“Toplum TV işi”: Jurnalist həbsdə ölümlə hədələndiyini deyir

“Toplum TV işi” üzrə həbs olunanlar. Foto: Meydan TV

Bu gün, sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə həbs olunmuş jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib.

Prosesə hakim Azər Tağıyev sədrlik edib. 

“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb.

Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.

Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.

Prosesdə Toplum TV-nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli ötən iclasdakı çıxışına davam edib.  Ə.Məmmədli bu dəfəki çıxışında ittihamlara cavab verib. 

O, qeyd edib ki, Toplum TV-nin dövlət qeydiyyatından keçməməsi iddiası ittiham tərəfinin media sahəsindəki hüquqi tənzimləmədən məlumatsız olduğunu göstərir. 

“Toplum TV bir domen adıdır. Beynəlxalq Kommunikasiya Assosiasiyasının qaydalarına görə, domen adları beynəlxalq və ya ölkə kodları ilə ola bilər. Məsələn: “com”, “org”, “net”, “info”, “tv” və s. kimi domenlər beynəlxalq domen adlarıdır. Onlar internet üzərindən onlayn qaydada fərdi “e-mail” göstərərək, 8-10 dollar ödəyərək “whois.com” domenindən alına bilir. Bunun hər hansı digər prosessual qaydası və ya dövlət qeydiyyatı nəzərdə tutulmur”, – ekspert bildirib. 

Ə.Məmmədli Toplum TV yarandığı vaxt mövcud olan və sonradan qüvvəyə minən qanunların da bu media orqanının dövlət qeydiyyatından keçməsini tələb etmədiyini deyib.

Ələsgər Məmmədli. Foto: Meydan TV

“Toplum TV domeni 2016-cı ilin aprelində alınıb və internet səhifəsi 2017-ci ildə yaradılıb. O dövrdə Azərbaycanda media fəaliyyətini hüquqi tənzimləyən qanunvericilik aktları “Kütləvi İnformasiya Vasitələri” haqqında Qanun və “Televiziya və Radio yayımı” haqqında Qanun olub. 1999-cu ildə qəbul edilən Kütləvi İnformasiya Vasitələri haqqında Qanun yalnız çap mediasının Ədliyyə Nazirliyi nəzdində fəaliyyətə başlamadan 1 həftə öncə xəbərdarlıq etməklə qeydiyyatını nəzərdə tutur. İnternet üzərində və domen adları ilə daxil olunan resursların qeydiyyatı nəzərdə tutulmayıb”, – Ələsgər Məmmədli belə deyib. 

“2022-ci ildə “Media haqqında” Qanun qəbul edilib. Həmin qanunda da sadəcə domen adı “tv” olan və ya onlayn televiziya kimi özünü adlandıran qurumların “dövlət qeydiyyatı” nəzərdə tutulmur. Yeni qanun “platforma yayımçısı” anlayışı gətirib. Lakin bu adda fəaliyyət göstərən yayımçılar yalnız ən az gündə 8 saat canlı kəsintisiz yayımla məşğul olarsa, müraciət edib rəsmi qeydiyyatdan keçə bilərlər. Toplum TV heç vaxt 8 saat gündəlik yayımla məşğul olmadığına görə bu kriteriyaya uyğun gəlmir”, – hüquqşünas bildirib.  

Ə.Məmmədli daha sonra ittiham tərəfinin onun Toplum TV adından layihələr yazıb xarici təşkilatlardan qrantlar alması iddiasına aydınlıq gətirib. O, ittihamı əsassız adlandırıb. 

Onun sözlərinə görə, istintaq onun müxtəlif qurumlarla ekspert kimi bağladığı xidmət müqavilələrini qrant adı ilə təqdim etməklə sübutları saxtalaşdırıb. 

Ə.Məmmədli həm də vurğulayıb ki, Toplum TV-nin bir kommersiya fəaliyyəti olmayıb, hər hansı gəlir gətirməyib. 

“Sadəcə jurnalist olmaq və təlimlərdə jurnalist peşəsinə yiyələnmək istəyən gənclərin praktiki vərdişlərini həyata keçirmə platforması olub. İctimai qaydada heç bir maddi gəlir gətirməyən və ayrı-ayrı şəxslərin könüllü fəaliyyəti olub. Mənim buradakı fəaliyyətim sadəcə Toplum.tv domeni almaq olub”, – o bildirib. 

Ə.Məmmədli əlavə edib ki, onları heç bir əsas olmadan “mütəşəkkil cinayətkar dəstə” kimi təqdim edirlər: 

“Mütəşəkkil dəstənin heç bir əlaməti yoxdur”.

Proses zamanı bu iş üzrə ittiham olunan Fərid İsmayılov təcridxanada ölümlə hədələndiyini deyib.

Jurnalistin yaxınları da bunu Meydan TV-yə təsdiqləyiblər. Onların sözlərinə görə, Fərid İsmayılov məhkumlardan biri tərəfindən təhdid olunur: 

“Fərid yan kamerasındakı məhkumun onu öldürməklə hədələdiyini deyir. Fəridi sentyabrın 23-ü penitensiarın işçiləri tibb məntəqəsinə aparanda digər məhkum ona stəkan atıb.  Penitensiarın işçiləri Fəridin önünə keçib və stəkanın dəyməsinin qarşısını alıblar. Fərid nə qədər desə də hadisə aktlaşdırılmayıb. Sonra o vəkili ilə görüşüb, ona stəkan atan məhkumun otağını dəyişdirmək üçün müraciət edib.  Amma müraciətə baxan olmayıb”, – deyə yaxınları bildirib.

Foto: Fərid İsmayılovun şəxsi arxivindən
Foto: Fərid İsmayılovun şəxsi arxivindən

Yaxınları həmçinin bildirir ki, bir gün sonra yenidən oxşar hadisə təkrarlanıb. Bu dəfə isə məhkum ona isti su atmağa cəhd edib. Nəzarətçilərin müdaxiləsi ilə hadisənin qarşısı alınıb. Yenə də məsələ kökündən həll olunmayıb.

Sentyarın 25-i həmin məhkum  Fərid İsmayılova zərər verə bilmədiyi üçün aqressivləşib və öz bədəninə kəsici alətlə zərər vurub.  Bunları edərkən, Fərid İsmayılova  zərər verəcəyini deyib və onu təhqir edib.

Fərid İsmayılov deyir ki, məsələ həll olunmadıqca bunun qəsdən olduğunu və təxribat üçün şərait yaradıldığını düşünür.

Fərid İsmayılovun anası Məlahət İsmayılova Ədliyyə Nazirliyinin qaynar xəttinə zəng edərək, oğlunun başına gələnləri danışıb. Oğlu üçün nigaran olduğunu və təcilli tədbir görülməli olduğunu vurğulayıb. 

“Oğlumun başına nəsə gəlsə, Mirsaleh Seyidov bizə nə cavab verəcək?” – deyə əlavə edib.

 Qaynar xətt isə 30 iş günü ərzində onun mürəciətinə baxılacağını bildirib. Məlahət İsmayılova deyir ki, oğlunun hər gün zəng etmək imkanı yoxdur. Ona sadəcə həftədə iki dəfə zəng icazəsi verilir və məsələ həllini tapmadıqca o, Fəridin başına qorxunc bir hadisə gələ biləcəyindən qorxur. 

Penitensiar Xidmət hələlik məsələyə münasibət bildirməyib.

Ana səhifəSiyasət“Toplum TV işi”: Jurnalist həbsdə ölümlə hədələndiyini deyir