Tolikin siyasi məhbus ailələrindən üzr istəməsi tələb olunur

illüstrasiya: Meydan TV

Tarix Əliyevə qarşı məhkəməyə müraciət edən məhbus yaxınlarının sayının hazırda 78 nəfərə çatdığı bildirilir

Siyasi məhbus anaları “Tolik” ləqəbli aparıcı Tarix Əliyevlə bağlı bəyanat yayıblar.

Bəyanat hazırda həbsdə olan Meydan TV əməkdaşları Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Ramin Deko (Cəbrayılzadə), eləcə də “Meydan TV işi” çərçivəsində həbs edilən jurnalistlər Fatimə Mövlamlı və Ülviyyə Əlinin (Quliyeva) anaları tərəfindən ictimaiyyətə təqdim olunub.

Bəyanatda bildirilir ki, Tarix Əliyev hakimiyyətin qeyri-rəsmi təbliğatçısı kimi çıxış edir və dövlət televiziyalarında iqtidarın mövqeyini cəmiyyətə çatdırır:

“Biz, cəmiyyətə bu qədər geniş çıxış imtiyazı ilə təmin olunan bu şəxsin siyasi məhbus ailələrinin ünvanına təhqirlər işlətməsini təsadüfi saymamaqla birlikdə, bu davranışı siyasi hakimiyyətin ona verdiyi direktivlərin tərkib hissəsi olaraq həyata keçirilmiş hücum kimi dəyərləndiririk. Bu səbəbdən, həm Tarix Əliyevi, həm də onun vasitəsilə cəmiyyətə nifrət ritorikası aşılayan siyasi hakimiyyəti bu hadisədə məsuliyyət daşıyan tərəflər kimi tanıyırıq”.

Bəyanatda həmçinin qeyd olunur ki, fərdi siyasi mövqeyinə görə cəzalandırılan şəxslərin yaxınlarına qarşı hücumlar repressiya kimi qiymətləndirilməlidir:

“Halbuki, həbs edilən şəxslərin hər biri hüquqi cəhətdən yetkin, azad iradəyə malik fərdlərdir və onların şəxsi qərarları üçün ailə üzvlərinin məsuliyyət daşıması nə hüquqi, nə də əxlaqi cəhətdən əsaslandırıla bilər”.

Qeyd olunub ki, məsələ ilə əlaqədar yaxın günlərdə məhkəməyə rəsmi müraciət olunacaq.
Onların hüquqlarını Zibeydə Sadıqova qoruyacaq.

Siyasi məhbus anaları Tarix Əliyevin bütün siyasi məhbus ailələri qarşısında açıq şəkildə üzr istəməsini tələb edirlər.

Hazırda həbsdə olan inanclı Bəxtiyar Babaşovun həyat yoldaşı, hüquq müdafiəçisi, jurnalist, Arzu Abdulla Meydan TV-yə bildirib ki, Tarix Əliyevə qarşı məhkəməyə müraciət edən məhbus ailələrinin sayı hazırda 78 nəfərə çatıb:

“Biz artıq Toliklə bağlı məhkəməyə müraciət etmişik. Onun sosial şəbəkədə qoşulduğu bir söhbətdə məhbus ailələrini təhqir etməsi təkcə məhbus ailələrinin deyil, bütün ləyaqətli insanların qəzəbinə səbəb olub. Biz konstitusiyon ölkədə yaşayırıq və bu kimi xoşagəlməz halların qanun çərçivəsində həll edilməsinə çalışırıq. Eyni zamanda, Tolik cəzalandırılmayana qədər biz mübarizəmizi davam etdirəcəyik”.

Aparıcı Tarix Əliyev bu yaxınlarda “TikTok” sosial şəbəkəsində canlı yayımlardan birində beynəxalq təşkilatlar və hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin ailələrini təhqir edib, onlar barəsində qeyri-etik ifadələrdən istifadə edib.

Bu da ictimai müzakirələrə və siyasi məhbus kimi tanınan şəxslərin ailələrinin narazılığına səbəb olub.

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyinin ən son məlumatına görə, hazırda ölkəfə 375 nəfər siyasi məhbus var.

Ana səhifəXəbərlərTolikin siyasi məhbus ailələrindən üzr istəməsi tələb olunur