5 ildən çox vaxt keçəndən sonra bu şəxslərin günahsızlığı bəlli oldu
2017-ci ilin mayında “Tərtər işi” üzrə həbs olunub, dövlətə xəyanət və başqa ağır ittihamlarla 7 ildən 20 ilə qədər həbs cəzasına məhkum edilmiş 19 nəfər üstündən 5 ildən çox vaxt keçəndən sonra bəraət alaraq azadlığa buraxılıb.
Bu barədə dekabrın 6-da Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə məlumat verilib. Sözügedən 19 nəfərin hamısı azadlığa buraxılıb. Eyni zamanda, onların hamısına dövlətə xəyanət ittihamı üzrə bəraət verilib. Ümumiyyətlə, azadlığa buraxılan 19 nəfərdən 10-u tam bəraət alıb, 9 nəfər haqqında cinayət işinə isə hərbi xidmət əleyhinə bəraətverici olmayan əsaslarla xitam verilib.
Bundan başqa, dindirmələr zamanı işgəncə altında öldürülən Mehman Hüseynov və Elxan Ağazadə haqqında da yeni qərarlar qəbul olunub. İstintaq belə nəticəyə gəlib ki, onların təqsiri sübuta yetirilməyib və barələrindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir.
Müdafiə Nazirliyinin Ağdam, Tərtər, Beyləqan istiqamətində hərbi qulluqçulara qarşı işgəncələrlə bağlı istintaq isə davam edir.
2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra Baş prokurorun məktubu əsasında sentyabrın 30-da Ali Məhkəmənin Plenumu dövlətə xəyanət və başqa ağır ittihamlarla uzunmüddətli həbsə məhkum edilmiş şəxslərdən 19 nəfər haqqında vaxtilə apelyasiya və Ali Məhkəmənin çıxardığı qərarları ləğv etmişdi.
Ali Məhkəmənin Plenumu qərar verdi ki, bu şəxslərin işlərini Gəncə Apelyasiya Məhkəməsi yenidən araşdırsın.
Sözügedən 19 nəfərin işi üç qrup şəklində apelyasiya instansiyasına göndərildi. Gəncə Apelyasiya Məhkəməsində onların işinə baxıldı və hamısı haqqında Tərtər Hərbi Məhkəməsinin vaxtilə çıxardığı ittiham hökmü ləğv edildi. İş təkrar araşdırma üçün Gəncə Hərbi Məhkəməsinə göndərildi. Bu məhkəmə də onların işlərini istintaqa qaytardı. İstintaq da onların təqsirsiz olduğu qənaətinə gəlib, azadlığa buraxdı.
Bu iş üzrə icraat yenilənəndən sonra aralarında general və polkovniklər də olmaqla, 12-dən çox adam “Tərtər işi”ndə işgəncə vermək ittihamıyla həbs edilib.
Zərərçəkmişlər isə əsas keçmiş korpus komandiri, general Hikmət Həsənov, Hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfahət İmranov və digər şəxslərin cəzalandırılmasını tələb edirlər.