“O yazışmalar mənim necə həyasızcasına şərləndiyimi sübut edir”
Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, bir ildən çoxdur həbsdə olan Tofiq Yaqublunun məhkəməsi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyilə keçirilən budəfəki məhkəmə prosesində Tofiq Yaqublu və vəkilləri bir sıra vəsatətlər qaldırıblar.
Vəsatətlərdən biri mobil operatorlardan məlumatların alınması barədə olub.
Tofiq Yaqublu bildirib ki, Almaniyaya getmək üçün ona pul verdiyini iddia edən Elşən Hüseynov və Elnur Məmmədovun, eləcə də Milli Şuranın üzvü, vəkil Vidadi Mirkamalın, AXCP fəalı Kənan Məmmədovun telefon anten məlumatlarının alınması zəruridir.
İttihama görə, zərərçəkmiş qismində tanınan Elşən Hüseynov Almaniyaya gedərək, orada vətəndaşlıq almaq istəyib və bunun üçün Elnur Məmmədov vasitəsilə Tofiq Yaqubluya 25 min avro, 10 min manat da pul verib.
Onların iddiasına görə, pul 2023-cü il dekabrın 8-də günorta Zabrat qəsəbəsində verilib.
Tofiq Yaqublu isə bildirir ki, həmin vaxt o, Pirşağı qəsəbəsində Milli Şuranın iclasında iştirak edib.
Bu məsələ ilə əlaqədar ötən məhkəmə iclaslarında Vidadi Mirkamal və Kənan Məmmədov məhkəmədə ifadə verib, onlar da Tofiq Yaqublunun dediklərini təsdiqləyiblər.
Hakimlər Vidadi Mirkamal istisna olmaqla, digər şəxslərin anten məlumatlarının alınmasına razılaşıb.
Daha sonra Tofiq Yaqublu Nərimanov Rayon Polis İdarəsində onunla bağlı cinayət işinin istintaqını aparan müstəntiq Abdulla Cəlilinin məhkəməyə çağırılıb, ifadəsinin alınması barədə vəsatət qaldırıb:
“Gəlsin, Elnur Məmmədov və Elşən Hüseynovun vatsap yazışmalarında olanlara aydınlıq gətirsin. O yazışmalar mənim necə həyasızcasına şərləndiyimi sübut edir. Axtarış zamanı həyat yoldaşım Maya xanımın telefonlarını, evimizin modemini götürüb aparıblar. Gəlsin, desin ki, hara aparıblar, niyə qaytarmırlar? Nə qədər prosessual pozuntular var. Maya xanım axtarışdan sonra protokolu imzalamayıb. Çünki evimizə basqın edən quldurlar o pulları özləri qoyublar. Maya xanım da onlara deyib ki, bu pullar bizim deyil. Müstəntiq qeyd edib ki, Maya Yaqublu protokola imza atmaqdan imtina elədi. Niyə imtina elədi, bunu yazmayıb. Amma dekabrın 14-də məni dindirəndə utanmaz-utanmaz mənə deyir ki, Maya xanım evdən pul tapılmasını təsdiqləyib. Bu yolla mənə təsir göstərmək istəyir. Gəlsin cavab versin ki, niyə yalan danışırdı?”
Elnur Nuriyev, Azər Tağıyev və Kamran Muxtarovdan ibarət hakimlər kollegiyası müstəntiqin dindirilməsilə bağlı vəsatəti baxılmamış saxlayıb.
Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib.
5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb.
O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub.
İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami Rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.
Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib.
Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb.
Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb.
2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.
Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30 sutkalıq həbs olunub.