Qənimət Zahid: “Kifayət qədər ciddi və əsaslı mənbədən məlumat almışam”
Hazırda mühacirətdə fəaliyyət göstərən “Kanal Turan”ın rəhbəri Qənimət Zahid ölkə başçısı İlham Əliyevin müsavatçı Tofiq Yaqubluya qarşı sui-qəsd hazırladığını deyib.
O, bu iddianı kanalın “Azərbaycan saatı” proqramının 3 yanvar buraxılışında səsləndirib.
Jurnalist bildirib ki, İlham Əliyev bu sui-qəsdi gerçəkləşdirməyi Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının xüsusi bir qrupuna tapşırıb.
Qənimət Zahid Meydan TV-yə yaydığı informasiyanın əsaslı olduğunu deyib:
“Kifayət qədər ciddi və əsaslı mənbədən məlumat almışam. Bu barədə efirdə danışmışam və sözümün də arxasındayam. Belə bir plan var. Ona görə də məcbur qalıb ifşa etdik. Təcrübə göstərir ki, bu cür məsələləri ifşa emək lazımdır. Amma mən bilmirəm bu barədə danışmaqla sui-qəsdin qarşısını aldım, yoxsa yox. Əgər planlaşdırdıqlarını yerinə yetirsələr, hamı söhbətin nədən getdiyini biləcək”.
Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu da bu iddianı bölüşür.
Yaqublu hakimiyyətin ona münasibəti baxımından, sui-qəsd planının da real olduğu qənaətindədir.
O deyir ki, yayılan məlumatla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyin perspektivi yoxdur:
“1 dekabrda ağır işgəncəyə məruz qalmağımla bağlı şikayət etsəm də, hələ cinayət işi açılmayıb. Belə olan halda, hakimiyyətin sui-qəsd planını araşdıracağına inanmıram”.
Ehsan Zahidov: “Nəyə görə Tofiq Yaqubluya sui-qəsd olmalıdır?”
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov sui-qəsd planı barədə deyilənləri uydurma və cəfəngiyyat adlandırıb:
“Nəyə görə Tofiq Yaqubluya sui-qəsd olmalıdır? Görünür, Tofiq Yaqublunu hələ də gündəmdə saxlamağa çalışırlar, ona görə belə uydurma xəbərlər yayırlar”.
2021-ci ilin dekabrın 1-də Bakının “Fəvvarələr bağı”nda Saleh Rüstəmovun azadlığı tələbilə aksiyada saxlanılan Tofiq Yaqublu 39-ci Polis Bölməsinə aparılıb.
Dediyinə görə, bölmədə onu döyüblər, sonra isə Ələt qəsəbəsinə apararaq işgəncə veriblər.
Tofiq Yaqublu 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub.
İddia olunurdu ki, o, “8-ci kilometr bazarı“nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib.
Nizami Rayon Məhkəməsi sentyabrın 3-də bu ittihamla Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Sentyabrın 2-dən məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib.
Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb.
Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. Bundan sonra Tofiq Yaqublu aclığı dayandırıb.