Arif Əzizov

Mənbə: Meydan TV

Başlıq: Arif Əzizov

Tovuz sakini: Anam xəstəxanada vəfat etdi, qızıl dişlərini oğurladılar

Məqalə yeniləndi:  25 İyun 2021

Baş həkim: "Meyitin ağzını açıb baxsınlar, bəlkə, protez ağzındadır"

“Anamla telefonla danışanda, səsi yaxşı gəlmədi. Soruşdum ki, niyə elə danışırsan? Dedi ki, protezimi çıxarıb, götürüblər, ağzımda dişim yoxdur”.

Tovuzun Alakol kənd sakini, 1959-cu il təvəllüdlü Leyla Əzizova aprelin 26-da pnevmoniya (ağciyər iltihabı-red) diaqnozu ilə Qazax Rayon Mərkəzi Xəstəxanası yerləşdirilib.

Ailəsinin dediyinə görə, xəstəxanaya daxil olanda onun ağzında üzərində səkkiz qızıl dişli protez olub.

Ailənin iddiasına görə, Leyla Əzizova COVİD-19 infeksiyasına yoluxmadığı halda, onu koronaviruslu xəstələr olan reanimasiya şöbəsinə yerləşdiriblər.

Xəstə mayın 2-də gecə saatlarında vəfat edib.

Mərhumun həyat yoldaşı Arif Əzizov Meydan TV-yə danışır ki, həyat yoldaşı həkimlərin səhlənkarlığı ucbatından vəfat edib: “Rentqen müyainəsi zamanı dedilər ki, pnevmaniyadır. Sən demə, aparıb, koronavirus xəstələrinin içinə salıblar. Bizi də içəri buraxmadılar. 70-ə yaxın yaşım var, əgər həyat yoldaşımda koronavirus olsaydı, mən də yoluxardım. Üst protezində səkkiz qızıl dişi vardı, dişi ağzından çıxarıblar. Yoldaşımın yeddi mərasimindən sonra xəstəxanaya getdik, gətirib bizə üzərində dörd qızıl olan protez göstərdilər. Bildirdik ki, bizim deyil”.

Ölüm haqqında şəhadətnamə

Ölüm haqqında şəhadətnamə

Mənbə: Meydan TV

"Kamera görüntülərini tələb etdim, dedilər göstərə bilmərik"

Mərhumun qızı Dünya Əzizova deyir ki, xəstəxana rəhbərliyindən kamera görüntülərini tələb ediblər: “Tələb etdim, çox səs-küy saldım. Lakin dedilər ki, görüntüləri sizə göstəməyə ixtiyarımız yoxdur. Anamı xəstəxanaya aparmasaydıq, bəlkə də, evdə sağalmışdı. Koronavirus olmadığı halda, onu həmin xəstələrin içinə saldılar, sonra da qızıl dişlərini oğurladılar. Bizə alt çənə protezi gətirdilər. Üstündə də dörd qızıl diş vardı. Mən də dedim ki, yox, bu deyil. Cavabında dedilər ki, ananız yatan çarpayının altından tapmışıq. Götürmədik, özlərinə qaytardıq. Həmin protezin yanında şəkər ölçmək üçün aparat və dərmanlar da vardı. Anamın heç vaxt şəkər xəstəliyi olmayıb”.

"Bizim xəstəxanada çöp də itə bilməz"

Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədova Meydan TV-yə ailənin ittihamlarını əsassız adlandırıb: “Həmin adam ağır vəziyyətdə xəstəxanamıza daxil oldu. Bütün personal nə lazımdırsa, əlindən gələni etdi. Xəstə vəfat edəndən sonra morqa göndərildi. Morqdan da dezinfeksiya olundu və birbaşa qəbristanlığa aparıldı. Əgər mərhum xəstəxanadan morqa, oradan da kəfənlənərək, birbaşa qəbristanlığa aparılıbsa, onun ağzını kim açdı baxdı ki, ağzında protezi var, ya yox? Bundan məlum olur ki, onlar yalan danışır. Əllərində konkret fakt yoxdur. Meyiti açıb baxsınlar, bəlkə, diş ağzındadır. Videogörüntülərə baxılıb. Məsələni polis araşdırdı. Bizim xəstəxanada çöp də itə bilməz. Xəstələr bura daxil olanda, üzərlərində nə varsa, ailələrinə təhvil verilir. Belə olan halda, onlar cinayət məsuliyyəti daşıyır ki, xəlvətdə koronaviruslu meyitin kəfənini açıblar, qaydaları, pozublar ağzına baxıblar. COVİD vaxtı Qazax Rayon Mərkəzi Xəstəxanası kimi işləyən xəstəxana olmayıb”.

Nəticələr

Nəticələr

Mənbə: Meydan TV

"Zəhmətimizin əvəzi budur?"

Baş həkim bildirib ki, Leyla Əzizova COVİD-19 virusuna yoluxub, xəstəliyi ağır keçirdiyi üçün vəfat edib: “COVİD-lə, ağır pnevmoniya ilə daxi olub, portalda adı-soyadı var. Kompüter və rentqen müayinəsi və xəstəlik tarixi var. Ailəsi çox yalan danışır. Şəxsən mənim yanıma üç gün gəlib-getdilər ki, “hörmət” etsinlər. Mən onu qəbul etdmədim. Buradakı işçilərimdən heç kim də bir manat almayıb. Heç kəsə bir manat verə bilməyiblər. Pul götürülsəydi, görün, nə hoqqalar törədərdilər. Bu ailə həkimlərin zəhmətini itirir. Reanimasiya şöbəsində həkim on gün həmin xəstənin başının üstündən getməyib. Zəhmətimizin əvəzi budur? Ayıbdır, belə söhbətlər lazım deyil. Ölənin ruhu qəbrində narahatdır”.

“Biz orada heç kimə pul təklif etməmişik. Anamı ilk gün xəstəxanaya yerləşdirəndə, Sevda xanıma dedik ki, doktor, xəstəmizin xətrinə nə lazımdır edək. O da bildirdi ki, bizim xəstəxana pullu deyil. Ona görə də bizimlə pul söhbəti etməyin”, - Dünya Əzizova həkimin söylədiklərinə cavab olaraq deyib.

Ölüm səbəbi

Ölüm səbəbi

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  25 İyun 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ts75dj

Ən çox baxılan