Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Toplum TV xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə bu dəfə istintaq çərçivəsində ekspert rəyi hazırlamış, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssisi Nəsimi Süleymanov dindirilib. Təqsirləndirilən şəxslər və vəkilləri mütəxəssisə suallar verib.
Ekspertiza rəyində təqsirləndirilən şəxslərin 79 min manatdan çox məbləğdə vergidən yayındığı iddia olunub. Təqsirləndirilən şəxslərdən Toplum TV-nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli N.Süleymanovdan bu rəqəmin hansı yoxlamalar nəticəsində əldə olunduğunu soruşub.
Mütəxəssisin cavabından məlum olub ki, nazirlik tərəfindən Toplum TV və Demokratik Təşəbbüslər İnstitutunda heç bir yoxlama keçirilməyib. Ə.Məmmədli məhkəmənin diqqətinə çatdırıb ki, qanunvericilikdə Vergi Xidmətinin səyyar və kameral yoxlamalarından başqa vergidən yayınma hallarını müəyyən edəcək üsul yoxdur.
N.Süleymanov da cavabında təsdiqləyib ki, rəyin hazırlanmasında sadəcə istintaq orqanının təqdim etdiyi rəqəmlərə əsaslanıb və vergi borcu olduğu iddia olunan rəqəmi hesablayıb.
Ə.Məmmədli məhkəməyə xatırladıb ki, onun müxtəlif beynəlxalq qurumlardan xidmət müqaviləsi əsasında aldığı ödənişlər istintaq orqanı tərəfindən qrant kimi təqdim olunub. O, nazirlik nümayəndəsindən qanunvericiliyə əsasən xidmət müqavilələrinin hansı dövlət qurumunda qeydiyyatdan keçirilməli olduğunu soruşub.
Mütəxəssis bu suala cavab verə bilməyib. Ə.Məmmədli suala özü cavab verərək bildirib ki, qanunvericilikdə xidmət müqavilələrinin qeydiyyata alınması ilə bağlı tələb yoxdur.
“Xidmət müqaviləsinin qeydiyyatdan keçirilməsi ilə bağlı tələb yoxdursa, mən onları harada qeydiyyatdan keçirə bilərdim? Bu müqavilələr əsasında aldığım və bank hesabımdan çıxardığım vəsaitlər üzrə mənfəət vergisini isə ödəmişəm və bu barədə arayışları məhkəməyə təqdim etmişəm”, – o əlavə edib.
Təqsirləndirilən şəxslərdən Toplum TV-nin əməkdaşı Fərid İsmayılov da mütəxəssisə suallar verib. O, özünə aid olan vergidən yayınma sübutlarının məhkəməyə təqdim olunmasını tələb edib. N.Süleymanov onun suallarına cavab verə bilməyib.
Jurnalist də etiraz olaraq iqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin məhkəməyə çağırılmasını tələb edib. Məhkəmə onun vəsatətini təmin etməyib.
Təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli də M.Cabbarovun məhkəməyə gətirilməli olduğunu deyib. O xatırladıb ki, ittiham aktında ona 11 min ABŞ dolları məbləğində köçürmə olduğu yazılsa da, sənədlərin tədqiqi mərhələsində belə bir sənədə rast gəlinməyib.
Daha sonra hakim təqsirləndirilən şəxslərdən Toplum TV-nin redaktoru Müşfiq Cabbarın üzərindən müxtəlif şəxslərə çatmalı olan pul vəsaitlərinin tapılması iddiası barədə sual verib.
M.Cabbar iddianı rədd edib və bildirib ki, üzərində yalnız videokamera olub.
“Üzərimdən pul vəsaitlərinin olduğu zərflər tapıldığı doğrudursa, ittiham tərəfi bununla bağlı protokol tərtib etməli idi”, – o əlavə edib.
Müdafiə tərəfi məhkəmənin diqqətinə çatdırıb ki, M.Cabbar saxlanılan zaman – 2024-cü ilin martın 6-da belə bir protokol tərtib olunmayıb. Yalnız həmin ilin oktyabrında istintaq orqanı belə bir iddianın olduğu, M.Cabbarın özünün imzası olmayan protokol hazırlayıb və sənədlərə əlavə edib. Həmin müddətdə isə M.Cabbar azadlıqda olmayıb.
Daha sonra Fərid İsmayılov vəsatət verib. O vurğulayıb ki, onun saxlanılması barəsində Xətai Rayon Məhkəməsinin qərarı olsa da, evində axtarış və hər hansı pul vəsaitinin götürülməsi ilə bağlı qərar olmayıb. Polislər isə onun evindən 3 min avrodan çox məbləğdə vəsaitin tapıldığını iddia ediblər.
“Bu pul mənə məxsus olmayıb. Olsaydı belə, polis onu götürə bilməzdi, çünki bu barədə məhkəmə qərarı olmayıb. Deməli, istintaq orqanı oğurluq edib. Demirsiniz mənim pulumdur? O zaman qaytarın pulumu”, – o deyib.
Növbəti məhkəmə prosesi fevralın 9-a təyin olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV-nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.