Siyasətçi ilə hakim arasında mübahisə yaranıb
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsinin bir ili tamam olub.
Onun işi üzrə məhkəmə prosesi isə hələ də davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində gedən prosesdə sənədlərin tədqiqi mərhələsidir.
Məhkəmə prosesinə sədrlik edən Elnur Nuriyev cinayət işinin materiallarında olan müxtəlif sənədləri, o cümlədən Tofiq Yaqublu tutulduğu gün onun evində axtarışla bağlı protokolu elan edib.
Siyasətçi bildirib ki, protokolda göstərilən pulları axtarışı aparanların özləri evinə atıblar:
“Maya xanım (Tofiq Yaqublunun həyat yoldaşı) da burada ifadə verdi, həmin gün olanları dəqiqliyi ilə danışdı. Bir neçəsi evə daxil olan kimi yuxarı qalxıb, Maya xanımı da özləri ilə qaldırıb. O birilər də aşağıda döşəyin altına pulları qoyublar. Sonra aşağı düşüb, birbaşa gedib, döşəyin altına baxıblar. Mənim evimdən borclar yazılmış dəftər tapılıb. Mən dələduz olsaydım, evimdən o borc dəftəri çıxmazdı. Utansın bu hakimiyyət! O pulları gətirib ora qoyan da, götürən də şərəfsizdir! Demirsiniz ki, sən qoymusan o pulu, əgər mən qoymuşamsa, o zaman siz niyə narahat olursunuz bu sözdən?”
Tofiq Yaqublu xatırladıb ki, o, həbs olunan ərəfədə “AbzasMedia” nəşri ilə bağlı cinayət işi üzrə jurnalistlər kütləvi şəkildə həbs olunur və onların evlərində axtarış aparılırdı.
“AbzasMedia”nın ofisindən 40 min avro pul tapıldığı iddia olunurdu.
Nəşrin direktoru Ülvi Həsənli isə o pulu polislərin ofisı atdığını bildirmişdi:
“Mən izlənildiyimi bilirəm, jurnalistlərin evlərində, ofislərdə axtarış aparıldığını bilirəm, hansı axmaq evinə o boyda pul qoyar?”
Tofiq Yaqublu ekspertiza rəyinə də etiraz edib.
O bildirib ki, ekspert Hüseyn Həsənov pulun üstündən onun əl izini çıxarır, amma həmin pulları ona verdiyi iddia edilən Elnur Məmmədov (Vaqifoğlu) və Elşən Hüseynovun yox.
Məhkəmə prosesinin gedişində siyasətçinin işin istintaqını aparan Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi, rəy vermiş ekspertin fikirlərlə əlaqədar hakim Elnur Nuriyevlə Tofiq Yaqublu arasında mübahisə yaranıb.
Tofiq Yaqublu bildirib ki, heç bir cinayət törətmədiyi halda, bir ildir həbsdə saxlanılır:
“Mənim yerimə siz olsanız, səsiniz məndən bərk çıxar. Həbsdə keçən hər gün mənim həyatımdan gedir”.
Məhkəmə prosesi dekabrın 29-na qədər təxirə salınıb.
Tofiq Yaqublu dekabrın 14-dən həbsdədir.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb.
Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
İttihama görə, Elşən Hüseynov adlı şəxsin Almaniyaya gedib, orada vətəndaşlıq alması üçün Elnur Məmmədov vasitəsilə Tofiq Yaqubluya 25 min avro və 10 min manat pul verilib.
Tofiq Yaqublu isə bu ittihamın saxta olduğunu heç kimdən bir manat da pul almadığını bildirir.
Siyasətçi Elşən Hüseynov və ya Elnur Məmmədovla bu haqda belə bir söhbəti də olmadığını deyir.
Onların təxribat məqsədilə bu işə cəlb edildiyini bildirir.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib.
5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb.
O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub.
İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib.
Bu dəfə Nizami Rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.
Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib.
Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb.
Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb.
2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.
Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30 sutkalıq həbs olunub.