Dövlət Turizm Agentliyi son 2 həftə ərzində ümumi dəyəri 6 milyon 51 min 904 manat olan 12 açıq tender elan edib.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlara görə, satınalmaların predmeti jurnalistlər, blogerlər və turizm sənayesinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili xidmətləridir.
Tanışlıq səfərləri Asiya, Avropa və Afrika qitəsindən gələcək olan blogerlər və jurnalistləri əhatə edir. Asiya ölkələri sırasında Türkiyə, Rusiya, Belarus, Cənubi Koreya, İsrail, Türkmənistan, Tacikistan, Qırğızıstan, Bəhreyn, Küveyt, Oman, Yaponiya və Pakistan yer alır. Avropa istiqaməti üzrə Avstriya, İsveçrə, Almaniya, İspaniya, İtaliya, Fransa, Polşa, Çexiya, Macarıstan, Yunanıstan, Böyük Britaniya və İrlandiya nəzərdə tutulub. Afrika qitəsindən isə Misir siyahıya daxildir.
Tender elanının qalibi şirkət hələ ki, müəyyənləşməyib.
Lakin Dövlət Turizm Agentliyi ölkənin beynəlxalq miqyasda tanıdılması və turizmin inkişafına “töhfə” vermək adı ilə bundan əvvəlki illərdə də mütəmadi şəkildə milyonluq tenderlər elan edib.
Bəzi ekspertlər isə hesab edirlər ki, sözügedən xərclər həddindən artıq yüksəkdir və vəsaitlərin bu formada xərclənməsi dövlət büdcəsi üçün əlavə yük yaradır. Onların fikrincə, turizmin təşviqi daha səmərəli və qənaətcil mexanizmlər vasitəsilə həyata keçirilə bilər.
Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə mətbuata açıqlama verərək bu xərclərə yönələn tənqidlərin əsassız olduğunu bildirib. Onun sözlərinə görə, turizmdən əldə olunan milyardlarla gəlirin fonunda dövlət xərclərinin “ekspertlər tərəfindən yenidən formatlaşdırılması” cəhdləri sadəlöhv təsir bağışlayır.
Kənan Quluzadə qeyd edib ki, bəzi media platformalarının xarici jurnalistlərin, blogerlərin və turizm sənayesi nümayəndələrinin Azərbaycan turizminin beynəlxalq bazarda təşviqi üçün cəlb olunmasına ayrılan xərclərə təəccüblənməsi səriştəsizlikdən xəbər verir. O vurğulayıb ki, turizm sahəsində rəqəmsal marketinq turistlərin cəlb edilməsinin əsas alətlərindən biridir:
“Dünyada səyahətçilərin üçdə birindən çoxu səyahət ideyalarını axtararkən sosial şəbəkələrə müraciət edir. Bu platformalarda aktiv olmaq sadəcə bizim seçimimiz deyil, zərurətdir”.
Müşavirin sözlərinə görə, Azərbaycan bu istiqamətdə xərclər baxımından hətta qonşu ölkələrdən də geri qalır və yaxın gələcəkdə rəqabət qabiliyyətinin artırılması üçün daha fəal addımlar atılmalıdır:
“Biz nəinki onlara çatmalı, məşhur şüarda deyildiyi kimi, hətta onları ötüb keçməliyik”.