Tofiq Yaqublu “kars”a salınıb, aclıq aksiyasına başlayıb

Tofiq Yaqublu. İllüstrasiya: Meydan TV

Fevralın 25-də Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun cəzaçəkmə müəssisəsində karserə salındığı məlum olub.

Bu barədə Meydan TV-yə onun qızı Nigar Həzi məlumat verib.

Ailəsi bildirib ki, fevralın 25-i zəng günü olsa da, Yaqublu adətən zəng etdiyi saatlarda əlaqə saxlamayıb. Bundan sonra vəkil onunla görüşüb və karserə salındığını ailəyə çatdırıb.

Nigar Həzinin sözlərinə görə, vəkil Nemət Kərimli ailəyə bildirib ki, Yaqublu guya saxlanıldığı otaqda aparılan axtarışa mane olduğuna görə cəzalandırılıb. Müəssisə rəhbərliyi tərəfindən ona 1 həftəlik karser cəzası verildiyi deyilir.

Nigar Həzi iddia edir ki, qərar siyasi motivlidir:

“Karserə salınmaq tapşırığı birbaşa İlham Əliyevdən gəlib. Bu, Vaşinqtonda qardaşım Rəhim Yaqublunun etiraz aksiyasında iştirak etməsindən və orada Tofiq Yaqubluya, eləcə də bütün siyasi məhbuslara azadlıq tələb etməsindən sonra baş verib. Bu, İlham Əliyevin Tofiq Yaqubluya qarşı qisasıdır. Təkcə ona yox, ümumilikdə siyasi məhbuslara qarşı qərəzli münasibətin göstəricisidir”, – deyə Nigar Həzi məlumat verib.

Nigar Həzi bildirib ki, ötən həftə ailə üzvləri Yaqublu ilə görüş zamanı kamerada yoxlama aparıldığı barədə söhbət ediblər.

“Dedi ki, kameraya baxış keçirib getdilər. Onun gizlədəcəyi heç nə yoxdur ki, axtarışa mane olsun. Axtarış zamanı ona qarşı kobud davranılıb. Görüşdə bizdən bəzi zəruri əşyalar istəmişdi. Həmin əşyaları çatdırsaq da, görünür, ona verilməyib. Çünki bu həftə vəkil vasitəsilə eyni əşyaları yenidən istəyib”, – deyə Həzi danışıb. 

Nigar Həzi deyir ki, Tofiq Yaqublu karserə salınmasına və “ABŞ administrasiyasının Azərbaycanda insan haqlarının kobud şəkildə pozulmasına göz yummasına” etiraz olaraq 3 gündür aclıq aksiyasına başlayıb.

“Bu, onun sayca 5-ci aclıq aksiyasıdır. Səhhətindən çox narahatıq. Bütün rəsmi qurumlara və diplomatik korpuslara məlumat göndərməyə başlamışam”, – deyə o vurğulayıb.

Ailə üzvü həmçinin son günlər digər siyasi məhbuslara qarşı saxlanma şəraitinin sərtləşdirildiyi və açıq görüşlərin ləğv edildiyi barədə xəbərlər aldığını da bildirib.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub.

O, 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.

Yaqublu bu ittihamlara etiraz olaraq 2025-ci il aprelin 1-dən mayın 10-dək – 40 gün aclıq aksiyası keçirib.

Bundan öncə də Tofiq Yaqublu bir neçə dəfə uzunmüddətli və inzibati həbslərə məhkum edilib. Döyülüb, işgəncələrə məruz qalıb və dəfələrlə aclıq aksiyası keçirib.

Ana səhifəSiyasətTofiq Yaqublu “kars”a salınıb, aclıq aksiyasına başlayıb