“Tərtər işi”ndə bəraət: “Əsl vətən xainləri, işgəncə verib öldürənlərdir”

“Bu gün bizim xoş günümüzdür. Biz bunu neçə illərdir ki, gözləyirdik. Sevincli günümüzdür, bayramımızdır”.

Tərtər işi üzrə həbsdən azadlığa buraxılan Nasif Əliyevin evində ehsan verilir. Qohum-qonşu Nasifin 5 il 6 ay sonra vətənə xəyanət ittihamından bəraət almasını bayram edir.

“Sevincimin həddi-hüdudu olmadı. Səhər tezdən belə xəbəri valideynə verəndə hansı hissləri keçirər?! Bu elə bir sevincdir ki… Bütün xalq sevinir bu hadisəyə, Azərbaycan xalqı” – Nasif Əliyevin atası Mehman Əliyev deyir.

“Dünən həyəti bəzəməyə başlamışdıq. Hələ uşaq gəlməmişdi, bilmirdik gələcək. Balkondan qışqırdılar ki, Gülgəz müəllimə, Nası gəlir. Mən dırmığı, süpürgəni atdım yerə. Başladım hönkür-hönkür ağlamağa. Axı mən çatdırmadım. Mən axı axıra qədər heç nə eləməmişəm. Mən axı bayraq asmalıydım. Mən şarlar asmalıydım. Ancaq çatdırdıq. Çox sevindim ki, az da olsa, nəsə elədik” – Nasif Əliyevin müəllimi deyir.

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı dekabrın 6-da yeni məlumat yayıb. Məlumata görə, dövlətə xəyanət ittihamı üzrə həbs edilənlərdən 19 şəxsin təqsirləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib. 

“Cavanlığı getdi həyatdan, cavanlığı. 5 ili güdaza getdi. Çəkdiyi iztirablar, çətin həyatı… O şəxslər ki, bu işgəncəni verdilər, bu hərəkəti etdilər, onlar düşünməli idilər. Xalqın balasını belə etmək olmaz. İşgəncə vermək olmaz. Əgər sən vətən xaini axtarırdınsa, birinci özündən başlamalı idin. Əsl vətən xaini işgəncə verib öldürənlər, təşkilatçı olanlardır”.

Nasif Əliyev istintaq dövrü davam etdiyindən müsahibə vermək istəməyib. Atası Mehman Əliyev deyir ki, onun səhhətində hazırda ciddi problem görünməsə də, sinir sistemi ilə bağlı narahatlıqları var. 

2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib. Sonradan dindirilmələr zamanı 10-a yaxın şəxsin işgəncələr nəticəsində öldüyü aşkarlanıb. Ailələrin uzun illər davam edən  etirazlarından sonra 2021-ci ilin dekabrında Tərtər işi ilə bağlı istintaq yenidən başlanıb.

Ana səhifəVideo“Tərtər işi”ndə bəraət: “Əsl vətən xainləri, işgəncə verib öldürənlərdir”