ABŞ Prezidenti Donald Tramp fevralın 19-da Vaşinqtonda Sülh Şurasının ilk iclası çərçivəsində Qəzzanın bərpası üçün maliyyə ayırdığı deyilən ölkələrin adlarını açıqlayıb.
Tramp deyib ki, Azərbaycan da daxil olmaqla bir sıra ölkələr zolağın bərpası üçün 7 milyard ABŞ dollarından çox vəsait ayırıblar, Amerika isə ayrıca 10 milyard dollar ayırıb.
“Qazaxıstan, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt yardım paketinə toplam 7 milyard dollardan çox vəsait ödəyiblər”, – Tramp Vaşinqtonda Şuranın ilk iclasında bildirib.
Bir müddət sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “X” hesabında Azərbaycanın Qəzzanın bərpasına pul ayırdığını inkar edib.
“Gələcəkdə Azərbaycan Qəzzada Sülh Şurası vasitəsilə investisiya layihələrində iştirak etməyi nəzərdən keçirə bilər. Lakin bir məqamı dəqiqləşdirmək istərdim. Azərbaycan bu gün Sülh Şurasının iclasında elan olunan Qəzza ilə bağlı 7 milyard ABŞ dolları həcmində maliyyə təşəbbüsündə iştirak etməyi nəzərdə tutmur”, – Hikmət Hacıyev yazıb.
Amma o vurğulayıb ki, gələcəkdə Azərbaycan Sülh Şurası vasitəsilə Qəzzada sərmayə layihələrində iştirakı nəzərdən keçirə bilər: “Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir”.
Sülh Şurasının ilk toplantısı fevralın 19-da Vaşinqtonda yerləşən Sülh İnstitutunda keçirilib. İclasda Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla 20-dən çox dövlət başçısı iştirak edib.
Ötən ay Davosda rəsmi mərasimdə təsisi elan olunan Sülh Şurasına Azərbaycan da daxil olmaqla 26 ölkə qurucu üzv kimi qoşulub.
Trampın kürəkəni, iş adamı Cared Kuşner yanvarın 22-də Davosda Qəzza zolağında yenidənqurma üçün baş planı ictimaiyyətə təqdim edib. Onun sözlərinə görə, yenidənqurma üçün 25 milyard dollardan çox vəsait tələb olunacaq.
Qəzzanın bərpası, eləcə də Sülh Şurasının yaradılması Trampın elan etdiyi 20 maddəlik sülh planında nəzərdə tutulub. Vaşinqtonun Yaxın Şərqdəki bəzi müttəfiqləri Şuraya qoşulsalar da, Qərb müttəfiqləri hələlik kənarda qalıblar. Azərbaycan da Sülh Şurasında təmsil olunmağa razılıq verib.
Oktyabrdan bəri Qəzzada atəşkəs dəfələrlə pozulub, yüzlərlə fələstinlinin, dörd israilli əsgərin həlak olduğu bildirilir.
2023-cü il oktyabrın 7-də HƏMAS silahlı qruplaşması İsrailə hücum edərək 1200 nəfəri öldürüb, 250-dən çox girov götürüb. İsrail bundan sonra Qəzzaya zərbələr endirməyə başlayıb. Bu hücumlar nəticəsində azı 70 min insanın öldürüldüyü bildirilir.