Yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
AzadlıqRadiosu xəbər verir ki, “Toplum TV işi” üzrə həbs olunmuş şəxslər xarici ölkələrə səfərlərinin qaçaqmalçılığın sübutu kimi göstərilməsini absurd adlandırıblar.
bugünki prosesdə təqsirləndirilən şəxslər onların işinə baxan Azər Tağıyev, Elnur Nuriyev və Roman Ələkbərovdan ibarət hakimlər kollegiyasına bir daha etirazlarını dilə gətiriblər. Etirazı səsləndirən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov hakimlərin məhkəməni qətiyyən ədalətli keçirmədiklərini, iş üçün önəmli vəsatətlərin heç birinin təmin edilmədiyini vurğulayıb.
Öncəki etirazlar kimi, bu da baxılmamış saxlanılıb.
A.Qurbanov xarici ölkələrə səfərlərin qaçaqmalçılığın sübutu kimi dəyərləndirilməsindən də danışıb. O, əslən gürcüstanlı olduğuna, orada qohum-əqrəbasının yaşadığına diqqət çəkərək, həmin ölkəyə səfərlərinin qaçaqmalçılıq məqsədi güdmək kimi tanıdılmasını absurd sayıb:
“Yaxud da ABŞ-yə, Almaniyaya, başqa ölkələrə dəvət olunmuşam, səfərə getmişəm. Bu səfərlərin tarixlərini cinayət işinə köçürüblər, guya bununla da qaçaqmalçılığı sübut ediblər. Ayıbdır, bu qədər də olmaz. Bizim xarici səfərlərimiz niyə ittihama salınmalıdır?”.
Digər təqsirləndirilən şəxslər də eyni məsələyə etiraz ediblər. Toplum TV-nin təsisçisi, hüquqşünas Ələsgər Məmmədli deyib ki, elə səfərləri var ki oraya dövlət rəsmiləriylə birlikdə qatılıblar.
Jurnalist Müşfiq Cabbarov həbsindən az öncə xarici ölkələrdən birindən avtomobil alıb. 2024-cü ilin martında jurnalist həbs olunduğundan, avtomobili Bakıda gömrükdən buraxdırmaq mümkün olmayıb, elə orada qalıb.
Vəkil Rəsul Cəfərovun sözlərinə görə, indi həmin avtomobilin harada olduğu bilinmir: “Sorğu versək də, nəticəsi yoxdur. O maşın gömrükdən hara gedib, bilinmir”.
Hakim Azər Tağıyev deyib ki, məhkəmə də sorğu verib, avtomobilin aqibəti barədə məlumat almağa çalışacaq.
“Toplum TV” işi üzrə jurnalistlərin məhkəməsi yanvarın 7-də davam edəcək.
“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb.
Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.
Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.