Türkiyədə boykot çağırışı edən 16 şübhəli şəxs haqqında həbs qərarı çıxarılıb

Foto: Reuters

Saxlanılanlar arasında “Şakir Paşa Ailəsi: Möcüzələr və Skandallar” serialının baş rol ifaçılarından Cem Yiğit Üzümoğlu da var

İstanbul Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində “Nifrət və ayrı-seçkilik” və “İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə sosial mediada boykot çağırışı edən 16 şübhəli şəxs haqqında həbs qərarı çıxarılıb.

Barəsində həbs qətimkan tədbiri seçilən şəxslərdən 11-i saxlanılaraq İstanbul Polis İdarəsinə aparılıb. Saxlanılanların polis bölməsindəki əməliyyatlardan sonra Çağlayandakı İstanbul Ədliyyəsinə aparılacağı gözlənilir.

Saxlanılanlar arasında “Şakir Paşa Ailəsi: Möcüzələr və Skandallar” serialının baş rol ifaçılarından Cem Yiğit Üzümoğlu da var.

Saxlanılanlarla bağlı xəbərlərin ardından Oyunçular Birliyi sosial media hesabından “İdarə Heyətimiz üzvü, həmkarımız və dostumuz Cem Yiğit Üzümoğlu bu gün səhər tezdən saxlanılıb. İstintaqın məzmunu ilə bağlı məlumatları öyrənməyə çalışırıq. Vəkilləri ilə əlaqə saxlayırıq. Cem Yiğit Üzümoğlu tək deyil”, – deyə açıqlama verib.

“Vəkilin Səsi” Təşəbbüsündən Kərim Bütün proseslə bağlı bunları deyib:

“Sosial mediadakı paylaşımlarına görə Türkiyə Cəza Məcəlləsinin 216-cı maddəsi ilə istintaqa cəlb edilən və həbs edilən vətəndaşlarımızın hüquqi prosesini yaxından izləyirik. Heç kimin siyasi göstərişlərlə hərəkətə keçməsindən qorxmaq istəməyən prokurorlara qarşı qanunun aliliyini müdafiə etməyə davam edəcəyik”.

Martın 19-da İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra ölkədə siyasi gərginlik artırıb. Bu addım etirazlara səbəb olub. Polis etirazçıları gözyaşardıcı qazla dağıdıb. İstanbulda izdiham təhlükəsizlik əməkdaşlarına fişəng, başqa əşyalar atıb.

Bir sıra Avropa ölkələri İstanbulda baş verənlərdən narahatlıq bildirib.

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun saxlanmasından sonra CHP lideri Özgür Özel 22 martda verdiyi açıqlamada, etirazları işıqlandırmayan medianı tənqid edərək, bunun davam etməsi halında “istehlakdan gələn güclərini” istifadə edəcəklərini bildirib və boykot mesajı verib:

“Mənə deyirlər ki, yuxarıdan çox telefon gəlir. Mən isə sizə aşağıdan – milyonlardan, 10 milyonlardan telefon gətirəcəyəm. Sizi izləyənlərin 70%-i bizə səs verir. Ya tərəfsiz olun, ya da bundan sonra qarşınızdayıq.”

Bu açıqlamadan sonra Özel bəzi şirkətlərin adlarını açıqlayaraq, həmin şirkətlərə qarşı boykot çağırışı edib.

26 martda Prezident Rəcəb Tayyib Ərdoğan ad çəkmədən həmin şirkətlərə dəstək mesajı verərək, “Heç bir şirkətimizi bunların insafına buraxmayacağıq” deyib.

Həbslərə etiraz olaraq insanlar aprelin 2-də alış-veriş etməyəcəklərini bəyan ediblər.

Yoldaşlarının həbsi ilə bağlı universitet tələbələri “İqtisadi gücümüzü istifadə edirik, bayramdan sonra istehlaka bir günlük ara veririk” şüarı ilə kampaniyaya başlayaraq, 2 apreldə boykota qoşulmağa çağırıblar.

Boykota qoşulanlar arasında Türkiyənin bir çox tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri də var.

Ana səhifəDünyaTürkiyədə boykot çağırışı edən 16 şübhəli şəxs haqqında həbs qərarı çıxarılıb