“Toplum TV” işi: Həbs olunanların apelyasiya şikayəti təmin olunmadı

“Toplum TV”. Foto: Meydan TV

“Verilən qərarların hamısı da hakimin iradəsilə yox, yuxarıdan gələn tapşırıqladır”

“Toplum TV” ilə bağlı cinayət işi üzrə həbsdə olan ictimai-siyasi fəalların istintaq dövründə həbsdə saxlanma müddəti təxminən bir həftə öncə daha 3 ay artırıldı. Onların vəkilləri Xətai Rayon Məhkəməsinin həmin uzatma qərarından apelyasiya şikayəti vermişdilər. Fəallardan bir neçəsinin şikayətinə oktyabrın 10-da Bakı Apelyasiya Məhkəməsində baxılıb. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, bu Platformanın Qurucu Heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynalov və “Toplum TV” internet televiziyasının redaktoru Müşfiq Cabbarlı vardı.

Qapalı keçirilən məhkəmə iclaslarında adları çəkilən şəxslərin hamısı 7 aydan çoxdur ki, qanunsuz və əsassız olaraq həbsdə saxlandıqlarını bildiriblər.

Akif Qurbanov vurğulayıb ki, bu cinayət işi siyasi sifarişlə başlayıb və verilən qərarların hamısı da hakimin iradəsilə yox, yuxarıdan gələn tapşırıqladır. Hakim bu işdə sadəcə, ona verilən göstərişi zalda elan edən icraçıdır.

Müşfiq Cabbarlı ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamının absurd olduğunu deyib. Onun sözlərinə görə, 7 ildir ölkədən çıxmayan insana qarşı qaçaqmalçılıq ittihamı irəli sürmək heç bir məntiqə sığmır: “Mən harda, necə qaçaqmalçılıq eləmişəm, hansı formada?”

Lakin onların heç birinin apelyasiya şikayəti təmin olunmayıb. Barələrindəki həbs qətimkan tədbirinin yanvara qədər uzadılması haqda Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Martın 6-da “Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun ofisində polisin axtarışı olub və qapısı möhürlənib.

Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında “Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədli də var.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər. Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Son bir il ərzində ölkədə korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” nəşri, ardınca “Kanal 13” internet kanalı, “Toplum TV” internet televiziyası və Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “meclis.info” saytının rəhbərləri və əməkdaşları qaçaqmalçılıq ittihamıyla həbs olunub. İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib.

Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər. Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.

Ana səhifəSiyasət“Toplum TV” işi: Həbs olunanların apelyasiya şikayəti təmin olunmadı