“İlham Əliyev onu tənqid edən jurnalistləri və hüquq müdafiəçilərini susdurmağa çalışır”
“Azərbaycan prezidenti, qisas və repressiya tətbiq edir”, – “The Washington Post” qəzetinin fevralın 25-də dərc etdiyi redaksiya məqaləsində belə deyilir.
Yazıda qeyd edilir ki, beynəlxalq jurnalistlərin konsorsiumu tərəfindən aparılan araşdırmaya görə, Azərbaycanın hakim elitası avropalı siyasətçilərini satın almaq, lüks mallar almaq, pul yumaq və başqa özlərinə faydalı işlər üçün gizli fonddan istifadə edir. Bununla yanaşı, İlham Əliyev onu tənqid edən jurnalistləri və hüquq müdafiəçilərini susdurmağa çalışır. Hazırda o, prezidentin ailəvi sərvətlərini araşdıran jurnalistlərdən biri Xədicə İsmayılovanı cəzalandırmaqda davam edir.
İsmayılova ədalətsiz olaraq bir il yarım həbsdə saxlanıldıqdan sonra 2016-cı ildə sərbəst buraxılıb. O, Əliyev və ailəsinə aid telekommunikasiya, tikinti, qızıl mədəni, otel, media və hava yolları xidmətlərində gizli maliyyə əlaqələrini ifşa etmişdi.
Yazıda daha sonra qeyd edilib:
“Əliyev elitasının ölkəni talan etməsi ilə bağlı daha ətraflı məlumat 2017-ci ilin sentyabr ayında yayınlanmış “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmasındadır. Araşdırmada Birləşmiş Krallıqda qeydiyyata alınmış dörd şirkət vasitəsilə iki il ərzində 2,9 milyard dolların Azərbaycandan çıxarılmasından bəhs edilir. Yazıda ən azı üç Avropa siyasətçisinin, rejimə loyal hekayələr yazan bir jurnalistin və hökuməti tərifləyən iş adamlarının bu puldan yararlandığı qeyd olunur. Bu zaman müddətində isə Azərbaycan hökuməti 90-dan çox insan hüquqları müdafiəçisini, müxalif siyasətçi və jurnalisti, o cümlədən İsmayılovanı həbsxanaya atıb”.
İsmayılova səyahət qadağası daxil olmaqla 5 il sınaq müddəti ilə sərbəst buraxılıb. Fevralın 6-da o deyib ki, beş ilin dördü bitib və qanunlar vaxtın yarısı bitibsə, bu müddətin dayandırılmasına imkan verir.
Məqalədə qeyd edilib:
“Lakin Azərbaycanın Ali Məhkəməsi, şübhəsiz ki, Əliyevin istəyi ilə hərəkət edərək qoyulmuş səyahət qadağasını ləğv etmək barədə onun vəsatətini təmin etməyib. “Məhkəmə mənim işimin xüsusi olduğunu deyib”, İsmayılova deyib”.
Daha sonra redaksiya əlavə edir: “Biz də düşünürük ki, onun işi xüsusidir: demokratik idealların özəyini həyata keçirmək üçün mübarizə aparan cəsarətli bir jurnalist – hansı ki, azadlığı və qanunun aliliyinə dözümlü olmayan bir rejimin özünü məsuliyyətə cəlb edir”.
“Əliyevin avtokratik idarə üsulu özünü 9 fevral seçkilərində də göstərib”, – məqalə davam edir.
“Hakim Yeni Azərbaycan Partiyası 125 üzvlük müti parlamentdə öz üzvlərinin sayını artıra bildi. “O, azad və ədalətli deyildi”,- məqalədə seçkilər haqda rəy bildirilir.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı deyib ki, “məhdud qanunvericilik və siyasi mühit həqiqi rəqabətin qarşısını alıb” və seçicilərə “həqiqi siyasi müzakirələr olmadığı üçün əhəmiyyətli seçki mühiti təmin edilməyib. Səslərin sayılması zamanı önəmli pozuntular baş verib”, – yazıda qeyd edilir.