Zərərçəkənlər Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər
Dekabrın 7-də “Tərtər işi”ndə həbs olunanlar və onların yaxınları Prezident Administrasiyası qarşısında aksiya keçiriblər.
17 il azadlıqdan məhrum olunan Orxan Babayevin bibisi qardaşı oğlunun azad olunması üçün aksiyaya çıxdığını deyib:
“Atası Nəriman oğlunun həbsinin 11-ci ayından qəfildən vəfat etdi. Əvvəllər qardaşım gəlirdi, ürəyi dözmədi, öldü. İndi özüm gəlirəm. Hazırda 9 nəfərlik ailəyə sahibdir, körpə uşaqları var. Prezidentimdən xahiş edirəm ki, 17 il cəza alan Orxanı azad etsin, ailə başsız qalıb, evinə bir tikə çörək gətirən yoxdur. Çünki qardaşım oğlu günahsızdır, çox allahsızlıq, haqsızlıq etdilər”.
“Prezident bizim ahımızı eşitmirmi, axı o hər şeydən halidir? Sabah yenə də deyəcək ki, kasıbın balası gəlib torpağı qorusun. Onsuz da kasıbların hesabına yumruğunu yerə döydü, nazirlərin yox. Xahiş edirəm, prezident bu işə yaxşı baxsın”, – şikayətçi deyib.
Hadisələr zamanı 54 gün təzyiqlərə məruz qaldığını deyən Nemət Məhərrəmov bədənindəki işgəncə yerlərini jurnalistlərə göstərib. O, 2017-ci ilin mayında həbs olunduğunu və Marquşevanda (Tərtər rayonu ərasizində qəsəbə, hazırda Şıxarx adlanır – red) işgəncəyə məruz qaldığını deyib:
“Dəmiri qızdırıb bədənimə basırdılar, “tok”a verirdilər, ayağımdan asırdılar. Sutkalarla ac saxlayırdılar, 1 stəkan su nə idi ki, onu da vermirdilər. Bunların hamısı Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovun əmriylə həyata keçirilib. Şəxsən özü mənə işgəncə verib, o cümlədən, Hikmət Həsənovun əmisi oğlu Məhərrəm Həsənovun işgəncələrinin altında olmuşam”. Nemət Məhərrəmov deyib ki, bu iş əvvəldən planlaşdırılıb. Ona işgəncə verənlər arasında Teymur Məmmədov adlı zabitin olduğunu da bildirib.
O, Cinayət Məcəllləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunduğunu söyləyib:
“Üzümə 4 nəfər qoymuşdular. Onlardan Mehman Hüseynov və Elxan Ağazadə işgəncəyə dözməyib öldü. Anar Allahverdiyev və Teymur Rəcəbov isə yaşayır. Guya mən erməniyə nələrisə satmışam. Ancaq bir neçə il sonra etiraf etdilər ki, gizir Nemət Məhərrəmov heç nə satmayıb. Səbəb nə idi ki, mən 54 gün ağır işgəncələrə məruz qaldım? İşgəncələrə baxmayaraq, 274-cü maddəni boynuma qoya bilmədilər”.
Zərərçəkən deyir ki, indi də işsizdir, ailəsini saxlaya bilmir. Səbəb isə həmin hadisələrdə saxlanılmasında görür:
“İşdən də ona görə çıxartdılar ki, idman normativlərini yerinə yetirə bilmədim. Təsəvvür edirsiniz, 54 gün işgəncə altında olmuşam, sonra da deyirlər ki, normativləri yerinə yetirə bilmirsən. Mənə görə qaynımı da işdən çıxartdılar”.
Nemət Məhərrəmov əslən Tovuz rayonundandır, Ağdamda, Goranboyda, Tərtərdə ön xətdə xidmət edib. O, aksiyaya mane olan polislərə deyib:
“Mən burdakı polislərə üz tutub deyirəm, bizim başımıza gətirilənlərlə hər birinizin övladları qarşılaşa bilər. Biz bura aksiya keçirməyə yox, haqqımızı tələb etməyə gəlmişik. Xahiş edirəm, cənab prezdent bizimlə görüşsün və hansı işgəncələrə məruz qaldığımızı görsün. Dəfələrlə müraciətlərim olub, 20 sentyabrdan Prezident Administrasiyasına məktublar göndərirəm, amma reaksiya yoxdur”.
Hazırda cəza çəkən Müşfiq Əhmədovun anası deyib ki, övladı 2017-ci ildə məzuniyyətdə ola-ola günahsız həbs olunub:
“Təsəvvür edin ki, oğlum məzuniyyətdəydi, gəlib evdən aparıblar. İndi də Prezident Administrasiyasının qarşısına aksiyaya çıxmışam, amma dövlət başçısına və dövlətimə qarşı deyiləm. Tələbim oğlumun işinin araşdırılmasıdır, bilirəm ki, oğlum günahsızdır, ona görə bura gəlmişəm”. “Oğlum 2016-cı ildə keçirilən hərbi əməliyyatda 16 işğalçı öldürüb və 16 il cəza alıb. Bu idimi onun günahı?! Bax, “vur komandir” çağırılan oğlanın anasıyam. Ancaq oğlumu həbs etdirənlərin rütbələrini artırıblar. Oğlumun məhkəməsinə də buraxmadılar, ona görə də hesab edirəm ki, iş qanunsuz aparılıb”, – ana deyib.
Müşfiq Əhmədovun anası deyib ki, yazdıqları ərizələrin, şikayət məktublarının heç birinə cavab ala bilmirlər:
“Prezidentimiz “dəmir yumruq” demirmi, bax, onu vursun stola, bu işə düzgün baxsınlar. Kamran Əliyevə Xanlar Vəliyevdən şikayət edirik, o da yenidən Xanlar Vəliyevə göndərir. Belə şey olar? Səs vermişəm Prezidentə, bizi qəbul etsin, heç olmasa birimizi qəbul etsin”.
7 may 2017-ci ildə Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə bir qrup hərbçinin və mülki şəxsin saxlanıldığını bəyan edib.
Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Bir qrup şəxs müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Lakin tezliklə məlum olub ki, araşdırma zamanı ən azı 8 nəfər şübhəli bilinən şəxs işgəncələr nəticəsində ölüb. Daha sonra ölənlərin dördünə bəraət verilib, onlara qarşı ittihamları saxtalaşdırmış müstəntiqlər isə 7 ilədək azadlıqdan məhrum ediliblər.
İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının aprelin 13-də yaydığı bəyanatında qeyd olunurdu ki, “Tərtər işi” çərçivəsində ən azı 78 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və dövlətə xəyanət ittihamı ilə 12 ildən 20 ilədək həbs cəzasına məhkum edilib.
Bundan əlavə, iyunun 28-də İşgəncə Qurbanlarına Dəstək Günü ərəfəsində Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.
Sənəd müəllifləri “Tərtər işi”ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmaların zəruriliyini vurğulayıblar. Bildirilib ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib:
“Bundan sonra həbsdə olan hakimiyyət tənqidçilərinə qarşı qeyri-insani rəftarın və işgəncələrin olması barədə xəbərlər yayılıb”.
Noyabrın 1-də isə Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, dövlətə xəyanətdə şübhələndirilən şəxslərə qarşı qanundan kənar çox ciddi fiziki zorakılıqlar həyata keçirilib:
“Nəticədə biz cinayət işi başlayana qədər bir nəfər şəxs vəfat edib” .