiyyətli kürd azlığının daha çox hüquqları uğrunda mübarizə aparır.

Ana səhifəDünyaTürkiyə PKK-nın Suriyadakı hədəflərini vurduğunu deyir