Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu sərbəst yerimək qabiliyyətini itirib.
Bu barədə siyasətçinin qızı Nigar Həzi Meydan TV-yə məlumat verib.
O bildirib ki, son günlər Yaqublunun ayağındakı şiş şiddətli ağrılar verməyə başlayıb və artıq dəstəksiz yeriyə bilmir.
“Kürdəxanıda olanda da atanın dizində şiş var idi və orada bir neçə dəfə müayinə olunmuşdu. Bu gün zəng günü idi. Danışanda dedi ki, ümumiyyətlə neçə gündür dəhşətli ağrıları olur, o dərəcədə dözülməz ağrılar olub ki, ayağı şişib, deyir yeriyə bilmirəm. Artıq bugün qoltuq ağacı istəyib, onu veriblər, onunla gəlib telefona. Çünki yeriyə bilmir. Keçən görüşdə dizlik almışdıq, amma məlum olub ki, dizliyi də ataya verməyiblər. Həkim deyib ki, ehtiyac yoxdur”, – deyə o bildirib.
Nigar Həzi həmçinin qeyd edib ki, Tofiq Yaqublu artıq 2 həftədən çoxdur 17 saylı Cəzaçəkmə Müəssisəsində karantindədir və buna baxmayaraq hələ də ümumi saxlanma hissəsinə köçürülməyib:
“Artıq 15-ci gündür karantindədir, “zona”ya köçürmürlər. Nəsə bir şeylər baş verir o tərəflərdə, ancaq aydın deyil hələ bizə ki, nə baş verir. Yəni bu qədər karantində saxlamaqlarında səbəb nədir bilmirik. Orda deyiblər ki, hələ 4-5 gün də burda olacaqsınız”.
Tofiq Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinir.
O, 2023-cü ilin dekabrında həbs olunub.
Yaqublu, 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.