"Əgər iqtisadiyyatda nələrsə dəyişilməsə, Azərbaycan problemlə üzləşəcək"
“Dünya energetikasında inqilabi dəyişikliklər baş verməkdədir”.
Bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin iyunun 8-də keçirilən plenar iclasında səsləndirib.
Nazir bildirib ki, bu proseslər neft hasil edən ölkələr üçün müəyyən təhdidlər formalaşdırır: “Buna ölkə iqtisadiyyatı hazır olmalıdır”.
Neft ölkələri üçün hansı təhdidlər var, devalvasiya ola bilərmi?
İqtisadçı Toğrul Maşallı deyir ki, Azərbaycan iqtisadiyyatının ümumi olaraq neftdən asılılığı davam edir: "Son illərdə müxtəlif dəyişikliklərin olacağı ilə bağlı açıqlamalar verilsə də, reallıqda ciddi addım atılmayıb. Ölkə iqtisadiyyatının diversifikasiyası üçün heç nə edilmir. Nəticə etibarilə biz hələ də neftdən asılıyıq. Bu da gələcəkdə bizə pis təsir edə bilər”.
Nazirin çıxışına gəlincə, Toğrul Maşallı deyir ki, o yalnız ümumi trendlərdən danışıb: "Bu yaxınlarda SOCAR-ın rus nümayəndəliyinin əməkdaşı danışmışdı. Hidrogen istehsalına toxunmuşdu. Bir sözlə, onun söhbətindən belə anlaşılırdı ki, neft şirkətləri də daha ekoloji təmiz yanacaq növləri axtarışındadır. Qaz ixracatı daha çox artır, nəinki neft. Belə amillər var. Yaşıl enerji, bərpa olunan enerji növlərinə ehtiyac artır. Problem odur ki, Azərbaycanda bunlar yoxdur. Azərbaycanın gəliri əsasən neft ixracındandır. Hətta indi bir sıra sahələr inkişaf etməyə başlayıb, onlar qeyri-neft sahələri sayılsalar da, neftlə sıx bağlıdırlar”.
“İqtisadiyyat elə formalaşdırılmalıdır ki, neftdən asılı olmasın”
İqtisadçı deyir ki, nəticə etibarilə dünya bazarında neftə tələbat azalsa, bu, müvafiq olaraq neftin qiymətinin enməsinə səbəb olacaq: "Bu zaman Azərbaycan problemlə üzləşəcək. Çünki bizdə neftdən başqa heç nə yoxdur. Nazir də onu nəzərdə tutur ki, biz buna hazır olmalıyıq. Bu, təhdiddir və dövlət büdcəsi elə formalaşmalıdır ki, neftdən asılılığı azalsın. İqtisadiyyat elə formalaşdırılmalıdır ki, neftdən asılı olmasın. Düzdür, bu barədə danışılır, amma reallıqda heç bir addım atıldığını görmürük”.
Toğrul Maşallının fikrincə, hazırda neftin qiyməti nisbətən yüksəkdir: "Amma keçən il və əvvəlki illərdə olduğu kimi yenə neftin qiymətinin enməsi ilə üzləşə bilərik. Bu da Azərbaycan iqtisadiyyatına təhdiddir və bu asılılıq aradan qaldırılmalıdır”.
“Bəs nazir nə təklif edir?”
İqtisadçı deyir ki, əgər iqtisadiyyatda nələrsə dəyişilməsə, Azərbaycan hər il neftin ucuzlaşacağı təhdidi ilə üzləşəcək: “Təəssüf ki, nazir bundan danışmayıb. Ümumi danışıb və bu barədə hamı danışa, hamı nəsə deyə bilər. Bəs nə təklif olunur? Bu ilin büdcəsində Mərkəzi Bankdan pul götürüb, büdcəyə köçürəcəklər ki, guya neftdən asılılıq azalsın. Halbuki elə o vəsait də neftdən asılıdır. Hər birisi qapalı çevrədir, elə bundan çıxmaq lazımdır. Bununla bağlı Milli Məclisdə müzakirələr aparılmır, çıxışlar, hesabatlar yoxdur. Bax, problem budur”.
“Neft sabah kəskin ucuzlaşsa, yenə 2020-ci il olacaq?”
Ölkə iqtisadiyyatına təhdidlərin olmasına gəlincə, Toğrul Maşallı deyir ki, bunun olması normaldır.
Onun sözlərinə görə, bütün iqtisadiyyatlarda daimi təhdidlər və risklər olur: “Bundan çıxış yolu, variantlar, ssenarilər olmalıdır. Bizdə indiki məqamda sırf bunlar yoxdur. Neft sabah kəskin ucuzlaşsa, yenə 2020-ci il olacaq, ya necə?”
Son günlərdə dünya bazarlarında neft qiymətləri yüksəlib.
"Bloomberg" agentliyinin məlumatına görə, artıma səbəb olan əsas amil neftə tələbin qismən canlanmasıdır.
İranın Vyanadakı diplomatik danışıqlar nəticəsində günlük, ən azı, 1 milyon barel neftlə qlobal bazara dönəcəyi senarisinin hələ reallaşmaması da bunda rol oynayır.
Azərbaycan neftinin qiyməti də uzun aradan sonra 70 dollar həddini aşıb. Bu artım əvvəlki aylarla müqayisədə önəmli sayılsa da, Azərbaycan Dövlət Neft Fonduna "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan daxil olan vəsaitin həcmi azalıb.
Bu ilin ilk beş ayı ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından Neft Fonduna 1 milyard 850 milyon dollar daxil olub. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 2 milyard 106 milyon dollar idi. Bu o deməkdir ki, son bir il ərzində yataqlar vasitəsi ilə əldə edilən gəlirlər 256 milyon dollar və ya 14 faiz azalıb.
Azalmaya səbəb iki əsas amil – neftin nəqli ilə bağlı xərclərin artması və hasilatın azalmasıdır.