“Əvvəl digər karqo şirkətləri ilə əlaqə saxlamaq və ya onlayn yazmaq mümkün olurdu”
Türkiyənin onlayn alış-veriş platforması olan “Trendyol”dan Azərbaycana məhsul çatdırılmasında gecikmələr yaranıb.
Bu barədə Meydan TV-yə alıcılar məlumat veriblər. Alıcıların sözlərinə görə, daha çox “Umico” vasitəsilə məhsul çatdırılmasında problemlər yaranıb.
Uzun müddətdir “Trendyol”dan alver edən Türkan Alıyeva bildirib ki, noyabrın 2-də aldığı məhsulu hələ də çatdırmayıblar. Halbuki “Trendyol”un mobil tətbiqində təxmini çatdırılmanın noyabrın 23-də olacağı qeyd edilib. İndi isə “karqom hardadır” bölməsində yükün transfer mərkəzində olduğu, hələ bir qədər də gecikəcəyi göstərilir.
Digər alıcı Aidə Qurbanova da noyabrın 8-də geyim malları alıb. “Umico” vasitəsilə malların ayın təxminən 26-da çatdırılacağı qeyd edilsə də, mallar hələ gəlməyib. Mobil tətbiqdə ümumiyyətlə, malların Azərbaycana çatıb-çatmadığı görünmür.
“Əvvəl digər karqo şirkətləri ilə əlaqə saxlamaq və ya onlayn yazmaq mümkün olurdu. Ən azı gecikmə səbəbi və təxmini çatdırılma vaxtı deyilirdi. İndi isə “Trendyol” mobil tətbiqində belə ətraflı məlumat, yaxud üzürxahlıq yoxdur”,-Qurbanova deyib.
Alıcılardan biri deyib ki, onun da sifarişi 15 gündən çoxdur gecikir. Doğrudur, COP29-a görə sifarişlərin bir qədər gecikəcəyi qeyd edilsə də, ən azı təxmini vaxt göstərə bilərlər.
“Umico”dan da gecikmələri təsdiqləyilər. Bildiriblər ki, gecikmələr bayram günləri səbəbindən baş verib. Amma alıcılara məhsulların təxminən nə vaxt çatdırılacağını söyləyə bilmirlər. Müştərilər bir neçə gün də gözləməli olacaqlar.
Bu ilin mayında “Trendyol”dan Azərbaycana məhsul çatdırılma xidməti bahalaşıb. Şirkətin yaydığı açıqlamada qeyd edilir ki, daha böyük həcmdə olan bağlamalar üçün qiymət dəyişikliyi olub. Yeni qaydalara əsasən, məhsul çeşidinin çox kiçik bir hissəsində müxtəlif həcmli bağlamaların qiyməti fərqlənir. Ən aşağı qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL – 399,99 TL arasında dəyişir.