“Tofiq Yaqublunun yoldaşı və qohumu razılaşdırılmış tarixdə polis idarəsinə gəlməyiblər”

Nigar Həzinin sözlərinə görə, Tofiq Yaqublunun həbsi üzrə istintaq işi görülməyib

Elşad Hacıyev. Foto: DİN


Nigar Həzi: “Məqsəd Tofiq Yaqublunu həbsdə saxlamaqdır”

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev hazırda həbsdə olan Müsavat partiyasının Divan üzvü Tofiq Yaqublunun cinayət işi üzrə istintaqın hərəkətsiz qalması haqda iddiaları

təkzib edib

.

Tofiq Yaqublunun istintaqının hərəkətsiz qalması barədə fikirləri, mayın 12-də onun qızı Nigar Həzi “Facebook” səhifəsində yazıb.

Nigar Həzi mayın 7-də müstəntiq Ramil Əliyevin onu, anası və dayısı oğlunu şahid qismində dəvət etdiyini xatırladaraq əlavə edib ki, vəkil Nemət Kərimlinin vasitəsilə Nizami Rayon Polis İdarəsində olublar:

“Razılaşdığımız vaxtda – saat 11:00-da idarədə olduq. Müstəntiq idarədə deyildi. Bir saat idarənin önündə gözlədik. İcazə ilə çıxdığımıza görə çox gözləyə bilmirdik. Gözlədiyimiz vaxt isə dəfələrlə müstəntiqə zəng etsəm də zəngimə cavab vermədi”.

Nigar Həzinin sözlərinə görə, Tofiq Yaqublunun həbsi üzrə istintaq işi görülməyib:

“Mayın 12-də ata zəng edəndə özündən də soruşdum. Dedi ki, “müstəntiq bir dəfə gəlib vəkilim Nemət Kərimlini mənə təqdim edib. Ondan sonra bir daha müstəntiqi görməmişəm”. Atanın həbsdə qanunsuz saxlanmasının 2 ayı tamam olacaq. Heç bir istintaqın aparılmaması onu göstırir ki, məqsəd sadəcə olaraq Tofiq Yaqublunu həbsdə saxlamaqdır. Heç bir hüquq təhsili olmayan birisi bu işi çoxdan araşdırıb bitirmişdi. Görünür müstəntiqə hələ yuxarıdan hər hansı bir tapşırıq gəlməyib”.

Ancaq Elşad Hacıyev deyib ki, istintaqın hərəkətsiz saxlanılmaqla, ibtidai araşdırmanın uzadılması ilə bağlı səslənən iddialar əsassızdır.

Elşad Hacıyev iddia edir ki, cinayət işinin ibtidai istintaqını aparan Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi tərəfindən T.Yaqublunun həyat yoldaşı və qohumu şahid qismində mayın 7-də idarəyə dəvət olunmalarına baxmayaraq, məqsədli olaraq razılaşdırılmış tarixdə polis idarəsinə gəlməyiblər. Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir.

Tofiq Yaqublu martın 22-də həbs olunub. Ona qarşı CM-nin 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, onlara xəsarət yetirib.

T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl “Facebook” hesabında yazmışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı”nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır…”

T.Yaqublu bundan öncə də İsmayıllı hadisələrinə görə 2014-cü ildə həbs olunub, 2016-cı ilin martında azadlığa çıxıb. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.

Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.

Ana səhifəSiyasət“Tofiq Yaqublunun yoldaşı və qohumu razılaşdırılmış tarixdə polis idarəsinə gəlməyiblər”