Onlar “Gezi Parkı” etirazlarının istintaqı çərçivəsində yalan ifadə verməkdə ittiham olunublar
“Gezi Parkı” etirazlarının istintaqı çərçivəsində yalan ifadə verməkdə ittiham olunan türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu barəsində hökm çıxarılıb.
İstanbul 24-cü Asliye Cəza Məhkəməsi Halit Ergençə 1 il 10 ay 15 gün, Rıza Kocaoğluna isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası versə də, onların daha əvvəl məhkumluqları olmadığı üçün qərar şərti cəza ilə əvəzlənib.
İstintaq materiallarına əsasən, Halit Ergenç və Rıza Kocaoğlu “Gezi Parkı” hadisələri ilə əlaqəli məhkəmə prosesində şahid qismində ifadə veriblər.
Onlar hadisənin əsas fiqurlarından biri olan Memet Ali Alabora ilə əlaqələrinin olmadığını bildiriblər.
Məhkəmədə çıxış edən Halit Ergenç istintaqa yalan ifadə vermədiyini deyib.
Bildirib ki, “Gezi Parkı” hadisələrində əsas fiqurlarından sayılan Memet Ali Alabora ilə heç bir tanışlığı yoxdur. Əlavə edib ki, sənətçi olduğu üçün onun kiminləsə səmimi foto-videosunun olması həmin şəxslə yaxın dost münasibətlərində olması mənasına gəlmir.
Lakin mobil telefon məlumatları və görüntülər əks təəssürat yaradıb.
Rəsmi hesabatlarda qeyd olunub ki, Halit Ergenç ilə Memet Ali Alabora arasında 12 dəfə zəng və mesajlaşma olub və bu əlaqə “Gezi Parkı” etirazlarının ən gərgin dövründə xüsusilə sıx olub.
Bundan əlavə, hər üç şəxsin “Gezi Parkı” aksiyalarında birlikdə iştirak etdiklərinə dair foto və video sübutlar var.
“Gezi Parkı” hadisəsi – 2013-cü ilin may–iyun aylarında Türkiyədə başlayan və ölkə üzrə yayılan genişmiqyaslı etiraz aksiyalarıdır.
Etirazlar ilk olaraq İstanbulun “Taksim” meydanında yerləşən “Gezi Parkı”ndakı ağacların kəsilərək yerində ticarət mərkəzi tikilməsinə qarşı çıxan azsaylı fəalların etirazı kimi başlayıb.
Lakin polis zorakılığı ilə müdaxilə edilməsi etirazların böyüməsinə səbəb olub və hadisələr qısa müddətdə hökumət əleyhinə yönəlmiş, bütün ölkəyə yayılmış kütləvi hərəkat halını alıb.
Etirazlar tez bir zamanda İstanbulla yanaşı Ankara, İzmir və digər şəhərlərə yayılıb, yüz minlərlə insan küçələrə axışıb, etirazların miqyası genişlənib.
Aksiya yalnız parkın qorunması ilə deyil, eyni zamanda hökumətin avtoritar siyasəti, ifadə azadlığına basqılar, polis zorakılığı və ictimai həyatın dini təsirə məruz qalması ilə bağlı narazılığı da əhatə edib.
Etirazlarda gənclər, tələbələr, sənətçilər, akademiklər, siyasi fəallar və partiyalar, qadın haqları və LGBTİ+ müdafiəçiləri, çoxsaylı qeyri-hökumət təşkilatları da iştirak edib.
Etirazlar zamanı 8 nəfər həyatını itirib, minlərlə insan yaralanıb.
Polis zorakılığı və insan haqları pozuntuları beynəlxalq miqyasda tənqid edilib. “Amnesty International” və “Human Rights Watch” insan haqları pozuntuları ilə bağlı hesabatlar yayıb.