İlkin Süleymanovun həbs müddəti uzadıldı
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayeva prokurorluğun təqdimatını təmin edərək, İ.Süleymanovun həbs müddətini 1 ay 13 gün artırıb.
İ.Süleymanovun vəkili Əlibaba Rzayev Meydan TV-yə bildirib ki, onlar məhkəmədə həbs müddətinin uzadılmasına etiraz edib, prokurorluğun təqdimatının təmin olunmamasını istəyiblər. Ona görə də Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəklər. Vəkil hesab edir ki, müvəkkili barəsində həbs-qətimkan tədbirinin uzadılmasına, ümumiyyətlə, İ.Süleymanovun həbsdə saxlanmasına əsas yoxdur.
10 yaşlı N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb. Onun yandırılmış halda meyiti yanvarın 6-da elə kənddə tapılıb.
10 yaşlı qızın qətlində ittiham olunan 1973-cü il təvəllüdlü İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.
İ.Süleymanov həbs qərarından apelyasiya şikayətinə baxılanda hakimə bildirib ki, bu cinayətdən xəbərsizdir. Tovuz rayon Polis Şöbəsində dörd gün işgəncəyə məruz qalandan sonra dözməyərək, etiraf ifadəsinə imza atıb.
İ.Süleymanovun vəkilləri ona işgəncə verilməsi, yanvarın 6-da saxlandığı halda, iş materiallarında tutulma vaxtının 10 yanvar kimi göstərilməsi ilə əlaqədar yerli məhkəmələrə şikayət edib. Lakin bu şikayətlər təmin olunmadığına görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.
Baş Prokurorluq isə İ.Süleymanova işgəncə verilməsi barədə iddiaları təkzib edib.