Timoşenko seçkinin saxtalaşdırıldığını, ancaq nəticələrlə qane olacağını deyib

“Mən xalqın seçiminə hörmət edirəm”

Source: Meydan TV


“Mən xalqın seçiminə hörmət edirəm”

Rəsmi nəticələrdən sonra üçüncü olaraq prezident seçkilərinin ikinci turuna namizəd ola bilməyən Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko səsvermənin "saxtalaşdırıldığına" inandığını, ancaq nəticələrlə bağlı məhkəməyə etiraz etməyəcəyini bildirib.

Timoşenko aprelin 2-də Kiyevdə keçirilən mətbuat konfransında deyib ki, komediyaçı və siyasi təcrübəsi olmayan Vladimir Zelenskinin (Volodymyr Zelenskyy) qalibiyyətiylə nəticələnən 31 mart seçkiləri "yaxşı və pis arasında döyüş" olub.

Seçkilərdə hazırkı Prezident Petro Poroşenko ikinci olub.

"Seçki nəticələri saxtalaşdırılıb,"- Timoşenko deyib: "Prezident Petro Poroşenko ikinci tura (21 aprel) keçmək üçün lazım olan nəticələri əldə etməkdən ötrü texnologiyadan istifadə edib".

Ukraynanın Mərkəzi Seçki Komissiyası aprelin 2-də deyib ki, 98 faiz səsdən çoxu artıq sayılıb və Zelenski 30.24% səslə qalib gəlib. Poroşenko isə 15.93% səs toplayıb. Timoşenko 13.39% səslə üçüncü sıradadır. Müxalif namizəd Yuriy Boyko isə 11.66% səslə dördüncü yerdədir.

Timoşenko iddialarına baxmayaraq, seçkinin nəticələrinə etiraz etməyəcəyini deyib. “Mən xalqın seçiminə hörmət edirəm,” – deyə Timoşenko bildirib.

“Poroşenko seçkiləri saxtakarlıqla qazandı. Çünki o, bütün məhkəmələri “özəlləşdirib” və biz seçki ərzində və seçkidən öncə müşahidə edilən qanun pozuntularını şikayət edə bilmirik”.

Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Tetyana Slipaçuk deyib ki, səsvermə və səslərin sayılması sistematik pozuntu olmadan həyata keçirilib və beynəlxalq müşahidəçilər aprelin 1-də deyiblər ki, seçki “yaxşı idarə edilmişdi” və “rəqabətli idi”.

Timoşenko aprelin 21-də keçiriləcək seçkinin ikinci turunda iştirak edəcək namizədlərin heç birini dəstəkləmədiyini bildirib.

“Mən anlayıram ki, cəmiyyətdə səslərini rəsmi olaraq iki namizəddən heç birinə verməyən insanlar arasında sual var: “növbədə nə var, mən kimə səs verəcəm?” Seçkilərin ikinci turunda səslərin saxtalaşdırılmasına mane olmaq üçün əlimizdən gələni edəcəyik. Biz növbəti prezidentin Ukraynaya işləməsi üçün kömək edəcəyik,”- Timoşenko deyib.

Ana səhifəDünyaTimoşenko seçkinin saxtalaşdırıldığını, ancaq nəticələrlə qane olacağını deyib