“Kimisə həbs etmək onun ailəsini də həbs etmək deməkdir”
Bu gün “Toplum TV işi” üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə “Toplum TV işi” üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
İlk öncə təqsirləndirilən jurnalistlər məhkəmədə vəkillərinə sənəd ötürmək istəyərkən konvoylar buna imkan verməyib. Hakim deyib ki, konvoylar sənədlərə baxış keçirdikdən sonra sənədləri vəkillərə verə bilərlər.
Fərid İsmayılov buna etiraz edərək bildirib ki, bu sənədlər onların müdafiəsi ilə bağlıdır və konfidensial qalmalıdır, hakim bundan sonra konvoyların baxış keçirmədən sənədlərin vəkillərə təhvil verilməsinə icazə verib.
Məhkəmədə vəkillər vəsatət verərək təqsirləndirilən şəxslər barəsində həbs müddətinin uzadılmaması və axtarış zamanı götürülmüş şəxsi əşyaların qaytarılmasını tələb ediblər. Bundan başqa, “Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədlinin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət verilib.
Akif Qurbanovun vəkili Fuad Ağayev vəsatətlə çıxış edərək deyib ki, həbs olunmuş şəxslərin həbs müddətinin uzadılması şablon ifadələrlə əsaslandırılıb. Avropa Məhkəməsinin də həbs qətimkan tədbiri ilə bağlı çıxarmış olduğu bir sıra qərarlarda deyilir ki, şablon ifadələrdən istifadə edərək azadlıq hüququ pozulmamalıdır, həbs qətimkan tədbiri mötəbər sübutlara əsaslanmalıdır.
“Bu insanların təqsirsizliyini bir kənara qoysaq, onlar 1 ildən artıqdır ki, həbsdədir və onların ittiham olunduğu cinayət maddələri zorakı cinayət deyil. Həbs qətimkan tədbiri həm ölkə daxilindəki, həm də Azərbaycanın üzərinə götürmüş olduğu beynəlxalq öhdəliklərə ziddir. Bu insanlar nə həbs olunmalıdırlar, nə də cinayət məsuliyyətinə cəlb edilməlidirlər”.
Fuad Ağayevin ikinci vəsatəti Akif Qurbanovun evində axtarış aparılarkən ailəsinə aid elektron cihazların götürülməsi ilə bağlı olub. Vəkil bildirib ki, cihazlarla bağlı ekspertiza rəyi var, həmçinin onların yaddaşının surəti çıxarılıb, ona görə də cihazlar ailə üzvlərinə qaytarılmalıdır. Bu həm də Qurbanovun ailə üzvlərinin mülkiyyət hüququnun pozuntusudur.
Ələsgər Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev də onun səhhəti ilə bağlı həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətlə çıxış edib. Vəkil qeyd edib ki, siyasi motivli işlərdə bütün təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilir. Lakin burada həmin şəxsin şəxsiyyəti, sağlamlığı, ailə vəziyyəti və prosessual əsaslara diqqət edilməlidir.
“Həbs olunanlar cəmiyyətin qiymətli adamlarıdır. Ələsgər Məmmədli xroniki zob xəstəliyindən əziyyət çəkir. Həbsi, həmçinin həbsinin haqsız olması onun sağlamlığını kəskin pisləşdirib. Həbsdə olması onun müalicəsinin səmərəli şəkildə təşkil olunmasına mane olur. Cinayət hüququnun iki prinsipi var: ədalət və humanizm. Heç kimə qəddar münasibət bəslənə bilməz. Bu gün görürük ki, sağlamlıq problemləri olan şəxs həbsdədir. Ələsgər bəy müayinə edilməlidir və ehtiyac olarsa əməliyyat olunmalıdır. Bu insanların ailələri də əziyyət çəkir. Kimisə həbs etmək onun ailəsini də həbs etmək deməkdir. İstintaqa mane olmaq bəhanədir, qeyri-mücərrəd ifadələrdir. Mən hər dəfə görüşəndə onun təngnəsəf, başağrılarından əziyyət çəkdiyini görürəm. Bir insan haqları müdafiəçisi kimi bunu görmək mənə əzab verir”.
Hakim həbs qətimkan tədbiri və cinayət işinə xitam verilməsi ilə bağlı vəsatətləri təmin etməyib, ailəyə məxsus əşyalarla bağlı vəziyyəti öz nəzarətinə götürüb araşdırılacağını deyib.
Məhkəmənin növbəti iclası mayın 19-na təyin edilib.
2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması“nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.
“Toplum TV”-nin əməkdaşları Fərid İsmayılova, Elmir Abbasova, Müşfiq Cabbara və İDİ-nin rəhbəri, həmçinin ResPlatformanın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
2024-cü ilin martın 8-də “III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.
Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə (Fərid İsmayılov və Elmir Abbasov) istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.
2025-ci il yanvarın 17-də “Toplum TV işi” üzrə istintaq yekunlaşıb.
Bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işə cəlb etmə), 192.3.2 (Qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitini leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2 (Eyni əməllər, xeyli miqdarda törədildikdə), 206.4 (Qaçaqmalçılıq, mütəşəkkil qrup tərəfindən törədildikdə), 213.2.1 (Vergiləri ödəməkdən yayınma, mütəşəkkil qrup tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
“Toplum TV işi” ilə bağlı məhkəmənin qərarı ilə polis nəzarətinə verilmiş jurnalist Fərid İsmayılov həmin gün – yanvarın 17-də həbs edilib.
2025-ci il fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Fevralın 26-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalistin həbsi ev dustaqlığı ilə əvəz edilib.
Təzyiqlərin artması “Toplum TV”-nin ölkədə fəaliyyət göstərməsini mümkünsüz etdiyindən, media qurumu fevral ayından sonrakı fəaliyyətini ölkə xaricində yaşayan jurnalistlər vasitəsilə həyata keçirməyə qərar verib.
2023-cü ilin noyabrından bu yana ölkədə 30-a yaxın jurnalist həbs olunub.
Onlara qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
Həbs olunanların əksəriyyəti “Meydan TV”, “AbzasMedia”, “Toplum TV” əməkdaşlarıdır.
Jurnalistlər özlərini təqsirli bilmir, dövlət başçısı və digər məmurların korrupsiya əməlləri, digər qanunsuzluqlar haqda araşdırmalarına görə cəzalandırıldıqlarını bildirirlər.