Birinci dünya müharibəsindən sonra Türkiyədə vüsət alan Qurtuluş savaşı müxtəlif görüşlü insanlarını birləşdirirdi
70 il öncə Türkiyə Cümhuriyyətində çox önəmli bir hadisə baş verdi. 1950-ci ilin mayında keçirilən seçkilər nəticəsində ilk dinc hakimiyyət dəyişikliyi həyata keçdi: müxalif Demokrat Partiyası (DP) iqtidar oldu, Cümhuriyyət Xalq Partiyasının (CHP) 27 illik fasiləsiz iqtidarı başa çatdı. Bundan 60 il öncə, 1960-cı ilin mayında isə DP iqtidarı hərbi çevriliş nəticəsində devrildi. Bu diqqətəlayiq hadisələrə bir neçə məqalə həsr etməyi qərara aldım. Bu məqalə onlardan birincisidir.
***
Birinci dünya müharibəsindən sonra Türkiyədə vüsət alan Qurtuluş savaşı ölkənin ən müxtəlif təbəqələrinə aid və ən müxtəlif görüşlü insanlarını birləşdirirdi. Savaş qələbə ilə başa çatdıqdan sonra qaliblər arasında fikir ayrılıqları dərinləşdi. Belə ixtilafların çoxlu səbəbləri vardı, amma ən başlıcası, əlbəttə ki, 1923-cü ilin oktyabrın 29-da Osmanlı monarxiyasına son qoyulması və Cümhuriyyətin elanı, eləcə də bundan dörd ay sonra, 1924-cü il martın 3-də Xilafətin qaldırılması idi.
Bundan əlavə çoxlu səbəblər də vardı ki, buraya Lozanna müqaviləsi, Mosul məsələsi, dinə münasibət və başqa hallar daxil idi. Daha demokraik kəsim ölkədə bir partiyanın və bir adamın hegemonluğunun bərqərar olmasından narazı idi. Bütün bu narazıların bir gün təşkilatlanacaqları gözlənilən idi.
Narazılar 1924-cü il noyabrın 17-də Tərəqqipərvər Cümhuriyyət Firqəsini yaratdıqlarını elan etdilər. Firqənin yaradıcıları arasında Qurtuluş savaşında Mustafa Kamal Atatürkün yaxın silahdaşları olan hərbçilər və mülki şəxslər vardı: Kazım Karabekir, Ali Fuat Cebesoy, Rauf Orbay, Refet Bele, Cafer Tayyar Egilmez kimi hərbçilərlə yanaşı Adnan Adıvar, Bekir Sami, İsmail Canbulat və digər mülki şəxslər.
TCF öz proqramında bir çox məsələyə hakim Cümhuriyyət Xalq Firqəsindən daha liberal yanaşırdı. O, hakimiyyət bölgüsünün tərəfdarı idi, müstəqil qanunverici, icra və məhkəmə hakimiyyətinin yaradılmasını tələb edirdi, prezidentin partiyasız olmasını doğru hesab edirdilər. İqtisadiyyatda və digər sahələrdə dövlət müdaxiləsinin azalmasını, hakimiyyətin mərkəzdən yerlərə ötürülməsini, yalnız çoxpartiyalılıq şəraitində millətin iradəsinin hakim olacağını, Konstitusiyanın yalnız xalqın rəyi əsasında qəbul edilməsini və dəyişdirilməsini təbliğ edirdilər.
Ən çox rezonans doğuran isə partiya proqramındakı "Fırka, efkar ve itikadat-ı diniyyeye hürmetkardır" (pariya dini görüşlərə və etiqadlara hörmətlə yanaşır) ifadəsi idi. Bu maddə insanların dini duyğularından siyasi məqsədlər üçün istifadə cəhdi kimi yozuldu. Halbuki o zaman Türkiyə konstitusiyasında dövlətin rəsmi dininin İslam olduğu yer alırdı (həmin maddə 1928-ci ildə aprelin 10-da çıxarıldı).
Bununla yanaşı, qeyd etmək lazımdır ki, yeni partiyaya üzv olanların hamısının bu mütərəqqi prinsipləri bölüşdüyünə inanmaq sadəlövhlük olardı. TCF yeganə müxalif təşkilat idi və səbəbindən asılı olmayaraq iqtidardan narazı olanların çox hissəsi buraya axışırdı. Onların sırasında sadalanan liberal prinsipləri bölüşənlərlə yanaşı mühafizəkarlar, hətta mütləq monarxiyanın bərpasının istəyən mürtəce qüvvələr də vardı.
1925-ci il fevralın ortalarında Türkiyənin cənub-şərq bölgəsində Şeyx Səid üsyanı baş verdi. Bu hadisə hakimiyyətə öz daxili siyasətini daha sərtləşdirməsi üçün bəhanə verdi. Martın 3-də mötədil Ali Fethi Okyarın yerinə İsmət İnönü ikinci dəfə Baş nazir oldu. Ertəsi gün "Takrir-i sükun" qanunu qəbul edildi. Bu qanun hökumətə asayişə təhlükə hesab etdikləri istənilən təşkilatı, qurumu və mətbuat orqanını bağlamaq səlahiyyəti verirdi. Artıq martın 6-dan başlayaraq, tək-tük qəzetlər istisna olmaqla, digərləri, o cümlədən vaxtilə Qurtuluş savaşına böyük dəstək verən qəzetlər bağlandı. Üç ay sonra isə növbə Tərəqqipərvər Cümhuriyyət Firqəsinə çatdı. Partiyanın şərq vilayətlərindəki şöbələrinin guya Şeyx Səid üsyanına dəstək verdiyi iddia olunaraq qapadılması barədə qərar iyunun 5-də qəbul olundu.
Bir il sonra isə Atatürkə qarşı İzmirdə planlaşdırılan sui-qəsddə iştirak iddiası ilə TCF-nin bir çox önəmli üzvləri də istintaqa cəlb olundular. Kazım Karabekir, Ali Fuat Cebesoy, Refet Bele, Ahmet Faik Günday, Feridun Fikri Düşünsel, Adnan Adıvar (qiyabi) məhkəmədən bəraət alsalar da, İsmail Canbulat, Ahmet Şükrü Bayındır, Mehmet Arif, Mehmet Halis Tarıkahya edam cəzasına, xaricdə olan Rauf Orbay isə qiyabi olaraq 10 illik həbs cəzasına məhkum edildilər.
Sonralar İsmət İnönü hadisələrə belə qiymət verəcəkdi: "Tərəqqipərvər firqəni bizim dostlarımız qurdular. Seyx Səid üsyanı bizi qorxutduğu üçün yeni olan devrimi qorumaq qayğısıyla bu partiyanı qapatdıq, amma yaxşı bir şey deyildi. Onu qoruyacaqdıq, xəta etdik. Qorusaydıq, indi bu gələnək (çoxpartiyalılıq – Y.S.) də yerləşmiş olacaqdı".
***
Şeyx Səid üsyanından sonra Baş nazirlikdən istefa verən Ali Fethi Okyar Türkiyənin Fransadakı səfiri təyin olundu və beş il bu vəzifəni tutdu. `1930-cu ilin yay məzuniyyətini keçirmək üçün vətəninə döndükdə, Yalovada istirahət edən Atatürkün yanına çağrıldı. İddialara görə, Mustafa Kamal Okyardan Türkiyənin Avropadan necə göründüyünü soruşur və cavabında bu sözləri eşidir: "“Bugünkü manzaramız aşağı yukarı bir diktatura manzarasıdır. Vakıa bir meclis vardır. Fakat dahilde ve hariçte bize diktatura nazarıyla bakıyorlar”.
Bir neçə gündən sonra Atatürk Okyara bir müxalifət partiyası qurmağını tapşırır. Bunu eşidən Fethi bəy təlaş keçirir, çünki əvvəlki müxalifət partiyası üzvlərinin başına gələnlərdən xəbərdar idi. Qurtuluş savaşını başladan paşalar İzmir sui-qəsdindən dolayı ölümdən döndülər, bəraət alanlar belə nəzarət altında saxlanılırdılar, Kazım Karabekir ev dustağı sayılırdı. Buna görə də Mustafa Kamal paşanın təklifi Fethi Okyarın ürəyindən olmur. Onun tərəddüd keçirdiyini görən paşa öz bacısı Makbule xanımın və ən yaxın dostu Nuri Conkerin də yeni partiyaya üzv olacaqlarını söyləyir. Bu adlar Orbayın bir qədər ürəklənməsinə səbəb olur.
Atatürkün bu qərara niyə gəlməsini söyləmək çətindir. Ola bilər ki, Şeyx Səid üsyanından sonrakı 5 il ərzində heç bir açıq narazılığın baş verməməsi onda tətbiq etdiyi yenilikləri Türkiyə toplumunun məmnunluqla qəbul etməsi illüzüyasını yaratmışdı. Digər tərəfdən, ikipartiyalı sistem ona həm diktatura ittihamlarından qurtulmağa imkan verərdi, həm də hakim CHP-na aid məmurların daha məsuliyyətli olmalarını şərtləndirərdi. Həm də narazılıqlar fonunda müxalif partiya "ildırımötürən" rolunu oynaya bilərdi.
Başqa vaxt da bu cəhdin uğurlu olacağı xeyli mübahisəlidir, amma seçilən vaxt lap əlverişsiz idi. Hələ XIX ikinci yarısından etibarən iqtisadi və maliyyə vəziyyəti acınacaqlı olan Türkiyə 1911-1922-ci illərdə 11 il davam edən müharibələrdən (Tripolitaniya müharibəsi, iki Balkan müharibələri, Birinci dünya müharibəsi və Qurtuluş savaşı) sonra olduqca ağır durumda idi. Ölkəni bu durumdan çıxaracaq savada, görüşə malik olan insanlar da az idilər. Atatürk daxil olmaqla iqtidardara yiyələnən insanların iqtisadi bilikləri də yetərli deyildi.
Vəziyyəti ən yaxşı şəkildə elə Atatürk özü yavəri ilə söhbətində təsvir etmişdi : "Bunalıyorum çocuk, büyük bir ıstırap içinde bunalıyorum! Görüyorsun ya, her gittiğimiz yerde mütemadiyen dert, şikayet dinliyoruz. Her taraf derin bir yokluk, maddi, manevi perişanlık içinde. Ferahlatıcı pek az şeye rastlıyoruz. Maalesef memleketin hakiki durumu bu işte. Bunda bizim günahımız yoktur. Uzun yıllar hatta asırlarca dünyanın gidişinden bihaber, bir takım şuursuz idarecilerin elinde kalan bu cennet memleket; düşe düşe şu acınacak hale düşmüş. Memurlarımız henüz istenilen seviyede ve kalitede değil; çoğu görgüsüz,kifayetsiz ve şaşkın".
1929-cu ildə başlayan ümumdünya iqtisadi böhranı mövcud durumu daha da ağırlaşdırdı, narazılıqları artırdı. Buna görə də müxalif bir partiyanın yaradılması xəbəri toplumda bomba kimi partladı. Dünyagörüşündən asılı olmayaraq iqtidardan narazı olanların əksəriyyəti avqustun 12-də yaradılan və Sərbəst Cümhuriyyət Firqəsi adı verilən bu partiyaya axışmağa başladı. Bu zaman partiyanın proqramında yazılan "Atatürkün ilke və inqilablarına sadiqlik" sözünə əhəmiyyət verən yox idi.
Azərbaycan Cümhuriyyətinin önəmli xadimlərindən Əhməd Ağaoğlunun hazırladığı partiya proqramında CHP ilə əsas fikir ayrılığı iqtisadi sahəyə aid idi. Sərbəst Firqə özəl sahənin inkişafının və xarici sərmayənin həvəsləndirilməsinin tərəfdarı idi. Qadınlara seçib-seçilmək hüququnun verilməsi də proqrama daxil idi.
Atatürkün göstərişi ilə hakim CHF daxilində Baş nazir İsmət İnönüyə qarşı müxalif mövqe tutan 13 millət vəkili SCF-nə qatıldı. Daha bir millət vəkili, Haydar Yuluğ könüllü olaraq yeni partiyaya qoşuldu. Fethi Okyar özü də aralıq seçkilərdə Gümüşhanedən millət vəkili seçildi. Beləliklə, yeni yaranan partiya Türkiyə Böyük Millət Məclisində artıq 15 nəfərlik qrupla təmsil olunurdu.
SCF-nin 1931-ci ilin parlament seçkilərində iştirak etməsi nəzərdə tutulurdu. Amma Fethi Okyar oktyabrda keçiriləcək bələdiyyə seçkilərində bəzi dairələrdə iştirak etmək qərarına gəldi. Atatürk də buna etiraz etmədi. Dövrün nəqliyyatı seçkilərə qalan az vaxt ərzində çox yeri gəzmək imkanı vermirdi, Okyar Egey dənizi sahillərindəki bəzi vilayətlərə baş çəkmək qərarına gəldi.
Bu gəzinti ölkədəki iqtisadi vəziyyətdən və Atatürkün tətbiq etdiyi dəyişikliklərdən narazılığın hansı həddə olduğunu açıq-aşkar ortaya qoydu. İzmir dəniz limanında Okyarı onminlərlə insan qarşıladı. Onlar "Qurtar bizi" şüarını səsləndirirdilər. Əsas hadisələr isə sentyabrın 7-də Alsancak stadionundakı mitinqdə (əslində 6-da olmalı idi, amma İsmət İnönünün yaxın adamı olan İzmir valisinin əngəlləri üzündən baş tutmur, Atatürk işə qarışmalı olur) baş verir.
Əlli mindən çox insanın iştirak etdiyi mitinqdə səsgücləndirici olmadığından bəzi SCF üzvləri Fethi bəyin dediklərini kütlə üçün uca səslə təkrar edirlər. Bu üzdən SCF başqanı çıxışındakı sözləri iki-iki, üç-üç tələffüz edir, yoldaşlarının təkrar etməsini gözləyərək davam edir. Mitinqdəki məşhur kuryoz hadisə də buna görə baş verir.
1925-ci ildə çıxan "Şapka kanunu"na əsasən fəs, sarğı və digər kişi baş örtükləri qadağan edilmiş, Avropasayağı şapkaların qoyulması məcburi olmuşdu. Fethi Okyar İzmir çıxışında SCF-nin başqa dəyişikliklər kimi bu qanuna da sadiq olduğunu göstərmək, mühafizəkar kəsimin əsassız gözləntilərini yatırtmaq istəyir. Buna görə də "Bizim şapkanı çıxarıb, fəsi gətirəcəyimizi söyləyirlər. Bizim bunlarla işimiz yox" cümləsini demək istəyir.
Amma yuxarıda göstərdiyimiz səbəbdən cümləni hissə-hissə deyir. "Bizim şapkanı çıxarıb…", digərləri təkrar edirlər, "fəsi gətirəcəyimizi söyləyirlər…", digərləri təkrar edirlər. Bu zaman stadiondakıların böyük əksəriyyəti cümləni səhv anlayaraq, gerisini gözləmədən sevinclə başlarındakı şapkanı yerə ataraq tapdamağa başlayırlar.
Bu hadisə barədə xəbər Atatürkə çatanda zahiri susqunluğa baxmayaraq etdiyi dəyişikliklərdən narazılığın hələ də güclü olmasını anlayır. Əslində bununla da Sərbəst Cümhuriyyət Firqəsinin taleyi həll olundu, Atatürkün ikipartiyalı sistemə nəzarət edə biləcəyi əminliyi yox çıxır. Amma SCF-nin ömrü hələ iki aya qədər davam etdi.
Oktyabrda keçirilən bələdiyyə seçkilərində SCF 502 bələdiyyənin 107-də iştirak edir və 31-də (bəzi mənbələr görə, 41-də) qələbə qazanır. Bunlardan ikisi – Samsun və Silifkə – şəhər bələdiyyələri idi. İddialara görə SCF-nin qələbəsi daha böyük idi, amma saxtakarlıqlara yol verildi. Seçkilərdən təxminən 40 gün sonra, noyabrın 17-də isə Ali Fethi Okyar Atatürkün də razılığı ilə pariyanı qapatdığını elan etdi. Bununla da Türkiyə Cümhuriyyətində çoxpartiyalılığa keçid istiqamətində ikinci cəhd də uğursuz oldu.
***
1930-cu illər dünyada demokratiyanın geriləməsi illəri oldu. Avropanın bir çox ölkəsində totalitar və sərt avtoritar rejimlər bərqərar oldu. Bu proses Türkiyəyə də təsirsiz ötüşmədi. Mustafa Kamal paşanı ölkənin diktatura imici daha narahat etmədi. Onun 1938-ci ildə vəfatından sonra prezident olan İsmət İnönü isə Cümhuriyyət Xalq Partiyasının (1935-ci ildə "Firqə" sözü "Partiya" ilə əvəz olundu) dəyişməz başqanı seçildi və "Milli şef" ünvanını aldı.