Siyahıda Azərbaycan da daxil olmaqla 183 ölkənin və Avropa İttifaqının daxildir
ABŞ Prezidenti Donald Tramp aprelin 2-də ABŞ-nin ticarət tərəfdaşlarına, o cümlədən Avropa İttifaqından gələn mallara 20 faizlik qarşılıqlı rüsumlar tətbiq edəcəyini açıqlayıb. O, yeni rüsumlarla əlaqədar aprelin 2-sini “Amerikanın qurtuluş günü” elan edib.
Tramp bu addımı Amerikanın “azadlıq günü” adlandıraraq, “Amerika sənayesinin yenidən doğulduğu gün, Amerikanın taleyinin geri alındığı gün və Amerikanı yenidən zənginləşdirməyə başladığımız gün kimi əbədi olaraq xatırlanacaq” deyib.
“Bu, Amerika tarixində ən mühüm günlərdən biri, Amerika iqtisadi müstəqilliyinin bəyannaməsidir”.
Tramp düşünür ki, ticarət maneələri həm dost, həm də dost olmayan ölkələri ona güzəştə getməyə məcbur edəcək.
Tramp bir daha Amerikanı yenidən böyük və zəngin edəcəyinə söz verib:
“Ölkəmizi 50 ildən çoxdur soyublar. Bu, artıq olmayacaq”.
Ağ Evdə çıxış edən Tramp ABŞ-yə bütün idxal mallarına 10 faizlik baza tarifi və dünyanın onlarla ölkəsindən idxala daha yüksək rüsumlar tətbiq edəcəyini bildirib.
ABŞ-nin onilliklər ərzində necə “yaxın və uzaq xalqlar, dost və düşmənlər tərəfindən talan edildiyini” vurğulayan Tramp, qarşılıqlı tarifləri sadalayan bir cədvəl təqdim edib. Onlara 20 faiz Avropa İttifaqı malları, 34 faiz Çin malları, 46 faiz Yaponiya məhsulları, 32 faiz Tayvan idxalı və 25 faiz Cənubi Koreya idxalı daxildir.
Böyük Britaniya, Hindistan, Braziliya və İsveçrə də daxil olmaqla 10-dan çox başqa ölkə də siyahıya salınıb. Hər bir halda, o, ABŞ tariflərinin daha kəskin ola biləcəyini söyləyib.
Aprelin 5-dən minimal 10 faizlik baza gömrük rüsumu qüvvəyə minəcək. Bu tarixdən əvvəl gəmilərə yüklənmiş mallar, tranzitin son mərhələsindədirsə, tarifə cəlb olunmayacaq. Qalan tariflər aprelin 9-dan işə düşəcək.
Siyahıya 183 ölkə və Aİ daxildir.
Rüsumlar bir sıra keçmiş SSRİ ölkələrini də əhatə edir. Moldova 31%, Qazaxıstan 27%, Azərbaycan 10%, Ermənistan 10%, Gürcüstan 10%, Ukrayna 10%, Türkmənistan 10%, Qırğızıstan 10%, Tacikistan 10%. Rusiya siyahıda yoxdur.
Yeri gəlmişkən, Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin ümumi həcmi illik ifadədə 1.9 dəfədən çox artaraq 1.75 milyard dolları üstələyib. Azərbaycan ötən il Birləşmiş Ştatlara 135 milyon dollarlıq (+8.4 dəfə), ABŞ Azərbaycana 1.61 milyard dollarlıq (+1.8 dəfə) məhsul ixrac edib.
Tramp, ABŞ bazarına çıxmaq istəyən ölkələrin indi “imtiyaz üçün pul ödəməli olacağını” bildirib və əlavə edib ki, o, keçən ilki prezidentlik yarışı boyunca bu siyasətlə bağlı kampaniya aparıb “və bu gün bu vəd … yerinə yetirilib”.
Bir çox ekspertlər isə bu addımın ticarət müharibəsinə səbəb olacağından və dünya iqtisadiyyatının tıxanmasına gətirib çıxaracağından ehtiyat edirlər.
İqtisadçılara görə, tariflərin tətbiqindən hamı itirəcək, o cümlədən amerikalılar, onlar üçün təkcə idxal olunan deyil, bütün mallar bahalaşacaq. Birləşmiş Ştatların ticarət tərəfdaşları istər-istəməz cavab rüsumları tətbiq edəcəklər ki, bu da qlobal ticarətə zərər verəcək və bütün dünyada rifahın artımını yavaşladacaq.
Bəzi xarici iqtisadçılar isə bildirirlər ki, tariflər qlobal iqtisadiyyatı ləngidə, tənəzzül riskini artıra və orta ABŞ ailəsinin illik yaşayış xərclərini minlərlə dollar artıra bilər.
Böyük Britaniyanın maliyyə naziri Rachel Reeves Trampın açıqlamasına “Ticarət müharibələrinin heç kimə faydası yoxdur” deyərək cavab verən ilk şəxslərdən biri olub.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyen ABŞ Prezidenti Donald Trampın qlobal səviyyədə rüsumların tətbiqi ilə bağlı qərarının dünya iqtisadiyyatına ciddi zərbə vuracağını və nəticələrinin ağır olacağını deyib.
Bəyanatında Fon der Leyen bildirib ki, o, prezident Trampın qərarından “dərin təəssüf hissi” keçirir:
“Qlobal iqtisadiyyat ciddi şəkildə zərər görəcək. Qeyri-müəyyənlik artacaq və bu, daha da güclənən proteksionizmi təşviq edəcək”.
Avropa Komissiyasının prezidenti xəbərdarlıq edib ki, yeni tariflər bütün dünyada istehlakçılara zərər verəcək:
“Milyonlarla vətəndaş daha yüksək ərzaq ödənişləri ilə üzləşəcək. Dərmanlarla yanaşı, nəqliyyat da bahalaşacaq. İnflyasiya yüksələcək. Bütün böyük və kiçik bizneslər ilk gündən əziyyət çəkəcək”.
Fon der Leyen qeyd edib ki, Trampın bəzi ölkələrin mövcud qaydalardan ədalətsiz şəkildə faydalandığı fikri ilə razıdır və qlobal ticarət sistemini müasir iqtisadi reallıqlara uyğunlaşdırmaq üçün səyləri dəstəkləyir:
“Lakin bunu da açıq şəkildə bildirmək istəyirəm: Sizin tarifləri ilk və son vasitə kimi görməyiniz problemi həll etməyəcək”.
Avropa Komissiyasının prezidenti əlavə edib ki, iqtisadi blok ABŞ-nin bu addımına cavab verəcək.
“Biz artıq polad tariflərinə cavab olaraq ilk əks tədbirlər paketini yekunlaşdırırıq. Danışıqlar uğursuz olarsa, öz maraqlarımızı və biznesimizi qorumaq üçün növbəti əks-tədbirlərə hazırlaşırıq. Avropalılar olaraq biz həmişə öz maraqlarımızı, dəyərlərimizi təbliğ və müdafiə edəcəyik”, – o vurğulayıb.