Tofiq Yaqublunun səhhətinin ağırlaşdığı bildirilir

Tofiq Yaqublu. Foto: Facebook şəxsi səhifəsi

Onun öz həkimi Adil Qeybulla tərəfindən müayinə olunması üçün Penitensiar Xidmətə müraciət edilib

Təcridxanada 7 gündür aclıq aksiyası edən Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhətinin ağırlaşdığı bildirilir.

Bu barədə onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

“Tofiq Yaqublu yeriyəndə səndələyir, rəngi avazıyıb. Səhhətində ağırlaşma davam edəcək. O, 6 kilo çəki itirib”, – vəkili deyib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti vəkilin açıqlamasına hələ ki, münasibət bildirməyib.

Qızı Nigar Həzi isə qeyd edib ki, Tofiq Yaqublu bildirib ki, əvvəlki aclıq aksiyaları ilə müqayisədə bu dəfə daha sürətli çəki itirib:

“Tofiq Yaqublunun öd kisəsi yoxdur və səhhətində ciddi problemlər var. 6 günə 6 kq çəki itirmək onu deməyə əsas verir ki, Tofiq Yaqublunun həyatı təhlükədədir”.

Digər vəkili Nemət Kərimli isə bildirib ki, Tofiq Yaqublunun həkimi Adil Qeybulla tərəfindən müayinə olunması üçün Penitensiar Xidmətə müraciət edib.

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Elşən Hüseynov adlı şəxsin Almaniyaya gedib, orada vətəndaşlıq alması üçün Elnur Məmmədov vasitəsilə Tofiq Yaqubluya 25 min avro və 10 min manat pul verilib.

Tofiq Yaqublu isə bu ittihamın saxta olduğunu heç kimdən bir manat da pul almadığını bildirir.

Siyasətçi Elşən Hüseynov və ya Elnur Məmmədovla bu haqda belə bir söhbətinin olmadığını deyir.

Onların təxribat məqsədilə bu işə cəlb edildiyini bildirir.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Tofiq Yaqublunu 9 il azadlıqdan məhrum edib.

Ana səhifəSiyasətTofiq Yaqublunun səhhətinin ağırlaşdığı bildirilir