Onun avtomobilindən qumbara tapıldığı iddia olunur
Siyasi mühacir Tural Sadıqlının əmisi Elmir Sadıqovun həbs olunduğu deyilir.
Tural Sadıqlı əmisinin onun siyasi fəaliyyətinə görə şərlənərək həbs olunduğunu bildirir.
Onun sözlərinə görə, əmisi Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğuları əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə şərlənib. Aprelin 24-də Sabunçu Rayon Məhkəməsinin hakimi Elnurə Rəcəbovanın qərarı ilə həbs edilib.
Tural Sadıqlı bir neçə gün öncə “Azad Söz” kanalında siyasi fəaliyyətinə görə ailə üzvlərinin – ata-anasının şərlənərək həbs olunmasına dair təhdidlər aldığını demişdi.
“Azərbaycan polisləri guya əmimin maşınından qumbara tapıblar. Bu, yalandır, böhtandır. Bunlar mənim, “Azad Söz” kanalının fəaliyyətinə görədir. Əmim paytaxtın Bakıxanov qəsəbəsində kirayə yaşayır. Onun vəkili vasitəsilə öyrəndik ki, həbsindən bir gün əvvəl evinə giriblər. Əmim evə gələndən sonra baxıb ki, mobil telefonu və 400 yüz pulu (Tural Sadıqlı pulun hansı valyuta ilə olduğunu dəqiq qeyd etməyib- red.) yoxdur. Dərhal ev sahibinə zəng edib. Növbəti gün isə evə polislər daxil olublar. Yanlarında da Ağa adlı bir nəfər olub. Əmimə deyiblər ki, sənin telefonun oğurlanmışdı. Oğrunu tapdıq. Halbuki, əmim polisə müraciət etməmişdi. Əslində, Ağa adlı həmin şəxs polislərin işverənidir. Polislər daha sonra əmimin telefonunda özlərinin əvvəlcədən çəkdikləri qumbara şəklini göstərib, deyiblər ki, bu, sənin telefonunda nə gəzir? Sonra əmimi və onun “Opel Corsa” avtomobilini Sabunçu rayonunun 13-cü Polis Bölməsinə aparıblar”.

“Bölmədə əmimə deyiblər ki, istəyirsənsə, ya qumbaranı özü üzərinə götür, ya da sənə narkotik maddəsini yükləyəcəyik. Əmim də deyib ki, necə istəyirsiniz elə də yazın. Razılaşıb, çünki onu valideynlərimi şərləyib həbs etməklə hədələyiblər. Əmim atamın yaşının çox olmasını və xəstəliklərini nəzərə alaraq onların yazdıqlarını təhdid və təzyiq altında imzalayıb. Bu şərləmə prosesində 13-cü Polis Bölməsindən Məhəmmədəli Cümşüdov, Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski, məhkəmə hakimi Elnurə Rəcəbova, polis kapitanı İlqar Əsədov iştirak ediblər”.
Sadıqlı deyib ki, bir neçə gün öncə valideynləri ilə bağlı təhdidləri ictimailəşdirəndən sonra əmisinin həbsinə qərar verilib.
“Əmim Elmir Sadıqovun gələn il 60 yaşı tamam olur və o, qumbara ilə gəzmir. Ehtimal edirəm ki, onlar ailəmə, əmimə, atama “terror maddəsi” qoyacaqlar. “Azad Söz”ün, mənim, atam Əlövsət Sadıqlının siyasi fəaliyyətindən dolayı belə cəzalandırılırıq. Bizdən mövqeyimizdən geri çəkilmək tələb olunur. İlham Əliyev, öz nazirinə, hüquq-mühafizə orqanlarına tapşırıq ver, dərhal əmim Elmir Sadıqovu həbsdən azad etsinlər. Elə bilirsiniz ki, mən fəaliyyətimi dayandıracağam? Atamı da həbs etsəniz, ailə üzvlərimi də güllə-baran etsəniz fəaliyyətimdən geri çəkilən deyiləm”.
Daxili İşlər Nazirliyi məsələ ilə əlaqədar Meydan TV-nin sorğusunu cavabsız buraxıb.
Hazırda mühacirətdə olan Tural Sadıqlı müəllifi olduğu “Azad Söz” kanalında hakimiyyətə qarşı sərt tənqidlərlə çıxış edir.
Fəaliyyətinə görə son illər Azərbaycanda bir neçə dəfə onun yaxınları saxlanıb. Hətta narkotik və polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılan qardaşı Elgiz Sadıqlı həbsdə də olub.
Onlar saxlanma və həbsi Tural Sadıqlıya görə şərlənmələri ilə izah ediblər. Amma hüquq-mühafizə orqanları belə dəyərləndirmələri qəbul etməyib. Rəsmilər bildirir ki, Azərbaycanda heç kim qohumunun siyasi mövqeyinə görə, ayrıseçkilik və təzyiqlərlə üzləşmir.
2025-ci ilin əvvəlində Baş Prokurorluq mühacirətdə yaşayan şəxslərə, eyni zamanda da Tural Sadıqlıya qarşı müxtəlif maddələrlə cinayət işi açıb.
Tural Sadıqlı kütləvi iğtişaşlara çağırış və başqa qanunsuz əməllərdə ittiham olunur.
Sadıqlı axtarışa verilib və onun haqqında qiyabi həbs qətimkan tədbiri seçilib.
O, haqqında səslənən ittihamları rədd edib və bunu tənqidi fəaliyyəti ilə əlaqələndirib.