Tovuzda məktəbdə sobanın tüstüsündən şagirdlər kütləvi  zəhərlənib

Tovuz rayonu. Foto: “mektebgushesi.az”

“Danışanda deyirlər ki, inkişaf edirik, bəs niyə bir normal məktəb binası tikmirlər?”

Tovuzun Aşağı Quşçu kəndindəki 1 nömrəli məktəbdə şagirdlər sobanın tüstüsündən zəhərlənib.

Bu barədə Meydan TV-yə məlumat verən kənd sakinləri bildirib ki, məktəbdə istilik sistemi olmadığına görə sinif otaqlarının qızdırılması üçün sobalarda ağac qırıntıları, yonqar yandırılır:

“Qalxan tüstüdən uşaqlar zəhərlənib”.

Məlumatda bildirilir ki, tüstüdən zəhərlənən uşaqlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb:

“O tikilinin adı məktəbdir, özündə məktəbdən əsər-əlamət yoxdur. Elə məktəb olar? Danışanda deyirlər ki, inkişaf edirik, bəs niyə bir normal məktəb binası tikmirlər?”.

Məlumatı Qazax-Tovuz Regional Təhsil İdarəsi də təsdiqləyib. İdarə məktəbdəki zəhərlənmə ilə bağlı məlumat yayıb:

“Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub. Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-yə yaxın şagird özünü pis hiss edib və təcili tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasına 55 nəfər gətirilib:

“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir”.

Ana səhifəSosialTovuzda məktəbdə sobanın tüstüsündən şagirdlər kütləvi  zəhərlənib