Türkiyə “Discord” messencerini bloklayır

“Discord” messenceri. Foto: rafastockbr/shutterstock

Messencer bir gün öncə Rusiyada da qapadılıb

Türkiyədə məhkəmə Baş Prokurorluğun tələbi ilə “Discord” messencerinin bloklanmasına qərar verib.

Bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

Nazir bildiri ki, messencer “uşaqların cinsi istismarı və ədəbsiz hərəkətləri” ilə bağlı cinayətlərdə şübhələr yarandığı üçün bloklanıb.

“Biz gələcəyimizin açarı olan gənclərimizi və uşaqlarımızı sosial şəbəkələrdə və internetdə zərərli, cinayət xarakterli nəşrlərdən qorumaq əzmindəyik”, – Yılmaz Tunc deyib.
“Discord” messenceri bir gün öncə, oktyabrın 8-də Rusiyada da bloklanıb.

“Roskomnadzor” (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) “Discord”a girişi qanuni tələblərin pozulması səbəbindən məhdudlaşdırdığını açıqlayıb.

Söhbət messencerin terror və ekstremist məqsədlər üçün istifadəsindən, narkotik vasitələrin satışı kimi qanun pozuntularının qarşısının alınmasından gedir.

Rusiyanın hərbi müxbirləri messencerin bloklanması qərarını tənqid ediblər. Onlar bildiriblər ki, “Discord” rus qoşunları tərəfindən döyüş nəzarəti üçün istifadə olunur. Bloklanma səbəbindən bəzi komanda məntəqələri və qərargahlar pilotsuz təyyarələrdən yayımsız qala bilər və messencerin alternativi yoxdur.

Həm Türkiyə, həm də Rusiyada bir sıra sosil şəbəkə və messencerlər bloklanıb.
2024-cü il avqustun 2-də Türkiyədə “İnstagram” bloklanmışdı.

Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan sonra əvvəlcə “İnstagram”ı bloklayıb, daha sonra isə “YouTube” və “Signal”a girişə məhdudiyyətlər tətbiq edilib.

“Discord” səsli və görüntülü zənglər, mətn mesajları, media vasitəsilə ünsiyyətə imkan verən ani mesajlaşma və sosial platformasıdır.

Ana səhifəDünyaTürkiyə “Discord” messencerini bloklayır