Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi həbsxanada atası ilə görüşdə maneələrlə üzləşdiyini bildirib.
Bu barədə Nigar Həzi özünün “Facebook” səhifəsində deyib.
O qeyd edib ki, əslində görüş müddəti 3 saat olsa da, 1 saatın sonunda vaxtın bitdiyini deyiblər. Bundan başqa o deyir ki, görüşə körpə uşaqla gəldiyi üçün uşağa yemək gətirsə də, içəri keçirməyə icazə verilməyib.
“Bu gün uşaq üçün yemək gətirmişəm. Su, “Cola”, xaçapuri tipli şeylər də gətirmişəm. Görüşə buraxmadılar. Dedilər hamı üçün görüşdə bunlar yığışdırılıb, olmaz. Bildirdim ki, heç olmasa uşağın yeməyini gətirim, onu da qoymadılar”, – deyə o qeyd edib.
Nigar Həzi əlavə edib ki, görüşlər adətən havasız, pəncərəsi açılmayan otaqda keçirilir və azyaşlı uşaqla bu şəraitdə qalmaq çətin olur.
Aidiyyatı qurumlar Nigar Həzinin açıqlamasına reaksiya verməyiblər.
Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub.
O, 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Yaqublu bu ittihamlara etiraz olaraq 2025-ci il aprelin 1-dən mayın 10-dək – 40 gün aclıq aksiyası keçirib.
Bundan öncə də Tofiq Yaqublu bir neçə dəfə uzunmüddətli və inzibati həbslərə məhkum edilib. Döyülüb, işgəncələrə məruz qalıb və dəfələrlə aclıq aksiyası keçirib.