“Azərbaycanda plüralizm boğulub, jurnalistlər, fəallar həbs edilib”
“Human Rights Watch”un ətraf mühit və insan hüquqları üzrə təmsilçisi Mirto Tilianaki COP29 iqlim konfransına ev sahibliyi edən Azərbaycanda azadlıqların vəziyyətindən yazıb.
Tilianaki hesab edib ki, COP29 iqlim sammiti ötən həftə işini bitirsə də, yetərli nəticə və irəliləyişlərlə yadda qalmayıb.
Qlobal istiləşmənin 1.5 dərəcə həddinin saxlanılmasını hədəfləyən sammit iqlim dəyişikliyinin ən pis fəsadlarından da yaxa qurtarmağa nail olmayıb.
Onun fikrincə, bunun üçün əsas səbələrdən biri də maliyyə ilə bağlıdır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qərara alınan razılaşmalar arasında 2035-ci ilə qədər ildə 300 milyard dollar dəyərində iqlim maliyyəsinin ayrılmasına qərar verilib.
Tilianaki məqaləsində qeyd edir ki, inkişaf etməkdə olan ölkələr qlobal istiləşmə ilə mübarizədə bu məbləğin yetərli olmadığı düşünürlər.
Onun sözlərinə görə, COP28-dən fərqli olaraq, Bakıdakı sammitin yekun mətnində mədən yanacağından istifadəni azalmaq ehtiyacı ilə bağlı heç bir qeyd əksini tapmayıb.
Bu da önəmli bir məsələdə irəliləyişin əldə olunmaması deməkdir.
Tilianaki İlham Əliyevin “Neft tanrının bizə bəxş etdiyi hədiyyədir” fikrinə istinad edərək qeyd edib ki, bu imkana malik ölkələr hasilatı genişləndirmək niyyətindədirlər:
“İqlim dəyişikliyindən ən çox əziyyət çəkən icmalar qalıq yanacaqla bağlı hasilatın bütün fəsadlarını üzərində hiss edir. Bu yanacaqdan imtina insan haqları sahəsində imperativ tələbdir. Tədbirə ev sahibliyi edən Azərbaycanın Prezidenti İlham Əliyev isə çıxışı zamanı bildirib ki, mədən yanacağı “Tanrının bizə bəxş etdiyi hədiyyədir”. Deməli, bu yanacağa malik ölkələrin onun hasilatını genişləndirmək niyyəti var”.
Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinə toxunan təşkilat rəsmisi hesab edir ki, bu ölkədə vəziyyət olduqca acınacaqlıdır: plüralizm boğulub, vətəndaş cəmiyyətinin tədbirdə yaxından iştirakı məhdudlaşdırılıb.
Ölkədə siyasi həbslərin olduğunu qeyd edən Tilianaki bildirib ki, Azərbaycan hökuməti COP29 öncəsi onlarla jurnalisti, vətəndaş cəmiyyəti təmsilçisi və fəalı həbs edib.
Onun sözlərinə görə, Azərbaycanda sərbəst toplaşmaq azadlığı qadağan edildiyindən fəallar aksiyalar keçirə bilməyiblər. Hətta onların konfrans zalının ətrafında və konfrans zalında şüar səsləndirmələrinə də imkan verilməyib. Ona görə də fəallar “səs-küy salmaq”la kifayətləniblər.
Azərbaycanda ifadə azadlığının boğulduğunu vurğulayan Tilianaki yazır ki, insan haqları müdafiəçiləri, fəallar, jurnalistlər hakimiyyəti tənqid etməkdən çəkiniblər və özlərinə senzura qoyublar, çünki tədbirdən sonra hakimiyyətin qisas alacağını düşünüblər.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda 300 civarında siyasi məhbusun olduğunu deyirlər.
Hesabatlara görə hazırda ölkədə 20-dən artıq jurnalist həbsdədir.
Müstəqil medianın fəaliyyəti məhdudlaşdırılıb, “AbzasMedia”, “Toplum TV”, “Kanal-13″ün rəhbərliyi, kollektivi və əməkdaşları həbs edilib. Redaksiyaların fəaliyyəti dayandırılıb, bu medialarla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışı qadağan edilib.
Bundan başqa, siyasi fəallar, insan hüquqları, ekologiya aktivistləri həbs edilib, bir çoxu istintaq altında saxlanılır.
Həbs edilənlərə qaçaqmalçılıq, xuliqanlıq və dələduzluq kimi ittihamlar irəli sürülsə də, saxlanılan və həbs edilən şəxslər ittihamları qəbul etmir, peşə fəaliyyəti, tənqidi baxışlarına görə həbsə atıldıqlarını deyirlər.
Azərbaycan hakimiyyəti isə ölkədə insan hüquqlarının durumu ilə bağlı tənqidləri qəbul etmir, bütün təməl hüquq və azadlıqların tam qorunduğunu bəyan edir.