“Prezident İlham Əliyev bizi “qaçaqmalçı” adlandıraraq təqsizsizlik prezumpsiyasını pozub”
Bu gün, aprelin 24-də “Toplum TV işi” üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslər cinayət işinə xitam verilməsi, bu olmayacağı təqdirdə isə ev dustaqlığına buraxılmaları haqda vəsatət veriblər.
Eyni vəsatətlə bağlı “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli də çıxış edib. Məmmədli ittihamları qəbul etmədiyini, yekunda bəraət alacağına ümid etdiyini bildirib:
“Mənə qanunsuz sahibkarlıq, qaçaqmalçılıq və digər ittihamlar verilib. Amma mən sadəcə, müəllim işləmişəm. Bir dənə avtomobilim var, onun da üstünə həbs qoyulub. Vəkillərimlə tam razıyam. Hər gün təcridxanada televizora baxıram. Təəssüf edirəm, şəklimi qoyub yazırlar ki, qaçaqmalçıdır”.
Prosesdə çıxış edən Demokratik Təşəbbüslər İnstitutunun direktoru və III Respublika Platformasının spikeri Akif Qurbanov bildirib ki, onların qaçaqmalçılıq etmələrilə bağlı konkret məhkəmə hökmü olmasa da, hökumətə yaxın mətbuat və şəxsən Prezident İlham Əliyev onları “qaçaqmalçı” adlandırıb. Beləliklə də bu iş üzrə həbs edilənlərin təqsirsizlik prezumpsiyasını pozub.
Məsələyə münasibət bildirən hakim Azər Tağıyev də Akif Qurbanovun haqlı olduğunu bildirib, “haqqınızda hökm yoxdur, heç kim sizə “qaçaqmalçı” deməməlidir”, – deyib.
Akif Qurbanov bildirib ki, onların bu həbsi Prezident İlham Əliyev və ətrafının ittihamlarından sonra baş tutub. Təqsirləndirilən Ruslan İzzətli isə Prezident İlham Əliyevin məhkəmədə şahid kimi dindirilməsini tələb edib.
Ruslan İzzətlinin vəkili bildirib ki, müvəkkili martın 8-də həbs olunsa da, onunla bağlı 2023-ün noyabrında “AbzasMedia işi” üzrə cinayət işində tutulma qərarı verilibmiş. Bu texniki səhv olub və işin necə qurama olduğunu göstərib.
Prosesdə dövlət ittihamçısı Rauf Malışova etiraz edilib. İş üzrə həbs olunan Əli Zeynal bildirib ki, prokuror Rauf Malışov “AbzasMedia işi” üzrə məhkəmədə də ittihamı müdafiə edir və jurnalistlərlə pis rəftar göstərir. O, yeni prokurorun təyin edilməsini tələb edib və bunu “işlənmiş dövlət ittihamçısı” istəmədiklərilə əlaqələndirib.
“Azad medianın tabutuna vurulan mismarın səsi bütün dünyanı bürüyüb”, – bu sözləri məhkəmədə “Toplum TV işi” üzrə təqsirləndirilən jurnalist Muşfiq Cabbar deyib.
Prosesdə zərərçəkən qismində İqtisadiyyat Nazirliyi yanında Vergiyə Nəzarət Xidmətinin nümayəndəsi Ramil Abbasov elan olunub.
Azər Tağıyevin sədrlik etdiyi hakimlər heyəti hələ ki, vəsatətlərin heç biri ilə bağlı qərar elan etməyib.
İş üzrə növbəti məhkəmə prosesi 5 may saat 10:15-ə təyin olunub.
2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması“nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.
“Toplum TV”nin əməkdaşları Fərid İsmayılova, Elmir Abbasova, Müşfiq Cabbara və İDİ-nin rəhbəri, həmçinin ResPlatformanın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
2024-cü ilin martın 8-də “III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.
Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə (Fərid İsmayılov və Elmir Abbasov) istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.
2025-ci il yanvarın 17-də “Toplum TV işi” üzrə istintaq yekunlaşıb.
Bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işə cəlb etmə), 192.3.2 (Qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitini leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2 (Eyni əməllər, xeyli miqdarda törədildikdə), 206.4 (Qaçaqmalçılıq, mütəşəkkil qrup tərəfindən törədildikdə), 213.2.1 (Vergiləri ödəməkdən yayınma, mütəşəkkil qrup tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
“Toplum TV işi” ilə bağlı məhkəmənin qərarı ilə polis nəzarətinə verilmiş jurnalist Fərid İsmayılov həmin gün – yanvarın 17-də həbs edilib.
2025-ci il fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Fevralın 26-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalistin həbsi ev dustaqlığı ilə əvəz edilib.
Təzyiqlərin artması “Toplum TV”-nin ölkədə fəaliyyət göstərməsini mümkünsüz etdiyindən, media qurumu fevral ayından sonrakı fəaliyyətini ölkə xaricində yaşayan jurnalistlər vasitəsilə həyata keçirməyə qərar verib.
2023-cü ilin noyabrından bu yana ölkədə 30-a yaxın jurnalist həbs olunub.
Onlara qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
Həbs olunanların əksəriyyəti “Meydan TV”, “AbzasMedia”, “Toplum TV” əməkdaşlarıdır.
Jurnalistlər özlərini təqsirli bilmir, dövlət başçısı və digər məmurların korrupsiya əməlləri, digər qanunsuzluqlar haqda araşdırmalarına görə cəzalandırıldıqlarını bildirirlər.