Tovuz sakini: “İcra başçısı torpağımı əlimdən alıb, öz adamlarına verdi”

Nurəddin Abbasov. Foto: Meydan TV

“Mən kəndli adamam, bu yaşımda başqa harada işləyə bilərəm?”

Tovuz rayonunun Aran Yanıqlı kəndinin sakini Nurəddin Abbasov deyir ki, onillərdir təsərrüfat məqsədilə istifadə etdiyi torpağını əlindən alıblar. Kənd sakini baş verənlərə görə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovu günahlandırır.

“Torpağımı əlimdən almaq ailəmin dolanışıq mənbəyini bağlamaq deməkdir”

67 yaşlı Nurəddin Abbasov Meydan TV-yə danışır ki, 1995-ci ildə kəndli-fermer təsərrüfatı yaradıb, əkinçiliklə məşğul olmaq üçün Dövlət Fondundan 8 hektar torpaq sahəsi alıb. Onun sözlərinə görə, 2017-ci ilə qədər həmin torpaq sahəsindən ailəsini dolandırmaq üçün istifadə edib, əkin-biçinlə məşğul olub.

Akt

“Mən o tarpaq sahəsini Dövlət Torpaq Fondunun Xalq Deputatları Sovetinin qərarıyla daimi istifadə üçün almışdım. Uzun illər orada taxılçılıqla məşğul olurdum, yonca əkirdim. Ailəm, övladlarım var, onları bu torpağın və zəhmətimin hesabına dolandırırdım. Mən kəndli adamam, bu yaşımda başqa harada işləyə bilərəm? Torpağımı əlimdən almaq ailəmin dolanışıq mənbəyini bağlamaq deməkdir”, – Nurəddin Abbasov belə deyir.

“Yuxarı məhkəməyə şikayət etməyə imkanım yoxdur”

O bildirib ki, Məmməd Məmmədov Tovuz rayonuna icra başçısı təyin ediləndən sonra 20 ildən artıq istifadə etdiyi torpaq sahəsini əlindən alıblar. Torpaqla bağlı əlindəki sənədləri təqdim etsə də, xeyri olmayıb. Bundan sonra iş məhkəmə müstəvisinə çıxıb. Bu mübahisəyə Gəncə İnzibati Məhkəməsində baxılıb və çıxarılan qərar fermerin xeyrinə olub. Amma Gəncə Apelyasiya Məhkəməsi sonradan bu qərarı ləğv edib:

Nurəddin Abbasov. Foto: Meydan TV

“Düzü, yuxarı instansiya məhkəməsinə şikayət etməyə heç imkanım, pulum da yoxdur. Ali Məhkəməyə şikayət etmək üçün gərək vəkil tutasan, gedib-gələsən. Buna da imkan çatmır. Üstəlik, məhkəmənin ədalətinə də inamım itdi. Əlimdə bu qədər sənəd – dövlət aktı, şəhadətnamə, o yerin xəritəsi ola-ola əleyhimə qərar verildi. Səbəb də sadədir, çünki mən adi vətəndaşam, qarşı tərəf haqsız da olsa, onların sözü keçir. Torpağın sənədinin əsli arxiv idarəsindədir, onu yoxa çıxarıblar. Guya o sənəd olmadığına görə yeri təyin etmək mümkün olmayıb. Bu torpaq başqa ölkənin ərazisində deyil ki. Azərbaycanda, Tovuzda yeri təyin eləmək bu qədər çətin işdir?”

Dövlət Reyestrindən Çıxarış

İcra hakimiyyəti: “Əsassız iftiradır”

Kənd sakini iddia edir ki, vaxtilə onun taxılçılıqla məşğul olduğu ərazilərdə indi icra başçısına yaxın şəxslər tütünçülüklə məşğuldur:

“Mənim əlimdən alıb, öz adamlarına verdi…”.

Nurəddin Abbasov icra başçısının qəbulunda da olub. Onun sözlərinə görə, bu görüşün də faydası olmayıb: “Deyir ki, Dövlət Fondunun torpağıdı, dövlət özü əkəcək”.

Tovuz Rayon İcra Hakimiyyətindən Nurəddin Abbasovun iddialarını təkzib ediblər. İcra hakimiyyətindən Meydan TV-yə bildirilib ki, icra başçısının kənd sakininə məxsus torpaq sahəsini onun əlindən alınıb, özünə yaxın şəxslərin istifadəsinə verməsi haqda deyilənlərin heç bir əsası yoxdur:

“Qətiyyən həqiqətəuyğun deyil, əsassız iftiradır”.

Ana səhifəBölgəTovuz sakini: “İcra başçısı torpağımı əlimdən alıb, öz adamlarına verdi”