Tofiq Yaqublu: “Ölümü mən özüm seçirəm”

Tofiq Yaqublu. İllüstrasiya: Meydan TV

Həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya qarşı təzyiqlərin artdığı bildirilir.

Bu barədə onun qızı Nigar Həzi “Facebook”da yazıb.

Onun sözlərinə görə, görüş ötən gün şüşə arxasında baş tutub. Görüş stressli və gərgin keçib. O, atasının saxlanıldığı kameraya müəssisə rəhbərliyinin nümayəndələrinin daxil olaraq kobud davranış nümayiş etdirdiyini və şəxsi əşyalarını götürdüyünü bildirib. Atası ona kameraya daxil olan əməkdaşların təhqiramiz rəftar etdiyini deyib:

“Kameraya rəis müavinləri və müəssisə işçiləri daxil olaraq müstəsna ədəbsizlik ediblər. ‘Qanunsuz əşya’ adı ilə qazan, dabankeş, ayaqqabı təmizləmək üçün süngər, su qızdırıcı, elektrik çaydanı və bəzi əşyaları götürüblər”.

O bildirib ki, əməkdaşlardan biri səs-küy salaraq onu təhdid edib:

“Nə? Siz mane olursuz axtarışa? Rəisin yanına getmək istəyirsiz? Qolunu qandallayın, rəisin yanına aparın!”

Bundan sonra Tofiq Yaqublunun kameradan çıxarıldığı bildirilir.

Nigar Həzi yazır ki, atasına qarşı bu davranışların məqsədi onu psixoloji təzyiq altında saxlamaqdır. Onun sözlərinə görə, Yaqublu başına gələnlərin davamlı xarakter daşıdığını düşünür.

Tofiq Yaqublu 9 gündür ki aclıq edir. Nigar Həzi atasının vəziyyəti haqqında yazıb ki, o, xeyli arıqlayıb, gözləri çuxura düşüb.

“Görünən odur ki, bu dəfə çəki itkisi çox sürətlə gedəcək və orqanizmi tab gətirməyəcək”.

Aclıq aksiyasını dayandırmaq cəhdləri nəticəsiz qalıb:

“İlk dəfə idi ki, ataya aclığı dayandırması üçün israr edirdim. Bu qədər etirazlarıma baxmayaraq o, aclığı dayandırmamaqda qətidir”.

Tofiq Yaqublu bildirib ki, onun həbsinin sonunun olmadığını düşündüyü üçün aclıq aksiyasını dayandırmaq fikri yoxdur:

“Mən bilirəm ki, bu həbsin sonu yoxdur. Bu dəfə məni karserə saldılar, gələn dəfə gəlib deyəcəklər ki, sənə qarşı yeni cinayət işi açırıq, daha sonra deyəcəklər ki, zona göndəririk, sonra yenə karserə salacaqlar və sonda məni Navalnı kimi öldürəcəklər. Xatırlayırsansa, Navalnını da karserə salıb zəhərləmişdilər. Bilirəm ki, bu rejim məni öldürəcək. Elə isə ölümü mən özüm seçirəm”.

Tofiq Yaqublunun saxlanıldığı müəssisə və Penitensiar Xidmət yayılan məlumatlara münasibət bildirməyib.

Hazırda ailəsi onun saxlanma şəraiti və təhlükəsizliyi ilə bağlı narahatdır.

Tofiq Yaqublu fevralın 25-də cəzaçəkmə müəssisəsində karserə salınıb. Ailəsinə bildirilib ki, Yaqublu guya kamerada aparılan axtarışa mane olduğu üçün 1 həftəlik karser cəzası alıb. Ailəsi bu qərarın siyasi motivli olduğunu deyir və bunu ABŞ-də qardaşı Rəhim Yaqublunun etiraz aksiyasından sonra baş verən “qisas” kimi qiymətləndirir.

Ailənin sözlərinə görə, Yaqublu karserə salınmasına və beynəlxalq ictimaiyyətin Azərbaycandakı insan haqları pozuntularına səssiz qalmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub.

O, 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.

Yaqublu bu ittihamlara etiraz olaraq 2025-ci il aprelin 1-dən mayın 10-dək – 40 gün aclıq aksiyası keçirib.

Bundan öncə də Tofiq Yaqublu bir neçə dəfə uzunmüddətli və inzibati həbslərə məhkum edilib. Döyülüb, işgəncələrə məruz qalıb və dəfələrlə aclıq aksiyası keçirib.

Ana səhifəSiyasətTofiq Yaqublu: “Ölümü mən özüm seçirəm”