TIR-larla Heydər Əliyev prospektini bağlayan oğul və atasına hökm oxundu

Foto: Meydan TV

Hökmdən əvvəl hakimlə təqsirləndirilən şəxs arasında mübahisə düşüb

Təxminən iki il yarım əvvəl yük maşınlarının sürücüləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin icazə sənədlərini verməməsinə etiraz olaraq, Bakıda Heydər Əliyev prospektində yolu bağlamışdı. O zaman etiraz aksiyası keçirən “R Group Azerbaijan” yükdaşıma şirkətinin sürücülərindən üçünə inzibati qaydada 30 sutka həbs cəzası verilsə də, şirkətin rəhbəri Rəmiş Cəfərov haqqında cinayət işi başlanmışdı.

Rəmiş Cəfərovla yanaşı, onun atası Zəkrəm Cəfərov da cinayət məsuliyyətinə cəlb olunmuşdu. Lakin oğlundan fərqli olaraq, Zəkrəm Cəfərov həbsdə deyildi, istintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi. İki ildən çoxdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ata və oğul Cəfərovların məhkəməsi gedirdi. Bu müddətdə onların işinə baxan hakimlər də dəyişdi.

Rəmiş və Zəkrəm Cəfərovlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) və 320-ci (saxta sənəd hazırlama və ya belə sənədlərdən istifadə) maddələrilə ittiham irəli sürülüb.

Cinayət işində iddia olunur ki, Rəmiş Cəfərov yolu bağlamaqla ictimai qaydanı pozub, tıxac yaranmasına səbəb olub. Həmçinin atası ilə birlikdə bir neçə nəfərə əsasən pomidor və limondan ibarət məhsulların daşınmasıyla bağlı öhdəlik götürsə də, vaxtında məhsulları çatdırmayaraq, həmin şəxslərə ziyan vurmaqda, onların yükünü ələ keçirməkdə ittiham olunurlar.

Lakin Rəmiş və Zəkrəm Cəfərovlar bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Onlar etiraz aksiyasının təşkilinə görə cəzalandırıldıqlarını deyirlər.

İki ildən çox davam edən məhkəmə prosesinin yekunu olaraq, sentyabrın 23-də Rəmiş və Zəkrəm Cəfərovlara hökm oxunub. Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə çıxarılan hökmə əsasən, Rəmiş Cəfərov 6 il azadlıqdan məhrum edilib. Onun atasına isə şərti cəza verilib.

1990-cı il təvəllüdlü Rəmiş Cəfərov 2022-ci ilin fevralından həbsdədir.

Sentyabrın 23-də hökm oxunmamışdan əvvəl məhkəmədə Rəmiş Cəfərovla hakim Leyla Əsgərova-Məmmədova arasında mübahisə düşüb. O, təqsirsiz olduğunu, heç bir cinayət törətmədiyi halda, iki il yarımdır həbsdə saxlandığını, hüquqlarının pozulduğunu bildirib. Rəmiş Cəfərov vəkilindən imtina etdiyini məhkəmənin nəzərinə çatdırıb.

Vəkil də müvəkkilinin ondan imtina etməsilə razılaşıb.

Amma hakim təqsirləndirilən şəxsin bu istəyinin əleyhinə çıxıb. Onun müdafiəçisindən imtinasını qəbul etmək istəməyib: “Vəkilin prosesdə iştirakına yalnız hakim xitam verə bilər. Mən sizin imtinanızı qəbul etmirəm”.

Hakimin bu cür davranışı Rəmiş Cəfərovun etirazına səbəb olub: “Mən özüm də  hüquqşünasam. Siz məni nə hesab edirsiniz? Bu, nə deməkdir? Siz niyə mənim hüquqlarımı pozursunuz? Hər kəsin istədiyi müdafiəçi tərəfindən müdafiə olunmaq hüququ var. Mən bu müdafiəçidən imtina edirəmsə, siz onu zorla necə saxlaya bilərsiniz? Bunun özü qanunsuz davranışdır”.

Bu mübahisə ilə əlaqədar məhkəmədə fasilə yaranıb. Amma hakim fikrini dəyişməyib və həmin vəkili müdafiə nitqilə çıxış etməyə məcbur edib.

Ardınca təqsirləndirilən şəxslərin sozü və hökm elan olunub.

2022-ci il fevralın 17-də TIR sürücülərinin keçirdiyi etiraz aksiyasından sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomibil Nəqliyyatı Xidməti açıqlama yayaraq Rəmiş Cəfərovun özünü ittiham etmişdi:

İcazələrin bölgüsü prosesində daşıyıcıların özlərinin də iştirakı təmin edilib. Bölgü nəticələri daşıyıcıların assosiasiyasının saytında dərc edilərək ictimailəşdirilir. Əvvəlllər mövcud olan neqativ hallar tam və birmənalı dayandırılıb. Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış icazə blanklarını Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən tam maneəsiz əldə edirlər. Məlumat üçün bildirək ki, “İcazə” blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurur.

Yalnız bir daşıyıcı-Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq, özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub. Xidmətin məsul əməkdaşları tərəfindən dəfələrlə qəbul olunaraq mövcud qanunvericilik barədə müvafiq izahatlar verilməsinə baxmayaraq, Rəmiş Cəfərov müxtəlif vaxtlarda şantaj və hədə-qorxu yolu ilə ehtimal olunan real tələbatdan artıq sayda “İcazə” blankının alınması məqsədilə ictimai qaydanı dəfələrlə pozub”.

Ana səhifəSosialTIR-larla Heydər Əliyev prospektini bağlayan oğul və atasına hökm oxundu