Azərbaycanın keçmiş xarici işlər naziri İsveçrədə mühacirətdə idi
1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri olmuş Tofiq Qasımov yanvarın 26-da İsveçrənin Lüsern şəhərində vəfat edib.
Bu barədə xəbəri Müsavat Partiyasının başqanı Arif Hacılı “Facebook”səhifəsində yayıb.
Tofiq Qasımov 1938-ci ildə Ağdaş rayonunda doğulub. 1945-1955-ci illərdə Ağstafa dəmir yol məktəbində oxuyub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və EA Fizika İnstitutuna işə göndərilib. Leninqrad şəhərində SSRİ EA-nın Fizika-Texnika İnstitutunda aspirant olub və 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir.
1987-ci ildə Bakı Alimlər Klubunun təşəbbüskarlarından olan Tofiq Qasımov bir il sonra AMEA-da Azərbaycan Xalq Cəbhəsinin Proqramının hazırlanmasında iştirak edib. 1989-1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub.
O, Milli Məclisin üzvü olub. 1992-ci ildə AXC hakimiyyətə gələndən sonra xarici işlər naziri təyin olunub. Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq, vəzifəsindən gedib.
1995-ci ildə mart hadisələrində şübhəli bilinərək həbs olunub. Həbsdən azad ediləndən sonra ölkəni tərk edərək, Türkiyəyə gedib və orada universitetlərdə dərs deyib. Sonradan isə İsveçrəyə mühacirət edib.