“Vəkillər əllərində nə qədər sübut qoyur ortaya ki, İlkinin bu işdə təqsiri yoxdur, prokuror yenə də 20 il cəza istəyir”
Tovuz rayonun Dondar Quşçu kəndinin bir qrup sakini Prezident İlham Əliyevlə vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.
Müraciətə səbəb 2019-cu ilin noyabrında kənd sakini 11 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra yandırılmış meyitin tapılması və buna görə İlkin Süleymanovun həbsidir.
Onlar hesab edir ki, uşaq itkin sayıldığı dövrdə prezidentin bu işi nəzarətə götürüb, hüquq-mühafizə orqanlarının rəhbərlərinə cinayətin üstünün qısa müddətə açılması haqda göstəriş verməsi İlkin Süleymanovun qurban seçilməsinə gətirib çıxardı.
“Cənab prezident, sizi aldatdılar. Göstəriş verdiniz ki, bu cinayətin üstü qısa müddətdə açılsın, onlar da bir məzlumun üstünə yükləyib, cinayətin üstünün açılması görüntüsünü yaratdılar…“, – kənd sakinləri müraciətlərində bildirib.
2009-cu il təvəllüdlü Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Prokuror ona 20 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib. Mayın 24-də Gəncə Ağır Cinayətlər Məhkəməsində İlkin Süleymanovun vəkilləri müdafiə nitqilə çıxış edəcək.
“Bizim gücümüz ancaq prezidentimizdən nəyisə xahiş etməyə çatır. Ona görə də xahiş edirik ki, bizə kömək eləsin. Yoxsa bu məmurlar camaatı qara günə qoyub. Vəkillər əllərində nə qədər sübut qoyur ortaya ki, İlkinin bu işdə təqsiri yoxdur, prokuror yenə də 20 il cəza istəyir. Buna nə deyəsən? Belə haqsızlıq, belə qansızlıq olar?“, – kənd sakinləri deyir.
Dondar Quşçu sakinlərindən Bəşir Əhmədov deyir ki, İlkin Süleymanov o cinayəti törətmiş olsaydı, meyiti öz qapısında yandırmazdı. Onun fikrincə, öncədən cinayəti məhz İlkin Süleymanovun üzərinə atmaq planlaşdırılıb. Ona görə də gətirib onların qapısının qarşısına atıb yandırıblar. Qurban kimi məhz onun seçilməsini isə belə izah edir ki, İlkin Süleymanov yaşlı valideynlərilə tək yaşayırdı, özü ailə qurmamışdı, cinayəti onun üstünə atmaq üçün uyğun variant idi.
“Biz İlkinin təqsirsizliyinə əmin olduğumuza görə ona azadlıq istəyirik. Yoxsa onun qatil olduğunu bilsək, əlbəttə ki, cəzasını çəkməsini tələb edərdik. Çünki biz də bu kənddə yaşayırıq, təhlükəsizliyimizin qayğısına qalarıq. Bütün kənd hesab edir ki, İlkinə heyf oldu, əsl qatil tapılsın…“, – sakinlər Meydan TV-yə bildirib.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.
İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. 47 gün sonra isə qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.
Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.