Tramp özünü “Venesuela Prezidenti vəzifələrinin icraçısı” elan edib

Donald Tramp. İllüsrasiya: Meydan TV

ABŞ Prezidenti Donald Tramp özünü “Venesuela Prezidenti vəzifələrinin icraçısı” elan edib.

Tramp yanvarın 12-də “Truth Social”da “Wikipedia” məlumatları şəklində hazırlanmış foto paylaşıb. Fotoda Trampın 2026-cı ilin yanvarından həm də Venesuela Prezidenti vəzifəsini icra etdiyi qeyd olunub. 

Tramp 2025-ci ilin aprelində Roma Papası Fransisk vəfat edəndən sonra da özünün Roma Papası obrazında təsvir olunduğu foto paylaşmışdı.

ABŞ yanvarın 3-nə keçən gecə Karakasda əməliyyat keçirib və Venesuela Prezidenti Nikola Maduro ilə onun həyat yoldaşı Silia Floresi tutaraq ölkədən çıxarıblar. Beynəlxalq hüquq üzrə ekspertlər Maduronun ələ keçirilməsini qanunsuz adlandırıblar.

Bundan sonra Tramp bir neçə dəfə ABŞ-nin Venesuelanı idarə edəcəyini bəyan edib, baxmayaraq ki, ölkənin müvəqqəti Prezidenti Delsi Rodriges bunun əksini iddia edib: 

“Venesuelanı xalq və onun konstitusion hökuməti idarə edir. Prezident Nikolas Maduro hələ də var və mən onun yoxluğunda ölkəni idarə etmək məsuliyyətini daşıyıram”

Rodrigesin rəhbərlik etdiyi hökumət ABŞ ilə diplomatik missiyaların bərpası prosesi üzrə danışıqlara başladığını təsdiqləyib. ABŞ Dövlət Departamentinin nümayəndələri Karakasda olub və Venesuela tərəfi cavab ziyarətini nəzərdən keçirir. Tramp isə bildirib ki, Rodriges ABŞ ilə “tam əməkdaşlıq edir” və Karakas Vaşinqtona lazım olan hər şeyi verir.

Ana səhifəDünyaTramp özünü “Venesuela Prezidenti vəzifələrinin icraçısı” elan edib